Gənclər Təşkilatları Milli Şurasının sıralarında 112 gənclər təşkilatı birləşib

 

Dünən Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis olunmasının 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı keçirilib.

Tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresikeçirilib. Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər. ARGTMŞ-nin sədri Şahin Seyidzadə çıxış edərək Şuranın tarixi haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 112 gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu günbu qurum üçün prioritet istiqamətdir. O, ötən 20 ildə ARGTMŞ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını bildirib. Gənclər və idman naziri Azad Rəhimov Şuranın XIII qurultayının əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, dövlət başçısının gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir, regionlarda Gənclər evləri, Gənclər Fondu və digər mühüm qurumlar fəaliyyətə başlayıb. Nazir bildirib ki, Gənclər və İdman Nazirliyiöz fəaliyyətində ölkəmizdə gənclərlə işi əsas prioritet kimi görür və fəal gənclərin yetişdirilməsi üçün onların yerli və beynəlxalq platformalarda iştirakına şərait yaradır. Təqdirəlayiq haldır ki, Şuranın sıralarından bu gün mühüm dövlət vəzifələrində çalışan gənclər yetişiblər. ARGTMŞ ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə, - “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları və digər mötəbər yarışlarda fəal tərəfdaşlıq edib. Azad Rəhimov Şuranın beynəlxalq təcrübənin ölkə gəncləri tərəfindən öyrənilməsində fəal rolunu xüsusi qeyd edib, buna görə dərin minnətdarlığını bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonio Broek çıxış edərək 20 illik yubiley münasibətilə BMT adından gənclər sahəsində yüksək xidmətinə görə Şuranın üzvlərini təbrik edib. Tədbirdə çıxış edən Vüsal Quliyev bildirib ki, Şura gənclər siyasətində bir brendə çevrilib. Ölkəmizdə çoxlu sayda gənclər təşkilatları, QHT-lər fəaliyyət göstərir. Bunlar arasında ARGTMŞ bu illər ərzində təşəbbüskarlığını, davamalılığını qoruyub saxlayıb. Şuranın timsalında Azərbaycan Avropa Gənclər Forumunda təmsil olunub. Bununla da Şura Azərbaycan gənclərinin Avropaya qoşulmasına töhfə verib. Prezident yanında Gənclər Fondunun prezidenti Fərhad Hacıyev bu təşkilatla uğurlu əməkdaşlıqdan danışıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizin milli maraqlarının qorunmasında ARGTMŞ-a üzv olan gənclər təşkilatlarının rolundan söz açıb. Avropa Şurasının gənclər departamentinin rəhbəri Rui Qomeş qurumun gənclər sektorunun bir çox təbirlərinə ev sahibliyi etmiş ölkədə və ARGTMŞ-ın 20 illiyi yubileyində olmaqdan məmnunluğunu ifadə edib. Sonra ARGTMŞ-nin 1997-ci ildən üzvü olduğu Avropa Gənclər Forumunun prezidenti xanım Yohanna Nimanın təbrik məktubu oxunub. Digər çıxış edənlər də 20 il ərzində müxtəlif gənclər təşkilatlarını əlaqələndirən və gənc kadrlar yetişdirən Şuranı təbrik edib. Qeyd edilib ki, bu gün Şurada fəaliyyət göstərən və hazırda bir sıra dövlət qurumlarında işləyən insanlar var. Milli Məclisdə gənclərlə bağlı xüsusi komitənin - gənclər və idman komitəsinin yaradılması Azərbaycanda gənclər siyasətinə və gənclərə göstərilən diqqət və etimad kimi qiymətləndirilib. Bunun gənclər təşkilatlarına faydalı olacağı qeyd edilib. Sonra Şuranın ötən 20 il ərzindəki sədrləri və təşkilata dəstək olan qurum rəhbərləri təltif ediliblər. Daha sonra ikinci milli konqres keçirilib. Konqresdə gənclər təşkilatları üçün aktual mövzular, o cümlədən “Azərbaycanın gənclər siyasəti: Müasir çağırışlar və davamlı inkişafmövzusunda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. ARGTMŞ-yə üzv gənclər təşkilatlarının yığıncağı olub.

 

Tural TAĞIYEV

Palitra.-2015.-26 noyabr.-S.6.