Vyanada Rəşid Behbudovun 100 illik yubileyi qeyd edilib
Vyanada Azərbaycanın
dünya şöhrətli
müğənnisi, SSRİ Xalq artisti Rəşid
Behbudovun 100 illik yubileyi münasibətilə
konsert keçirilib. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri,
avstriyalı musiqisevərlər
və soydaşlarımız
iştirak ediblər.
Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri Leyla
Qasımova tədbiri giriş sözü ilə açaraq,
qonaqlara dünya
şöhrətli musiqi xadimi,
görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ-nin və Azərbaycan
Respublikasının Xalq artisti,
dövlət mükafatları laureatı Rəşid Behbudovun həyat və
yaradıcılığı haqqında məlumat verib. L.Qasımova Rəşid Behbudovun
Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan biri olduğunu deyib. Qeyd edilib
ki, ecazkar səsə malik Rəşid Behbudov uzaq Hindistan, Latın
Amerikası, Avropa və Asiyanın bir çox ölkələrində
uğurlu qastrol səfərləri
etmiş sənətçilərdən olub. Məhz buna görə
də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Rəşid
Behbudovun 100 illik yubileyi münasibətilə tədbirlər təkcə
Azərbaycanda deyil, ölkə
hüdudlarından kənarda da keçirilir. Bildirilib ki, 20-ci əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən
biri, estrada musiqisinin simvolu, müstəsna
və ecazkar səsə malik
R. Behbudovun
yaradıcılığında milli və
xarici, Şərqlə Qərb, o cümlədən Avropa
və Asiya musiqinin, uğurlu sintezi öz əksini tapıb. Konsertdə dünya şöhrətli “La
Skala” akademiyasının solisti,
tenor Azər Rzazadə Rəşid Behbudovun repertuarına daxil
olan unudulmaz
mahnıları, eləcə də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini
səsləndirib. Onu fortepianoda
Azərbaycanın görkəmli pianoçusu,
Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Fərhad Bədəlbəyli müşayiət edib. Konsertdə F.Bədəlbəyli və
beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev fortepianoda bir sıra əsərləri ifa
ediblər.
Palitra.-2015.-26 noyabr.-S.13.