Elm əzmkarlıq tələb edir

Rəzzaq Sucayev |

 

publisist

 

Rütbələr içində seçilir biri,

Hamıdan ucadır alimin yeri.

Nizami Gəncəvi

 

Lerikin dağ kəndləri əsrlər boyu özgə hüsnə malik olub. Bu məmləkəti cazibədar edən bir ondadır ki, kəndlər çox zaman başı dumanla örtülü dağların əhatəsində qərar tutur. Möhtəşəm Qız Oğlan qalaları dünya yarandığı dövrlərdən dağlara xüsusi görkəm verməklə, həm əraziyə sanki keşik çəkir. Buranın füsunkar təbiəti var. Dumduru, durnağözlü bulaqları, yovşanlı-yarpızlı yamacları, qədim tarixi abidələri, yamyaşıl ormanları, qonaqlı-qaralı, sərin yaylaqları, səfalı istirahət yerləri göz oxşayır. Min bir dərdin dərmanı gül-çiçəyi, bir saf, təmiz havası insanlara məlhəm olur, uzun ömür bəxş edir. Bir sözlə, bu yurd, əsrarəngiz bu torpaq uzunömürlülər məskənidir. Onu da qeyd edək ki, Xarıbülbül adlanan gül təkcə Şuşada deyil, Lerik torpağında da bitir. Doğrudur, Şuşa Xarıbülbülün vətəni sayılır. Amma bu bitki hər il bahar fəslində buradakı dağların döşündə pardaqlanıb çiçək açır.

Lerik xeyli sayda elm adamları, incəsənət xadimləri ilə məşhurdur. Vaxtilə Lerikin Zuvand bölgəsinin Kəlvəz kəndində mükəmməl təhsil verən dini məktəb vardı. XIX əsrin birinci yarısında həmin məktəb insanlara savad öyrədir, ruhanilər hazırlayırdı.

Haqqında bəhs edəcəyimiz alim o ziyalı nəslin bir növ davamçılarından biridir bu diyarda həyata göz açıb. Onun doğulduğu gün yadımdadır. 1959-cu ilin baharında ailədə üçüncü oğlan uşağı dünyaya gəldi. Atası el sənətkarı kimi əyalətdə yaxşı tanınırdı. Qara zurnada "Cəngi" havasını çalarkən ətrafdakı dağlar lərzəyə düşərdi. Toy şənlikləri, nişan xınayaxma mərasimləri onsuz keçməzdi. Axşam düşəndə toy mağarının dövrəsinə saysız-hesabsız kənd adamları, tamaşaçılar toplaşar, oradakı aşığın dastan söyləməsinə maraqla qulaq asardılar. Bəzən dastan tamama yetməz, çalıb-oxumalar səhər açılanadək davam edərdi.

Əbülfət müəllimin atası Qulam Nəci oğlunun ifa etdiyi el havalarını cənub rayonlarında hamı ürəkdən bəyənirdi. O, musiqi alətlərini ( nəfəsli çalğı alətləri), xüsusən yastı balabanı qoz tut ağaclarından özü düzəldərdi. Hətta məişətə dair hazırladığı digər ev əşyaları elə bil ki, xüsusi dəzgahlardan çıxar, ölçü nizamlarında qüsur tapılmazdı. Ümumiyyətlə, xarratlıq peşəsi nəsillikcə bir-birinə ötürülür özünəməxsus incəliklər onların əl işlərində aydın sezilirdi. Ustad yanında olmamışdı. Yalnız öz səyi zəhməti hesabına musiqi sənətinə yiyələnmişdi. Sonralar mahir bir sənətkartək ən yetkin ifaçılarla müqayisəyə gələrdi. Qulamın atası Nəci kişi eldə adlı-sanlı nəccar-dülgər olaraq tanınırdı necə deyərlər, onun əlindən zər tökülərdi.

Qulam kişi on altı övladın atasıydı. Oğlanlarının beşi ali təhsil almışdı. Əbülfət isə onlardan elmə olan sonsuz marağıyla fərqlənirdi. Elə bu istək amal onu ilbəil irəliyə doğru cəkib aparır, yeni dərin biliklər əldə etməyə istiqamətləndirirdi.

Filosof Sokratın sözləri yada düşür:

"Yalnız bir Allah mövcuddur - bilik, yalnız bir şeytan mövcuddur - nadanlıq".

Orta məktəbdə oxuduğu vaxtdan bilirdi ki, dahi Albert Eynşteyn dünyanın ən məşhur düsturunu ancaq istedadı, səyi və bacarığı ilə yaratmışdır. Belə fövqal dühaların keçdiyi yol onu stimullaşdırır, əzmkarlığını daha da artırırdı.

