“Peşəkar marketoloq
olmaq üçün
dil və fərqli mədəniyyətləri
öyrənməyə çalışıram”
Rəhim Məmmədov: “Dəqiqlik,
məsuliyyət, limitini bilmək və s. kimi gözəl
xüsusiyyətlər ailədən və məktəbdən
gəlir”
Xaricdə təhsil almaq üçün əcnəbi dili bilmək, bacarıqlı olmaqla yanaşı, cəsarət də şərtdir. Axı, qarşıda onları Vətəndən uzaqda tələbəlik həyatı gözləyir... Bu, həm də bir məsuliyyətdir. Çünki ümumi götürəndə dövlətin və xalqın xaricdə oxuyan gənclərdən gözləntiləri var. Elə müsahibimiz Rəhim Məmmədov da xaricdə təhsil almağın məsuliyyətini anlayaraq bu yola çıxıb. Qeyd edək ki, Rəhim Məmmədov 1988-ci ildə Zəngilan rayonunda anadan olub. 2012-ci ildə bakalavr təhsili üzrə Litvanın Kaunas Texnologiya Universitetinə daxil olub. Hazırda isə Litvanın Vilnüs Universitetinin Biznes administrasiyası fakültəsində 3-cü kurs tələbəsidir. Bu il isə Erasmus proqramı çərçivəsində Almaniyanın Karlsure şəhərindəki Karlshochschule Universitetinə 1 semestrlik təqaüdlə göndərilib. 4 dil bilir; ingilis, rus, türk və alman.
-Təhsildən əlavə
hər hansı məşğuliyyətiniz varmı?
-Bayraq kolleksiyam var. Yəni gəzdiyim ölkələrdən suvenir və kiçik bayraq yığmağı sevirəm. Gedə bilmədiyim ölkələrdən də əcnəbi dostlar öz bayraqlarını hədiyyə ediblər. Türkiyə, Ukrayna, Gürcüstan, Belarus, ABŞ, Latviya, Polşa və s. ölkələrdə yaşamışam. Onu da qeyd edim ki, müəllim ailəsinin övladıyam. Səfərlərimin çoxu biznes treninqlər olub ki, çəkilən xərclər təşkilatçılar tərəfindən ödənilib və Avropada tələbələrə xüsusi endirimlər olur. O baxımdan səfərlər ucuz olur.
-Xaricə təhsil
almağa getməmişdən əvvəl
iş təcrübəniz var
idimi?
-“Oriflame” kosmetika firmasında təmsilçi olaraq həvəskar kimi işə başlamışam. O vaxtlar təqribən 20 yaşım var idi. 1 ildən sonra, yeni bir satış strategiyası təyin etdim. Daha doğrusu, Rusiyadan gələn bir uğur qazanmış təmsilçinin danışdığı hekayəni Azərbaycanda reallaşdırdım. Yəni rayonlarda alıcı qüvvəsinin daha çox olduğuna inandım və səfərlərə başladım. Özümə məkan və hədəf seçdim. Gənc və bacarıqlı bir satış menecerinə çevrildim. Şirkət o vaxtlar tam dəstək verirdi. 22 yaşıma qədər çalışdım. Stabil maaş və gəlirim var idi, amma içimdə boşluq hiss edirdim. Tələbə olmaq boşluğu, amma hərdən olurdu o boşluqda batırdım. İlk xarici səfərim Gürcüstana olub. Şirkət liderləri treninqə göndərmişdi. O səfərdən sonra yaşadığım kiçik çərçivədən çıxdım. Yəni 2 həftəlik mühit mənim bir az düşüncələrimi dəyişdi. Çünki kim olduğumu və nəyə qadir olduğumu bilmirdim.
Bir gün risk etdim, şəxsi şirkətimi açdım. Türkiyəyə getdim, bax, orda hər şey tamam dəyişdi. Orada mənimlə uzun müddət vaxt keçirən bir insan, yəni “Business consultation”un meneceri məni 2 həftə təhlil edəndən sonra sağollaşanda heç unutmadığım 7 dəqiqəlik söhbətində həyatımı dəyişdi. O belə dedi: “Rəhim, çox güclüsən. Hər insanda marketinq menecerində olmayan cazibən, enerjin (liderlik ) və görmə, yanaşma, yaradıcılıq gücün var, amma həddindən çoxdur enerjin, idarə edə bilmirsən. Sözün əsl mənasında sənin enerjini əhliləşdirmək lazımdır. Yəni Allahdan gözəl hədiyyən var və o, hər marketinq menecerinə verilmir. Ağıl və gözəllik (bio enerji) Allah hədiyyəsidir. Səndə ikisidə var. Çalış, onları düzgün istifadə et. Çünki gücə sahib olmaq, güclü olmaq demək deyil, onu idarə etdikdə güclü olursan”. O, dönə-dönə mənə təhsil almağımı məsləhət gördü.
