Dünya şöhrətli general

 

Naxçıvan Dövlət Universitetində görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib. Pedaqoji fakültənin təşkilatçılığı ilə keçirilən konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli sərəncamı ilə görkəmli general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinin dövlət səviyyəsində qeyd olunması şanlı hərb tariximizin öyrənilməsi, gənc nəslin hərbi-vətənpərlik ruhunda tərbiyə olunması, müasir ordu quruculuğunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səməd bəy Mehmandarov müxtəlif tarixi mərhələlrdə fəaliyyət göstərən, öz milli mənliyi və bütöv xarakteri ilə seçilən rəşadətli general kimi Azərbaycan xalqının tarixində və yaddaşlarda daim yaşayacaq. Azərbaycan tarixi kafedrasının dosenti Elçin Zamanov “Səməd bəy Mehmandarov və Azərbaycan Xalq Cümhuriyyəti dövrü” adlı məruzəsində bildirib ki, 1918-ci ilin dekabr ayının 26-da Azərbacan Demokratik Respublikasının hərbi nazirı təyin olunan, rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy Mehmandarov qısa müddətdə 30 minlik ordu yaratmağa nail olmuş, ərazi bütövlüyüyn qorunmasında, hərbi təhlükəsizliyin təşkilində mühüm tarixi rol oynamışdır. O, hərbi səfərbərlik, hərbi xidmətə çağırış, orduda danışıq və dəftərxana dilinin ana dili olması, ordunun milli hərbi kadrlarla, hərbi texnika, hərbi geyim və ərzaqla təmin edilməsi, hərbi sənaye kompleksinin yaradılması istiqamətində qətiyyətli addımlar atmışdır. Məruzəçi xatırladıb ki, erməni daşnaqları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, müstəqil Azərbaycan Respublikasını süquta uğratmaq məqsədi ilə 1920-ci ilin mart ayında qiyam qaldırarkən Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına göndərilən güclü hərbi qüvvə düşməni darmadağın etmiş, Səməd bəy Mehmandarov bu qələbə münasibətilə Əsgəranda çıxış edərək Azərbaycan ordusunun qüdrətini bir daha dünyaya, bədxah düşmənlərimizə bəyan etmişdir. Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Nazim Həsənov “Dünya şöhrətli general Səməd bəy Mehmandarov” məruzəsində qeyd edib ki, 1855-ci il oktyabrın 16-da anadan olan Səməd bəy Mehmandarov 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almış, Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir. 1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdir. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilən general S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hərbi Nazir vəzifəsini icra etmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra görkəmli siyasi xadim Nəriman Nərimanov tərəfindən siyasi repressiyalardan müdafiə olunan görkəmli hərbçi 1921-1928-ci illərdə hərbi komandirlər məktəbində topçuluq ixtisasından dərs demişdir. Dünya şöhrətli general Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.

 

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Palitra.-2015.-26 noyabr.-S.7.