Ustad
Görkəmli nasir və kinodramaturq
Əhmədağa Muğanlının xatirəsinə
Əhmədağa Qurbanov və ya Əhmədağa Muğanlı... Həmişə bu ad çəkiləndə ilk növbədə “Dağlarda döyüş”, “Od içində vahə”, “Atları yəhərləyin”, “Doğma sahillər” bədii filmləri, “Şəhriyar əfsanəsi”, “Ömürdən yeddi yarpaq”, “Dağ dağa söykənər” kitabları yada düşür. Eləcə də milli kino tariximizdə “Dağlarda döyüş” filmindən söz düşəndə Əhmədağa Muğanlının işıqlı, nurlu siması onu tanıyanların gözü önündə canlanır.
... Bizim tay-tuşlarımızın çoxu hələ orta məktəb illərində “Dağlarda döyüş” filminə dəfələrlə baxmışdı. Filmin qəhrəmanı Fərruxun qaçaqmalçılıq edərək dövlət sərhədini pozan doğma atası ilə əlbəyaxa olması, ona güzəşt etməməsi və əqidə naminə cəsarətli qərarı, dürüstlüyü hamını heyran qoymuşdu. Xüsusilə bu bədii film doğma vətənin keşiyində ayıq-sayıq durmağı, hərbi xidmətin nə qədər məsuliyyətli və şərəfli iş olduğunu aşıladığına görə çağırışçı gənclər arasında böyük maraq doğururdu. İlkin məlumata görə o zaman SSRİ məkanında 22-23 milyondan çox tamaşaçı bu filmə baxmışdı.
Çox sonralar öyrəndim ki, Əhmadağa müəllim gənc yaşlarında sərhəd qoşunlarında hərbi xidmətdə olub. “Dağlarda döyüş” də elə onun hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı “Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılan ilk kino-ssenarisidir... Yetmişinci illərin ortalarında Əhmədağa Muğanlının yalnız bir əsərini - “Şəhriyar əfsanəsi” povestini oxumuşdum. Etiraf edim ki, bu povest məndə ədəbi yaradıcılığa böyük həvəs yaradan əsərlərdən biri olub.
Hərbi xidmətdən sonra universitetin Jurnalistika fakültəsinə daxil olanda Əhmədağa Muğanlı ilə yaxından tanış olacağımı xəyalıma da gətirməzdim. Bakıda yaşayan həmkəndlimiz, atamın xalası oğlu Sosialist Əməyi Qəhrəmanı, Əməkdar inşaatçı Məmməd Hüseynovun (biz hamımız ona Ağa deyə müraciət edərdik) Əhmədağa müəllimlə çox möhkəm dostluq əlaqəsi vardı. Onların hər ikisi dəfələrlə Bakı şəhəri Oktyabr rayon XDS-yə deputat seçilmişdi. Günlərin bir günü Ağa mənim mətbuatda çap olunan yazılarımın bir-ikisini gözdən keçirəndən sonra Əhmədağa müəllimə zəng elədi: “Mənim bir xalam nəvəsi var, xahiş edirəm yazılarını oxuyub ona düzgün istiqamət verəsən...”
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının həyətində Əhmədağa müəllim məni çox səmimi və mehriban qarşıladı. “Ağanın (yəni Məmməd Hüseynovun -N.Ə) özünün də maraqlı həyat hekayəsi var” -deyib bir anlıq fikrə getdi. O an Əhmədağa müəllimin ürəyindən nələr keçdiyini deyə bilmərəm. Amma hiss etdim ki, Ağa dediyimiz Məmməd Hüseynovla dostluqlarının mayasında HALAL yolla qazandıqları duz-çörəyə xətir-hörmət dayanır. O gün Əhmədağa müəllim mənim utana-utana təqdim etdiyim “Yandırılmış ürəklər” adlı kino-povestimin əlyazmasını çantasına qoydu. Sonra ev telefonunu və ünvanını yazıb mənə verdi: “Bir -iki günə oxuyub fikrimi bildirərəm”dedi.
