Daktil əl əlifbası latın qrafikasına uyğunlaşdırılmalıdır”

 

Fəlsəfə doktoru Dilarə Dostuzadə: “Eşitmə problemli şagirdlərə sadələşdirilmiş latın qrafikalı daktil əl əlifbası təqdim olunmalı, şagirdlər çətinlik çəkmədən bir-biri ilə düzgün, rabitəli və sürətlə danışmağı öyrənməlidirlər”

 

Təhsil sistemində son illər aparılan islahatlarla əlaqədar olaraq karların təhsil və tədris prosesində latın qrafikalı daktil əl əlifbasına keçməsi də mühüm məsələlərdən biridir. Respublikamızda 1992-ci ildən başlayaraq latın qrafikasına keçilməsinə baxmayaraq, karların kiril daktil əl əlifbası hələ də dəyişməyib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərə toxunacağıq.

Təhsil Problemləri İnstitutunun inklüziv təhsil şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Dilarə Dostuzadə hesab edir ki, həmin daktil əl əlifbasının dəyişdirilməsinə ehtiyac olduğu halda, bu günə qədər toxunulmaz qalıb. Yəni məktəblərdə əlifbanın yazı işarələri latın qrafikası ilə yazılır, əl işarələri isə daktil kiril əl əlifbası ilə göstərilir: Kar - zəifeşidən və sonradan karlaşmış uşaqların internat məktəblərində apardığımız tədqiqat işi sübut etdi ki, latın qrafikası ilə yazıb, kiril əl işarələri ilə daktili göstərmək, şagirdləri hazırkı dövrdə çətinliyə salır. Yazılış ilə daktil əl işarələri uyğun gəlmir. Bu boşluğu doldurmaq üçün yeni əlifbanı - “Latın qrafikalı daktil əl əlifbası”nı hazırlayıb, 10.09. 2001-ci ildə institutda iclas keçirərək xüsusi məktəb müəllimlərinin və baxça tərbiyəçilərinin müzakirəsinə verdik (müəlliflər prof. S.Ə.Qasımov, D.Ə.Dostuzadə). Kar uşaqlar üçün respublika 3 nömrəli internat məktəbinin, zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün internat məktəbinin müəllimləri, BPKİ və YH İnstitutunda təhsil alan deffektoloq-müəllimlər yeni hazırlanmış “Latın qrafikalı daktil əl əlifbası”nı bəyənərək rəy veriblər”.

Təhsil Problemləri İnstitutunun Elmi Şurasının 27.05.2005-ci il tarixli iclasının 06 nömrəli protokolundan çıxarış, Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutundan 27.0.2006-cı il tarixli məktubla Azərbaycan Dövlət Pedaqoji Universiteti nəşriyyatın direktoru H.Hacıyevə ünvanlanıb.

-Burada əsas uyğunsuzluq nədir?

-Hazırda kiril daktil əl işarələri lazımi tələbatı ödəmir. Çünki köhnə kiril əl işarələri daktil, latın qrafikasına uyğun gəlmir. Bunları nəzərə alaraq daktil əl əlifbası latın qrafikasına uyğunlaşdırılmalıdır. Karların yeni latın qrafikalı daktil əl əlifbası və metodik vəsait 2001-ci ildə hazırlanıb. Təqdim etdiyimiz əlifbada 22 kiril qrafikalı daktil əl işarəsi dəyişilib. Doğrudur, yeni əlifba ilə bağlı ilk günlər müəyyən qədər çətinliklər olacaq, amma o qədər də yox. Amma kar və zəif eşidən məktəbin müəllimləri tədris zamanı öz üzərlərində işləmək əvəzinə kiril daktil əl əlifbasını üstün tutaraq, “keçmiş kar uşaqlar bu əlifbadan istifadə edə bilməzlər” deyib, bu günə kimi kiril daktil əl əlifbasından istifadə edirlər. Yazılı nitq latın qrafikası ilə, şifahi nitq isə kiril daktil əl əlifbası ilə tədris olunur. Karların yeni latın qrafikalı daktil əl əlifbasındakı hərflərin bir qismi kiril əlifbasında olduğu kimi eyni şəkildə yazılır, kiril daktil əl əlifbası ilə də göstərilir və eyni cür də tələffüz olunur, bir sözlə, eyni vəzifəni daşıyır. Məs.: Aa, Dd, Əə, Ee, Ff, Xx, Kk, Mm, Oo, Öö.

Bu hərflərin yazılışı uşaqlara çətinlik törətmir, bəzi hərflərin kiril əlifbasındakı eyni olsa da vəzifələri dəyişməyib. Yalnız indiyə kimitekimi tanıdığımız hərf indiem” vəzifəsini ifa edir. Beləliklə, yeni latın qrafikalı daktil əl işarələri bunlardır. Bb, Cc, Çç, Gg, Ğğ, Hh, İi, Iı, Jj, Qq, Ll, Nn, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Yy, Zz (müvafiq işarələrlə hərflərin yanında verilir).

Bu yeni hərflərlə və daktil əl işarələrinə diqqət verilməlidir. Qeyd etdiyimiz kimi, hazırda məktəblərimizdə tədris olunan latın qrafikalı əlifbada yazı hərfləri latın qrafikası ilə yazılır və daktil əl işarələri isə kiril əlifbası ilə göstərilir. Buna görə də şagirdlər çətinlik qarşısında qalırlar.

