“Keyfiyyətli təhsil alan hər bir gəncin ölkənin gələcək inkişafında böyük rolu var

 

Ramil Əzməmmədov: “Kənd təsərrüfatı müəssisələrinin elmi-tədqiqat mərkəzləri və universitetlərlə sıx əlaqədə olması

vacibdir

 

Xaricdə təhsil alan gənclərin vətənə dönüb, öz bilik və bacarıqlarını tətbiq etmələri effektiv nəticədir. Əslində, onların xaricə təhsil üçün getmələrində də məqsəd budur. Elə müsahibimiz Ramil Əzməmmədov da bu baxımdan nümunə göstəriləsi gənclərimizdəndir. Qeyd edək ki, R.Əzməmmədov 1986-ci ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub. Orta təhsilini Ağdaş Rayon 7 saylı məktəbdə alıb. Bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində alıb. İlk magistr təhsilini 2009-2010-cu illərdə ADAU İstehsal sahələrinin idarə edilməsi fakültəsində, növbəti magistr təhsilini isə BMT-nin FAO təqaüd proqramı çərçivəsində 2010-2012-ci illərdə Macarıstanın Szent İstvan (SZIE) Universitetində Kənd təsərrüfatının inkişafı və idarə edilməsi fakültəsində alıb. 2012-2015-ci illərdə Macarıstanda öz ticari şirkətini quraraq Azərbaycan məhsullarının Avropa Birliyi ölkələrinə satışını təşkil edib. Bir neçə aydır ki, Azərbaycana qayıdıb və hazırda “Azərsun Holding”də Layihə Nəzarətçisi (Project Supervisor) vəzifəsində çalışır.

-Xaricdə təhsil zamanı öyrəndiklərinizi hazırda hansı formada ölkəmizdə tətbiq edirsiz?

-Azərbaycanda hazırkı işimə yeni başladığıma görə, hələ öyrəndiklərimi tam tətbiq etməyə fürsət olmayıb. İlkin müşahidələr onu göstərir ki, xaricdə aldığım təhsil və qazandığım təcrübəsi burdakı işimdə mənə məsələlərə ənənəvi üsullardan fərqli yanaşmağa kömək edəcək. Orada qazandığım təcrübəni hazırkı mövcud şəraitə uyğunlaşdıraraq tətbiq etməyi planlaşdırıram.

-Azərbaycan məhsullarının Avropada satışını təşkil edibsiniz. Ümumiyyətlə, Azərbaycan məhsulları Avropada nə dərəcədə qəbul olunur?

-Doğrudur, təxminən 3 ilə yaxın Avropanın bir neçə ölkəsində (İsveç, Almaniya, Polşa və Macarıstan) Azərbaycanın nar sularının satışını təşkil etdik.

Avropada Azərbaycanı əsasən neft və qazına görə tanıyırlar. Təbii ki, bununla kifayətlənmək olmazdı. İştirak etdiyim beynəlxalq tədbirlərdə, keçirdiyim görüşlərində hər zaman Azərbaycanın digər təbii sərvətləri və məhsullarını tanıtmağa çalışırdım. Macarıstanda yaşadığım müddətdə nisbətən məqsədimə çata bilmişdim. Macar mətbuatında mənim haqqımda çıxan müsahibəyə başlıq olaraq “Azərbaycan və Macarıstan arasında nar körpüsü quran Ramil Əzməmmədov” seçmişdilər. Mənimlə görüşəndə artıq Azərbaycanın neft-qazından deyil, nar suyundan danışmağa başlayırdılar. Bu da sevindirici haldır.

Nar suyu avropalılar üçün tanış məhsul olmamasına baxmayaraq, bizim nar suları müştərilər tərəfindən sevilirdi. İştirak etdiyimiz beynəlxalq tədbirlərdə stendimizə yaxınlaşıb məhsulumuzun dadına baxanlar hər zaman məmnunluğunu ifadə edir və müştərimizə çevrilirdi.

-Bizim məhsulların Avropa bazarına çıxarılması proseduru necədir?