Böyük həyəcan keçirirdim: “Görəsən, Əhmədağa müəllim yazım barədə nə fikir deyəcək?”. Kino-povest adlandırdığım yazımı orta məktəb yoldaşlarım Zülfiyyə, Səfər və Şəkinin əziz xatirəsinə həsr etmişdim. Məktəbi bitirər-bitirməz onların bir-birinin ardınca qəfil ölümü çoxumuzun ürəyini yandırıb-yaxmışdı. Mən də bu hadisədən çox təsirlənmişdim, hərbi xidmətdə olduğum müddətdə imkan tapandan-tapana “Yandırılmış ürəklər”i yazmışdım...
Bir həftədən sonra Əhmədağa müəllimə zəng
elədim. Salam-kalamdan sonra o, məni evinə dəvət etdi. Bir xeyli
söhbət etdik.
Əhmədağa müəllimin səmimi
təbəssümü, sadə
həyat tərzi, qayğıkeşliyi və
səbirli KİŞİ obrazı
səsiylə-söhbətiylə birlikdə yaddaşıma
əbədi həkk oldu. Yazım barəsində yalnız bunu dedi: “Görünür,
bu mövzunu işləyəndə baxdığın
hind filmlərinin təsirindən
çıxa bilməmisən...”
O, bu fikri yaşıl qələmlə
əlyazmamın bir qırağına da yazmışdı. “Çalış, əvvəlcə
kiçikhəcmi hekayələr
yaz!” - deyə
məsləhət və
tövsiyələri ilə
mənən ruh verdi.
Əhmədağa müəllimin o “bir saatlıq yaradıcılıq
dərsindən” sonra hekayələr yazdım. Üç sənədli
filmin ssenari müəllifi oldum. Hətta aradan bir müddət keçəndən sonra ustadın “Ağanın da maraqlı həyat hekayəsi var” fikrindən bəhrələnib dostu Məmməd Hüseynov haqqında “Bizim Ağamız” kitabını,
“Halal adam” sənədli povestini də yazdım. Onların hər ikisi mayın 10-da dünyaya göz açmışdı
və hər ikisi də 2001-ci ildə - Ağa 74, Əhmədağa müəllim
75 yaşında bu dünyaya vida etdi.
Əhmədağa müəllim cəfakeş
qələm sahibi kimi çox dəyərli keyfiyyətlərə
malik sənətkar idi. Onun istər kinematoqrafiya,
istər ədəbiyyatdakı
yaradıcılığında elə bir əsəri
yoxdur ki, orada vətənərvərlik,
torpağa məhəbbət,
insanın yaşadığı
el-obaya fayda vermək kimi keyfiyyətləri önə
çəkilməsin. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin təbirincə
desək, ömrünü
milli kinomuzun inkişafına həsr edən Əhmədağa
Muğanlı “qələminin
fəhləsi olub, şəxsiyyəti ilə
yaradıcılığı vəhdət təşkil
edirdi”. Bəli, şəxsiyyətlə yaradıcılıq vəhdəti
hər əhli-qələmə
nəsib olmayan mənəvi ucalıqdır.
46 il kinostudiyada ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli
və Elmi-Kütləvi
Filmlər Birliyinin baş redaktoru vəzifələrində çalışan
Əhmadağa müəllim
bir çox Azərbaycan filmlərinə,
o cümlədən “O olmasın,
bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”,
“Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”,
“Sevinc buxtası”. “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami”, “Əlaqə” bədii filmlərinin, çoxlu sayda sənədli filmin və dövri kinojurnalların redaktoru olmuşdu.
