Təhsilin inkişaf
istiqamətləri
Ölkə qarşısında
duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın
daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq
təcrübəyə uyğunlaşdırılması yolu
ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və
əhalinin həyat səviyyəsinin yüksəldilməsindən
ibarətdir. Müasirləşdirmə, ilk
növbədə, qabaqcıl texnologiyaların və idarəetmə
üsullarının, elmi nailiyyətlər
əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu
tətbiqi ilə bağlıdır. Bunun üçün
prioritet istiqamət ölkə
iqtisadiyyatının dünya
iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi
ilə yanaşı, ölkədə insan
kapitalının inkişafı, şəxsin müasir
bilik və bacarıqlara yiyələnməsinin
təmin edilməsidir. İnsan
kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu
inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən
daha effektli faydalanması
prosesində ən mühüm şərtlərdən
olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil
edir. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda təhsilin
inkişafı istiqamətlərinə toxunacağıq.
Tələbələr
arasında innovasiya yarışı
Qeyd edək ki, Təhsil Nazirliyi, “Microsoft Azerbaijan”, “Yüksək Texnologiyalar Parkı” və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna başlayıb. “Microsoft Imagine Cup” - dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya tədbiridir. Azərbaycanda ikinci dəfə təşkil olunan müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır. İştirakçıların qeydiyyatı dekabrın 25-dək davam edəcək. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilərlər. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi iştirak edə bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır. Gələn il yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, aprelin ortalarında isə milli turun finalı keçiriləcək. Nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda - gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək. Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb. Qeyd edək ki, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Müəllimlər
üçün peşə
standartlarının hazırlanması
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Bu baxımdan Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən “Müəllimlər üçün peşə standartlarının hazırlanması” layihəsinin böyük əhəmiyyəti var. Pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdirilir. Hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda, hazırlanmış peşə standartlarının obyektivliyini və validliyini müəyyənləşdirmək məqsədilə müəllimlər tərəfindən anonim qiymətləndirilməsi də nəzərdə tutulur. Bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi”nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək, Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək. Eyni zamanda, müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaqdır. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunun artırılmasına zəmin yaradacaq, həmçinin hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı verəcək.
Beş strateji istiqamət
üzrə genişmiqyaslı tədbirlər nəzərdə
tutulur
Qeyd edək ki, təhsilin
inkişafı üzrə dövlət strategiyası Azərbaycan
Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə
görə dünya ölkələri
sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil
menecerlərinə, qabaqcıl texnologiyalara
əsaslanan infrastruktura malik
təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri
nəzərdə tutur. Birinci
strateji istiqamət səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılmasına yönəlib və təhsilin məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas,
orta ixtisas və ali olmaqla, bütün
pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə
edir. İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini
nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən,
təhsilin məzmununun səmərəli mənimsənilməsini
təmin edən səriştəli təhsilverənin
formalaşdırılmasına xidmət edir
və özündə təhsilverənlərin peşəkarlığının
yüksəldilməsi, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların
istedadının aşkar olunması və
inkişafı ilə bağlı, habelə xüsusi
qayğıya ehtiyacı olanlar üçün inklüziv
təlim metodologiyasının yaradılmasını ehtiva edir. Üçüncü
strateji istiqamət təhsildə nəticələrə
görə cavabdeh, şəffaf və
səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasını nəzərdə tutur.
Bu istiqamət
təhsil sistemində tənzimləmə və idarəetmənin
qabaqcıl beynəlxalq təcrübə əsasında
müasirləşdirilməsi, təhsil müəssisələrində
nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı
və idarə olunması üzrə yeni
məlumat və hesabat sistemlərinin
yaradılması kimi hədəfləri
əhatə edir. Dördüncü
strateji istiqamət müasir
tələblərə uyğun və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun
yaradılmasını nəzərdə tutur.
Bu istiqamət
təhsil müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun
yaradılması, təhsil müəssisələri şəbəkəsinin
rasionallaşdırılması, distant təhsil,
istedadlı və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar
üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə
məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin,
müasir təminatlı peşə-tədris
mərkəzlərinin və komplekslərinin qurulması,
kampusların yaradılması kimi tədbirləri
ehtiva edir. Beşinci strateji istiqamət
Azərbaycan Respublikasında iqtisadi cəhətdən
dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartları ilə eyni səviyyəyə
uyğun təhsil sisteminin
maliyyələşdirilməsi modelinin
qurulmasıdır. Bu istiqamət, o cümlədən
müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil
müəssisələrinin adambaşına maliyyələşdirilməsinə
keçidi, ödənişli təhsil
xidmətlərinin göstərilməsinin dəstəklənməsini,
Təhsilin İnkişafı Fondunun
yaradılmasını nəzərdə tutur.
Anar Miriyev
Palitra.-2015.-26 noyabr.-S.11.