- Yəqin ki, sizdə xaricdə oxumağa maraq da elə bundan sonra yaranıb.
- Həya, həqiqətən də, təsadüf və möcüzələrlə doludur. Bəzən insanlar şansları seçmir, şans onları seçir. Başqa bir deyimlə, doğuşdan seçilən insanlar olur. Həqiqətən də, necə doğulduğun önəmli deyil, necə və hansı vəziyyətdə öləcəyin önəmlidir.
Bəli, Türkiyə səfərim daha effektli oldu. Tez-tez tələbələrlə keçirdiyim vaxtları və onların maraqlı, daha maraqlı həyat tərzini xatırlayırdım. İçimdə tələbə olmaq arzusu boşluğu böyüyürdü. İndiki gənclərimiz kimi xaricdə oxuyum, yaşayım, işləyim kimi arzularım olmayıb. Hətta 6-7 il əvvəl mənim üçün maddi və mənəvi baxımdan elə bir şeyi təsəvvür etmək belə, mümkün deyildi. Çünki elə bir mühitim yox idi və hər şey Türkiyədə baş verdi. Yəni mühit məni dəyişdi. Bəzi həyat fəlsəfəmdə yanlış olduğumu anladım. Əvvəl düşünürdüm ki, diplom kağız parçasıdır və önəmli deyil, əsas olan təcrübədir. Amma indi hər ikisinin öz önəmi var, deyə düşünürəm.
-Almaniyada təhsil almağın hansı çətinlikləri
var?
-Almaniyada oxumağımı
ailəm çox istəyirdi və mən də onların arzusunu həyata keçirdim.
Ümumiyyətlə, xarici dildə təhsil almaq çətindir. Çünki dilin və fərqli mədəniyyətin
yaratdığı məntiq
fərqliliyi var. Sənin
düz hesab etdiyin hər hansı bir yanaşma, burada kobud bir yanaşma
kimi anlaşıla bilər. Bu da
öz növbəsində
təhsilə də təsir edir. Yəni dərslər çox çətin gəlir, xüsusilə də riyaziyyat və hesablama olan fənlər çox ağır olur.
-Almaniya, Litva və Azərbaycan
arasındakı təhsil
fərqlərini deyə
bilərsizmi?
-Ümumiyyətlə, Almaniyanın
hər bir böyük şəhərinin
öz təhsil sistemi var. Burada dərslər və layihələr daha çoxdur. Müəllimlərlə dərsdən sonra
görüşmək, demək
olar ki, mümkünsüzdür. Ən çox iş tələbənin
öz üzərinə
düşür. Çünki tələbkardırlar və
güzəşt yoxdur.
Çünki təhsil sistemi
məktəbdən daha
güclü gəlir.
Dəqiqlik, məsuliyyət,
limitini bilmək və s. kimi gözəl xüsusiyyətlər
ailədən və məktəbdən gəlir.
Ona görə də Almaniya təhsil sistemində müəllim
elə də böyük rol oynamır. Müəllimlə tələbə birlikdə çalışıb
vəziyyətdən çıxırlar.
Bir sözlə, müəllimlər
xarici tələbələrə
güzəşt etmirlər.
Ona görə də Almaniya universitetlərinə
daxil olmaq həm maddi, həm də mənəvi baxımdan çox çətindir.
Çox
uzun prosesdir və bu prosesdən
də hər kəs keçə bilmir. Seçmə insanlar burada
təhsil alır və universiteti bitirə bilir.
Litva təhsil
sistemi də demək olar ki, eynidir. Amma bir fərq var ki,
Litvada müəllimlər
daha istiqanlıdır.
