“Texniki və riyazi sahələrdə Azərbaycandakı təhsil
Türkiyə təhsilindən güclüdür”
Vəfa Qurban: “Sovet İttifaqı
və Türkiyə arasındakı münasibətlər
haqqında bir kitab
hazırlayıram”
Azərbaycanımızı
təmsil edən diaspor nümayəndələrimiz
arasında elm və təhsil adamları da az deyil.
Onlardan biri isə
Türkiyənin İzmir şəhərində
Dokuz Eylül və İzmir Ekonomi universitetlərində
müəllim kimi çalışan Vəfa
Qurbandır. Vəfa xanım bu
yaxınlarda dosentlik imtahanını
müvəffəqiyyətlə verərək, dosent
adına yiyələnib. Onunla təhsil
sahəsindəki fəaliyyəti və fikirləri barədə
söhbətləşdik.
- Öncə
aldığınız təhsil, elmi fəaliyyətiniz
barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Vəfa Qurban Türkiyənin İzmir şəhərində Dokuz Eylül və İzmir Ekonomi universitetlərində müəllim işləyirəm. 1992-ci ildə Böyük Tələbə Layihəsi ilə Azərbaycandan Türkiyəyə gedən tələbələrdənəm. Burada Ege Universitetində Tarix bölümünü bitirdikdən sonra, eyni universitetin Sosial Elmlər İnstitutunda Türkiyə Cümhuriyyəti tarixi üzrə magistr və doktorantura təshilini almışam. Ondan sonra da universitetdə Türkiyə tarixi, türk dövlətləri tarixi, Rusiya tarixi dərslərini verirəm. Eyni zamanda Türkiyə-Rusiya münasibətləri ilə bağlı araşdırmalar aparıram. Bir neçə həftə əvvəl də dosentlik imtahanını müvəffəqiyyətlə verib, dosent adı almaq haqqı qazanmışam.
- Təhsil
aldığınız ixtisasın və elmi
sahənin Azərbaycan üçün
aktuallığını necə ifadə edərdiniz?
- İxtisasımın aktuallığını soruşursunuz, mən bu suala Atatürkün sözləri ilə cavab vermək istəyirəm: “Tarixini bilməyən millətlərin coğrafiyalarını başqaları cızar”. Bir gözəl söz də var, tarix təkrarçılıqdan ibarətdir. Mehmet Akif Ersoy da deyib ki, əgər ibrət alınsaydı, hadisələr təkrar olunardımı? Yaşananlardan dərs çıxarmalıyıq ki, eyni hadisələr təkrarlanmasın. Məncə, nə demək istədiyimi anladınız. Bəlkə bir tibb, ya da hüquq ixtisasları qədər “aktual” olmasa da, tarix bilgisi hər zaman lazımdır və hər ölkədə bu dərslər verilir.
- Bu sahə
üzrə xarici ölkələrdə
aparılan tədqiqatlarla əAzərbaycandakı tədqiqatlar
arasında hansı fərqli və ümumi
cəhətlər var? Ümumiyyətlə,
Türkiyə və Azərbaycanın təhsil sistemlərini
müqayisə edərkən, hansı məqamları daha çox
vurğulayardınız?
- Mən Azərbaycanda orta məktəbi bitirmişəm, ona görə də oradakı universitetlərdəki təshil sistemi ilə buradakını müqayisə etmək mənim üçün bir az çətindir. Ancaq diqqətimi çəkən önəmli bir xüsusiyyət var: bəzi sahələrdə, özəlliklə, texniki, riyazi sahələrdə Azərbaycandakı təshil buradakından daha güclüdür.
Türkiyəyə Azərbaycandan və eləcə də dünyanın hər yerindən tələbə gəlməkdədir. Buraya gələn tələbələr əgər imtahan yolu ilə gəlirlərsə, problem olmur, ancaq başqa yollarla, müəyyən şəkildə təhsil məqsədi ilə buraya gələn tələbələr təhsil dönəmində çətinliklərlə qarşılaşırlar.
Türkiyədən məzun olan bəzi dostlarımız hal-hazırda Azərbaycanda önəmli işlərdə çalışmaqdadırlar, bəziləri müəllim, bəziləri həkim, bəziləri mühəndis kimi fəaliyyet göstərir. Bu da təbii ki, sevindirici bir haldır.
- Təhsil və elmlə
bağlı mütəxəssis kimi daha hansı çalışmalarınız var?
- Mən hal-hazırda Sovet İttifaqı və Türkiyə arasındakı münasibətlər haqqında bir kitab hazırlayıram. Daha öncə də “Nəriman Nərimanov və Türkiyə siyasəti”, “Nobellər, Nobel mükafatı və Bakı nefti” adlı kitablarım yayımlanıb. Mahmud İsmayılovun “Azərbaycan tarixi” kitabını Türkiyə türkcəsinə çevirmişəm. Həm Türkiyə, həm də Azərbaycan adına faydalı olacaq çalışmalar hazırlamağa çalışıram.
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri
tövsiyə edərdiniz?
- Elm sahəsində çalışanlarımıza da öncə işlərini sevmələrini, ya da sevdikləri işlə məşgul olmalarını məsləhət görürəm. O zaman uğurları daha çox olar.
İlkin AĞAYEV
Palitra.-2015.-20 noyabr.-S.6.