Bəşər aləmində irsiyyətin rolu heç vəchlə danılan deyil. Əbülfətin ana tərəfindən babası Rzaxan Sücaəddin oğlu ürfan əhli və zəkalı bir insandı. Dini və dünyəvi elmləri yaxşı mənimsəyərək natiqi-quran olmuşdu. Kiçik yaşlarında Əbülfət babası Rzaxan kişini həvəslə dinlər, onun dilindən eşitdiyi poetik nümunələri yaddaşında saxlardı. Bunlardan biri Həzrət Əli haqqında Qumri təxəllüslü şairin yazdığı növhədir ki, yeri gələndə həmin şeiri indi də qiraətçilərsayağı formada zövqlə əzbər söyləyir.

Əbülfətin anası Mələk xanım çox gənc yaşında vəfat etdi. Bu adı nəvəsinə Sucaəddin baba qoymuşdu. Seyid qızı Mələk Sücaəddin babanın anası, Rzaxan kişinin böyük nənəsiydi.

Əbülfət orta məktəbin aşağı siniflərində oxuyarkən riyaziyyat dərslərinə ayrıca vaxt ayırar fənn olimpiadalarının rayonrespublika turlarında fəal iştirak edər, hər dəfə yüksək yer tutardı. Orta məktəb müəllimləri ondan çox şey gözləyərdilər. Belə bir ovqatla məktəbi əla qiymətlərlə başa vurdu və sənədlərini Azərbaycan Dövlət Pedaqoji Universitetinə verdi. 1977-ci ildə müvəffəq qiymətlərlə universitetin 1 kursuna qəbul oldu. O dövrdə Əbülfətin böyük qardaşları ali məktəblərdə qiyabi təhsil alırdılar. Yay tətilləri zamanı özündən böyük qardaşı Bünyadəli ilə birlikdə atalarının yaratdığı ailə ansamblının tərkibində toy şənliklərinə gedərdilər. Bünyadəli gitara çalar, Əbülfət isə nağarada onları müşayiət edərdi. Əziz və mehriban analarının erkən vəfatı illərdi ki, onlara pərişanlıq gətirir, o müdhiş hadisə zehinlərindən silinib getmirdi. Ona görə də məclislərdə musiqi səslənəndə belə onların ürəklərində anasızlıq nisgili yaşanar, kədərli duyğular üzlərindən oxunardı.

Qulam kişi el sənətkarıydı. Onun evində daima çörəyi bol, süfrəsi açıq olardı. Yaşadığı məhəllə həmişə toylu-büsatlıydı, çal-cağır məskəniydi. Gün-güzəranı ehtişamlı keçər, evin yığınağı heç vaxt əskilməzdi. Yeri gəlmişkən deyim ki, Qulam kişinin bir nəvəsi hazırda babasının yoluyla gedir, o nəfəs alətlərinin gözəl ifaçısıdır.

Heş şübhə yoxdur ki, ailənin mədəniyyətinə və mənəvi inkişafına təsir göstərən kənar amillər olur. Maarifpərvər insanlardan biri həmin ailənin od qonşusu və yaxın qohumları, kəndin görkəmli din xadimi, ecazkar səsiylə ürəkləri riqqətə gətirən Molla Pişan Abış oğlu idi ki, uşaqların təhsil alması, sənət öyrənməsinin qəti tərəfdarı və təbliğatçısıydı. Molla Pişanın bacısı Mixək arvad Qulam kişinin doğmaca anasıydı. Mixək xanım kəndin xeyirxah qadınlarındandı. Doğruculluğuna, səxavətinə və insanpərvərliyinə görə kənd camaatı Mixək xanımı ürəkdən sevironu "yetimlər anası" deyə çağırardılar. Bax, Əbülfətin böyüyüb ərsəyə çatmasında belə bir ailə mühitinin əvəzsiz rolu inkarolunmazdı.

Əbülfət Pələngov 1981-ci ildə unversiteti bitirib Biləsuvar rayonuna təyinat alır. Səmədabad kənd orta məktəbində işlədiyi müddətdə savadlı, işgüzar və tələbkarlığı sayəsində ad qazandı. Məktəbin məzunları o vaxtlar çətinlik çəkmədən ali məktəblərə imtahan verirdilər. Şagirdlər bilik və vərdişlər əldə edir, öyrəndiklərini müstəqil şəkildə tətbiq etməyi bacarır, elmi biliklərin dərinliyinə baş vurmaq üçün bütün əziyyətə qatlaşırdılar.

1989-cu ildə yenidən təhsil aldığı ali məktəbə üz tutdu. Burada riyaziyyatçı proqramist işləyir, kompüter texnologiyası ilə bağlı elmi axtarışlarını davam etdirirdi. Sonra ciddi tədqiqatların və gərgin zəhmətin nəticəsi olaraq elm aləmində tamamilə yeni bir sistemlə əlaqədar kollektiv müəlliflərlə bir yerdə dərs vəsaiti buraxıldı. Vəsait biliklərin verilməsində, tələbələrə informatik məlumatların çatdırılmasında yaxın köməkçi oldu.