-Əslində, bu çox geniş mövzudur. Bu barədə yeni satışa çıxacaq kitabımda ətraflı məlumat əldə etmək mümkün olacaq. “AB və Macarıstan Meyvə Suyu Bazarına Giriş - Access to the EU and Hungary Fruit Juice Market” kitabında Avropa Birliyindən kənar ölkələr öz məhsullarını Avropa bazarına necə çıxara bilər, hansı prosedurlardan keçməlidir, məhsul hansı şərtlərə cavab verməlidir və s. məlumatlar var. 3 il bu sahədə təcrübəsi olan biri kimi əminliklə deyə bilərəm ki, bu kitab AB ölkələrinə məhsullarını satmaq istəyən şirkətlər üçün çox faydalı olacaq. Ümid edirəm ki, şirkətlərimiz bu təcrübədən faydalanar və məhsullarımızı AB bazarına çıxararlar.

-Siz kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssissiniz. Dövlət başçısı son müşavirədə kənd təsərrüfatı sektorunun da inkişaf etdirilməsini vacib saydı. Sizcə, kənd təsərrüfatı sektorunda dönüş etmək üçün hansı addımlar atılmalıdır?

- Kənd təsərrüfatı ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətli sektordur. Kənd təsərrüfatı ölkənin ümumi daxili məhsulunun formalaşmasında mühüm rol oynayır. Bu sektor təkcə bizi qidaxammal ilə təmin etmir, eyni zamanda əhalinin böyük bir qismini məşğulluq imkanları ilə təmin edir. Əmək qabiliyyətli əhalinin çox hissəsi bu sektorda çalışır. Bu da ölkənin iqtisadi inkişafına öz töhfəsini verir. Nəticədə milli gəlir səviyyəsi, eləcə də insanların yaşayış standartı artır. Kənd təsərrüfatı sektorunun sürətli inkişaf tempi ölkə iqtisadiyyatı üçün perspektivlər ortaya çıxaracaq.

Bu sektorda dönüş etmək üçün öncə sektorun əhəmiyyətini hər kəsə anlatmaqbu sektoru sevdirmək lazımdır. Düşünürəm ki, yuxarıda sadaladığım faktlar aqrar sektorun vacibliyini başa düşmək üçün yetərli olacaq. Bu sektoru sevdirmək üçün isə məktəblərdən başlanmasını tövsiyə edərdim. Eyni zamanda regionlarda Göyçayda keçirilən Nar Festivalına bənzər kənd təsərrüfatı festivallarının və sərgilərinin keçirilməsi xalq arasında aqrar sektora qarşı marağın artmasına təkan verəcək.

Bu sektorda dönüş etmək üçün ən vacib addımlardan biri də ixtisaslı kadr çatışmazlığı problemini həll etməkdir. Əmək qabiliyyətli əhalinin çox hissəsi bu sektorda çalışmasına baxmayaraq, təəssüf ki, bu sektorda günümüzün tələblərinə cavab verən mütəxəssislərin sayı azdır. Bu səbəbdən xaricdən mütəxəssislər gətirilir. Bu isə müəssisələrimiz üçün iqtisadi baxımdan əlverişli deyil. Xaricdən gətirilən bir mütəxəssisin xərci ən azı beş yerli mütəxəssisin xərciylə eynidir. İxtisaslı kadr çatışmazlığı bu sektorun ən böyük problemidir. Bu problemin həllində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) böyük rolu ola bilər. Tələbələrdə bu sektora maraq oyatmaq üçün kənd təsərrüfatı sahəsində təhsil alacaq tələbələrə dövlət tərəfindən yuksək təqaüd təklif oluna bilər.