-Səhv törədən səbəblər hansılardır?

- Burada səhvləri törədən səbəblər bunlardır:

1)            Bəzi daktil əl işarələrinin latın qrafikasına uyğunlaşdırılmaması.

2)            Kiril daktil əl əlifbasından latın qrafikalı əlifbaya keçilməməsi.

3)            Əl işarələrinin oxşar işarələrlə əvəz edilməməsi.

4)            Daktil əl işarələrini fərqləndirə bilməməsi.

Kar uşaqlar məktəbinin I siniflərində sözlü nitq vərdişlərinin aşılanmasına şərait yaratmaq zəruridir. Məlum olduğu kimi, karlar məktəbinin ibtidai siniflərində təlim işinin gedişində daktil əl əlifbası üzrə dodaqdan oxu əsas yer tutur. Yəni daktillə yazılan sözləri müəllim şagirdlərə əyani olaraq göstərir. Şagirdlər hərflərin necə yazılmasını görür və müəllimlə birlikdə bu hərfləri yazmağa başlayırlar. Daktilə əsasən şifahi nitq tədris edilir. Kar uşaqların şifahi nitqə yiyələnməsini daktil asanlaşdırır. Şifahi nitqi öyrədən zaman müəllim ilk növbədə əsas diqqəti latın qrafikalı daktil əl işarələrinin öyrədilməsi işində müəllim və şagirdlər arasında vahidlik prinsipi gözlənilməlidir. Şagirdlərin daktil əl əlifbasını bilməsi və oxunun daktil əl işarələri ilə aparılması müəllim tərəfindən vaxtaşırı yoxlanılmalıdır. Tədris işinin gedişində sadə və mürəkkəb daktil əl işarələrindən ibarət olan məşq və yoxlama işlərinin aparılması məqsədəuyğundur. Kar uşaqların yaxşı oxuması üçün daktil əl işarələrindən tez-tez istifadə edilməlidir. Bu işarələrdən müntəzəm istifadə etdikdə, oxunun səviyyəsinə müsbət təsir edir. Müəllim daktil əl işarələrinin bəzisindən düzgün istifadə etmədikdə, yəni səthi şəkildə istifadə etdikdə şagirdlərin biliyi zəif olur. Müəllim çox vaxt elə bilir ki, uşaq dodaqdan oxuya bilir, ona görə də daktil əl işarələrindən yarımçıq istifadə edir. Müəllim tədrisin gedişində şagirdlərə sözləri və cümlələri aydın daktil əl işarələri ilə göstərməyə çalışmalıdır. Hər bir uşaq düzgün, aydın, səlis nitqə yiyələnmək üçün latın qrafikalı əl işarələrindən istifadə etməyi, eyni zamanda sözləri düzgün tələffüz etməyi bacarmalıdır.

Daktil əl işarələri ilə danışığın yaxşı mənimsənilməsi yazılı və şifahi nitqin inkişafına kömək edir. Təcrübəyə müraciət edək. (2001-2002-ci illər). Zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün internat məktəbinin ixtisasca defektoloq, ibtidai sinif müəllimi mərhum Zərifə Dadaşovanın sinfində apardığım tədqiqat zamanı bildirdi ki, “Heçə illərdir ki, biz müəllimlər şagirdlərin qarşısında ikili vəziyyətdə qalmışıq. Yəni hərfləri latın qrafikası ilə yazırıq, kiril əl işarələri ilə döstərirdik. Mən 2 ildir ki, yeni latın qrafikalı daktil əl əlifbasından istifadə edirəm, nəticəsi də yaxşıdır”. Yeni latın qrafikalı əl əlifbası ilə kar uşaqlar dünyada yaşayan türk dilli xalqlarla ünsiyyət yarada biləcəklər. Eşitməyən və eşitməsi zəif olan uşaqlar daktil əl əlifbasından istifadə edərək öz fikirlərini şifahi olaraq başqalarına çatdıra biləcəklər. Təlimin ilk günlərindən tədris prosesi zamanı şagirdlərə yeni daktil əl əlifbasının vərdişləri düzgün aşılanmalıdır. Kar və zəifeşidən uşaqların təhsil aldığı məktəblərdə ilk növbədə pedaqoji kollektiv latın qrafikalı əl əlifbası əsasında hazırlanmış əlifbanı öyrənməlidirlər. Yalnız bundan sonra yeni əlifbanın əl işarələrini şagirdlərə öyrətmək mümkündür. Bütün fənlər latın qrafikalı daktil əl əlifbası əsasında tədris edilməlidir. Kar və zəifeşidən uşaqlar üçün nəzərdə tutulan məktəblər bütövlükdə yeni latın qrafikalı əl əlifbası üzrə fəaliyyət göstərməlidir (Artıq 23 ildir latın qrafikasına keçilb).

Eşitmə problemli şagirdlərə sadələşdirilmiş latın qrafikalı daktil əl əlifbası təqdim olunmalı, şagirdlər çətinlik çəkmədən bir-biri ilə düzgün, rabitəli və sürətlə danışmağı öyrənməlidirlər.

Anar Miriyev

Palitra.-2015.-20 noyabr.-S.11.