Yəni ünsiyyət daha rahatdır. Güzəştlər olur, yəni
ən azından semestrdə 2-3 dəfə
müəllimlə fərdi
görüşüb suallarına
cavab tapa bilirsən.
-Bəs diaspor qurumları ilə əlaqələriniz
hansı formadadır?
-Normal. Mən daha çox xarici təşkilatlarda və xarici mühitdə aktiv olmağa çalışıram.
Satışda olan məhsula
müştəri bazası
yığmaq lazımdır.
Litvada
AYOL Azərbaycan tələbə
təşkilatı var. Təşkilatın
məqsədi Azərbaycanı
tanıtmaq üçün
tədbirlərə maddi
və fiziki vəsait tapmaqdır.
Mənim
də məqsədim tədbirlərə fəxrlə
öz xarici dostlarımı dəvət
etməkdir. Məsələn, xarici təşkilatdan ESN gənclər təşkilatının
məktəb proyektlərində
iştirak etmişəm
(Kaunas). 2013-cü ildə
BEST Litva təşkilatından
seçilib Ukraynaya biznes treninqinə göndərilmişəm.
-Azərbaycanı
Almaniyada tanıtmaq sizin üçün çətin deyilmi? Ümumiyyətlə, Almaniyada Azərbaycanı
necə tanıyırlar?
-Çox təəssüf
ki, mən olduğum şəhərlərdə
və hazırda yaşadığım şəhərdə,
demək olar ki, Azərbaycanı tanımırlar. Çünki biz onlara həm
coğrafi, həm də mədəniyyət
baxımından çox
yadıq. Hanoverdə, Berlində
alman ailəsi ilə yaşamışam,
əhali və tələbələrin Azərbaycan
haqqında məlumatı
yox idi. Çünki Almaniyada əvvəllər oxuyan azərbaycanlıların sayı
az idi
və Almaniya böyük ölkədir.
Təbii
ki, bizim haqqımızda məlumatlı
olmamaları normaldır.
Amma indi əminəm və çox şadam ki, Karlsruhe şəhərinin ən məşhur və brend universiteti hesab olunan Karlshochschulenin
bütün müəllim
heyəti, eləcə
də yerli və xarici tələbələri, bununla
yanaşı, Karlsruhe şəhərinin
ən böyük dövlət universiteti hesab olunan KIT Texnologiya Universitetinin bir çox tələbələri Azərbaycan
bayrağını və
mədəniyyətini tanıyırlar.
Çünki 29 oktyabrda Karlshochschule
Universitetinin təşkil
etdiyi möhtəşəm
“Beynəlxalq Mədəniyyət
Günü”ndə Azərbaycanın
bayrağı və yemək mədəniyyəti,
iqtisadiyyatı sərgiləndi.
Eyni zamanda canlı olaraq rəqsimiz sərgiləndi. Hamı dolmamızı,
aşımızı tanıdı.
Nəyə görə Türkiyə
ilə adımızın
xaricdə həmişə
bərabər çəkildiyi
sualına cavab tapdılar. Maraqlısı budur ki, 14 ölkə arasında yeganə ölkə təmsilçisi idim ki, çay süfrəsi açmışdım.
Qonaqlara alkoqollu içki yox, çay təklif olunurdu. Təbii ki, bu, maraqlanan
insanlar tərəfindən
təəccüblə qarşılandı.
Bizdə
çayın (qara çayın) nə dərəcədə önəmli
olduğu bildirildi və adət-ənənələrimiz
haqqında məlumat verildi. Yeri gəlmişkən, çaylar armudu stəkanlarda verilirdi.
Yeməkləri isə özüm
hazırlamışdım.
Mən KIT Texnologiya
Universitetinin yataqxanasında
qalıram. Yataqxanadakı 2-ci azərbaycanlıyam. Məndən
öncə burada bir tələbəmiz qısa müddətə yaşayıb və onun yarımçıq qalan mədəniyyət sərgilənməsi prosesini
mən davam etdirirəm.
-Siz gələcəkdə hansı
peşəyə sahib olmaq
istəyirsiz?
-Gələcəkdə gözəl marketoloq olmaq istəyərəm və ona görə dil və fərqli mədəniyyətləri öyrənməyə çalışıram. Mənə görə marketinq elm deyil, incəsənətin bir parçasıdır.
Fuad Hüseynzadə
Palitra.-2015.-25 noyabr.-S.11.