Bundan başqa bu sektora yanaşma tərzinin dəyişməsinə ehtiyac var. Sovetler dövründən qalmış ehtiyacları ödəmək yanaşma formasından çıxıb kənd təsərrüfatına biznes yönümlü yanaşmaya ehtiyac var. Bu halda daha çox məhsul istehsal etmək üçün yollar axtarılacaq. Köhnə düşüncələrlə aqrar sektoru inkişaf etdirmək mümkün deyil. Reallıq budur ki, hal-hazırda bu sektorda çalışanların çoxu yaşlı nəslin nümayəndələridir. Təəssüflər olsun ki, onların böyük əksəriyyəti müasir texnologiyaların istifadəsində çətinlik çəkirlər və yeniliyə qarşı olub, özlərinin bildikləri ənənəvi üslübdan başqa bir yeni üslubu qəbul etmirlər.

Yenilik dedikdə, təkcə müasir texnologiyaların tətbiqi kifayət etmir. Araşdırma və dünya təcrübəsinin öyrənilib yerli şəraitə görə uyğunlaşdırıb tətbiq edilməsi vacibdir. Kənd təsərrüfatı müəssisələrinin elmi tədqiqat mərkəzləri və universitetlərlə sıx əlaqədə olması vacibdir. Problemləri birgə araşdırıb həlli yollarını tapmaq və məhsuldarlığın artırılmasını təmin etmək lazımdır.

-Xarici təcrübənin ölkəmizdə tətbiqi mümkündürmü, yoxsa yerli şəraitə görə inkişaf strategiyası seçilməlidir?

-Yuxarıda da qeyd etdiyim kimi, xaricdə qazanılan təcrübənin Azərbaycanda tətbiq edilməsi hərfiyən mümkün olmaya bilər. Təbii şəraitlərin, yerli əhalinin ixtisaslaşdığı peşələrin fərqliliyini nəzərə alaraq mən xarici təcrübənin yerli şəraitə görə uyğunlaşdırılaraq tətbiqinin tərəfdarıyam.

-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?

-Xaricdə və ya ölkə içində olsun, keyfiyyətli təhsil alan hər bir gəncin ölkənin gələcək inkişafında böyük rolu var. Xaricdə təhsilin üstünlükləri isə yenilik, fərqli yanaşma, fərqli mədəniyyətə inteqrasiyas. bu kimi müsbət keyfiyyətlərdir. Düşünürəm ki, xaricdə təhsil almış gənclər dövlətimizin gələcək inkişafının daha da sürətlənməsində böyük rol oynayacaqlar. Ölkədə bütün sahələrdə peşəkar gənc kadrlara ehtiyac var. Peşəkar gənc kadr ehtiyacının ödənilməsində xaricdə təhsil alan gənclərin rolunun böyük olacağına inanıram və hal-hazırda buna şahid oluruq.

Xaricdə təhsil alan gənclərdən gözləntilər böyükdür. Ən vacibi isə olduqları ölkədə aldıqları təhsili və təcrübəni Azərbaycana qayıtdıqdan sonra həyatında tətbiq edə bilmələridir. Təbii ki, onların bilik və bacarıqlarını tətbiq etmələri üçün yerlərində münasib şərait yaradılmalıdır.

-Macarıstanda gənclərlə bağlı hansısa fəaliyyət göstərirdizmi?

-2012-ci ilin dekabrında Macarıstanın aktiv gəncləri ilə birgə Macarıstan -Azərbaycan Gənclər Birliyini (MAGB) qurduq. MAGB-in qurulmasında əsas məqsəd iki ölkə gəncləri arasında qarşılıqlı münasibətləri artırmaqdır. MAGB olaraq Azərbaycanı tanıtmaq və iki ölkə gənclərinin inteqrasiyası üçün bir neçə tədbirlər keçirmişik. Bunlardan gənc azərbaycanlı və macar musiqiçilərinin birgə konsertini, Macarıstan hakim partiyasının gənclər təşkilatının aktiv üzvlərinin Bakıya səfərinin təşkilini və Macarıstanda Azərbaycan Turizm Günlərinin təşkilini qeyd etmək olar. İki ölkə gəncləri arasında münasibətlərin genişlənməsinə dəstəyimizi verməyə davam edirikbuna bənzər tədbirlərin təşkilini gələcəkdə də planlaşdırırıq.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-24 noyabr.-S.11.