Əbülfət müəllim elmlər namizədliyi üzrə disertasiyasını (elmi rəhbər Seyidağa Həmidov) müvəffəqiyyətlə başa çatdırıb müdafiə etdi, alimlik adını aldı.

1990-cı ildə ölkədə baş verən olaylar, erməni millətçilərinin törətdiyi milli münaqişələr, Qanlı Yanvar qırğınları onun müdafiə işini, əlbəttə, bir qədər ləngitmişdi.

1990-92-ci illərdə Qarabağ müharibəsi bu ailəyə də fəlakətlər gətirdi. Həmin ərəfədə Əbülfətin qardaşı Azərbaycan Respublikasının Daxili Qoşunlarının zabitiydi. Ali təhsilliydi. O həmişə əsgərləri qələbələr əldə etməyə çağırır, taktiki təlimlərdə, vuruş əməliyyatlarında cəsurluğu və igidliyilə seçilirdi.

Qədim Spartalılar döyüşçü əsgəri müharibəyə göndərəndə tapşırardılar: ya qələbə ilə, ya da qalxan üzərində qayıt. Qalxan üzərində qayıtmaq həyatını itirmək, tabutda qayıtmaq deməkdi.

Hərbi hissə komandiri Pələngov Bünyadəli Qulam oğlu 1992-ci ildə iyunun 26-da Ağdamın Aranzəmin kəndinin ətrafında əsgərlərimizi mühasirədən qurtararkən düşmənlərlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu. Bu böyük itki qardaşları və yaxınları sarsıtdı. Şəhidin iki qızı, bir oğlu kiçik yaşlarındaydı. O, Bakı şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Qeyd edək ki, illər uzunu şəhid qardaşının ailə qayğılarının bir hissəsini Əbülfət müəllim çəkdi.

Ə.Pələngov 6-7 fundamental kitabın müəllifidir ki, bunların arasında ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuş "İnformatika ( nəzəri kurs), informatika praktik kursu", "Proqramlaşdırma dilləri", "İntektual sistemlər" adlı sanballı dərs vəsaitləri xüsusi yer tutur. Bundan başqa, çoxlu elmi-praktik təcrübə işləri üzrə məqalələrin müəllifidir. Alim 2010-cu ildə "Orta məktəb həndəsə kursu təlimində müasir metodların kompüter texnikası ilə əlaqəli tətbiqinin reallaşdırıl-ması problemləri (X-XI siniflər)" mövzusunda (elmi məsləhətçi professor Sabir Mirzəyev) elmi işini tamamlayır. Müdafiə Şurasında əsər alimlər tərəfindən geniş rəy alaraq bəyənilir, yüksək qiymətlndirilir. O, elmlər doktorluğunu uğurla müdafiə edir.

Əbülfət müəllim bir vaxtlar hesablama riyaziyyatı fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. Alimin yetirmələri bir neçə nəfərdir. Onun rəhbəri olduğu şəxslər riyaziyyat ixtisası sahəsində fəlsəfə doktorluğu adını almış, ali məktəblərdə səmərəli fəaliyyət göstərirlər.

26 ildir Əbülfət müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetində bir alimtək elmi yaradıcılıqla məşğuldur, orada çalışır, tələbələrə dərs deyir. Hesablama riyaziyyatı və informatika kafedrasının professorudur. Ali Attestasiya komissiya-sında riyaziyyat fənni üzrə ekspertdir. Respublikanın qabaqcıl təhsil işçisidir, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialının yarımştat professorudur. 2010-cu ildə "İlin alimi" mükafatına layiq görülmüşdür.

Bununla belə, o, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, dövri mətbuatda bir sıra elmipublisistik məqalələri ilə tanınır. Dövlət televiziya kanallarında " İnformasiyakommunikasiya texnologiyalarının inkişafı" mövzusunda mühazirələr oxumaqdan ötrü vaxtaşırı dəvət alır.

Riyaziyyatçı alim rasionalist düşüncəyə, geniş dünyabaxışa, saf məfkurəyə malik bir insandır. Bütün məsələlərdə dəqiqliyi, konkretliyi sevir. Onun özünəxas həyat fəlsəfəsi vardır.

Azərbaycan dövlətinin müstəqilliyi və azadlığı, demokratikliyisuverenliyi, o cümlədən sabitliyi ondan ötrü prioritet məsələlərdən biridir. Dövlətə və dövlətçiliyə sadiqliyi ən önəmli haltək hər bir işin fövqündə görür.

Alimlərin həyat yolu çətin və şərəfli yoldur. Bu yolda Əbülfət müəllimə cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Biz yazımıza Şeyx Nizaminin şeirilə başladıq, son sözlərimizi də onun kəlamlarıyla qurtarırıq:

Bağlı bir qapıya açar axtarsan,

Ancaq alimlərdə axtar, taparsan.

 

Palitra.-2015.-25 noyabr.-S.13.