Xalq şairi
Süleyman Rüstəmlə
birlikdə yazdıqları
ssenari əsasında ekranlaşdırılan, el qəhramanı
Qaçaq Nəbidən
bəhs edən “Qanlı zəmi” (“Atları yəhərləyin”)
tarixi-macəra filminə
görə Dövlət
Mükafatına layiq görülmüşdü.
Əməkdar mədəniyyət işçisi
fəxri adı da Əhmədağa Muğanlının halalca
haqqı idi, çünki o, həmişə
gənc nəslə, özünün mənəvi
varislərinə milli
kimliyimizə, tariximizə,
klassik ədəbiyyatımıza,
musiqimizə yorulmadan sevgi hissi aşılayan
böyük RUH yiyəsi
idi. Bu gün onun yaradıcılıq yolunu oğlu Araz və nəvəsi
Nigar xanım davam etdirir. Araz Qurbanov tanınmış
araşdırmaçı - jurnalist, elmi işçidi, Nigar Rzayeva isə Azərbaycan televiziyasında
(Az.Tv -də ) redaktordu.
Araz Qurbanov həm də gözəl müsahibdir. Azərbaycan ədəbiyyatını
fransızdilli xarici ölkələrdə təbliğ
edən mərhum tərcüməçi -alim
Əziz Gözəlsoyla
onun dəfələrlə
maraqlı söhbətlərinə
şahid olmuşam.
O vədələrdə Araz,
səhv etmirəmsə,
Milli Təhlükəsizlik
Nazirliyinin mətbuat xidmətinin rəhbəri
idi. Əziz müəllimin böyük
oğlu Nasir Qarabağ uğrunda döyüşlərdə - Daşaltı
əməliyyatı zamanı
itkin düşmüşdü.
Hər dəfə görüşəndə, itkin
əsgərlərdən, əsirlikdə
olanlardan söz düşəndə, Nasir
barədə xatirələrimiz
dil açardı... İllər sonra bu qəmli söhbəti
Qarabağ müharibəsində
itkin düşmüş
Azərbaycan əsgərlərinə,
o cümlədən Nasirə
həsr etdiyim romanımda belə təsvir etdim:
"Yazıçı Əhmədağa
Muğanlının yas
mərasimində Ziya ilə birlikdə iştirak etdilər, Əziz müəllim həm mərhumla, həm də onun jurnalist oğlu Arazla möhkəm dost idi. Məşhur "Dağlarda
döyüş" filminin
ssenari müəllifi olan yazıçının
şəhər qəbiristanlığındakı
məzarı önündə
kövrək xəyala
dalan Əziz müəllim qeyri-ixtiyarı
pıçıldadı: -Kaş
Nasirin də bu dünyada bir məzarı olaydı, qurbanlar kəsib, ehsanlar verərdim. Bu, mənə
ən böyük təsəlli olardı...
- Sonra Arazla Ziyanın uca boy-buxununu süzüb, - Nasir də sizin
kimi ucaboydu. Siz lap qədim Muğan cəngavərlərinə
bənzəyirsiniz. Bizim xırmandalılar
tayfasının adamları
Şah İsmayıl Xətainin qoşunlarının
ən cəsur döyüşçüləri olublar.
...Qırxdan sonra birlikdə oturub xeyli dərdləşmişdilər."
("Qara sarmaşıq"
kino-romanı" səh
251, Bakı, "Nurlan"
-2008-ci il)
Anadan olmasının
90 illiyi ərəfəsində
ustad sənətkarımız,
yazıçı və
kinodramaturq Əhmədağa
Muğanlını bu
kiçik yazımla xatırlamağı özümə
mənəvi borc bildim. Şübhəsiz ki,
o, öz sənəti
ilə - nəsr əsərləri, ssenariləri
üzrə çəkilmiş
filmlərlə milli kinomuzun tarixində əbədi yaşayır...
Ruhuna və şəxsiyyətinə
böyük ehtiramla,
Nurəddin
Ədiloğlu
yazıçı-publisist.
Palitra.-2015.-24 noyabr.-S.13.