“İqtisadiyyatın neftdən asılılığı aradan qaldırılır”

 

“Sahibkarlıq inkişaf edərsə, məşğulluğun təmin olunması, yeni iş yerlərinin açılması, insanların gəlirlərinin artması, digər tərəfdən ölkənin davamlı inkişafı təmin edilər”

 

Bugünlərdə beşinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunub. İqtisadi siyasətlə, mövcud vəziyyətlə bağlı fikirlərini bildirən ölkə başçısı qeyd edib ki, əvvəlki illərdə aparılan islahatlar növbəti illərdə davam etdiriləcək: “Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək”. Ölkə başçısı onu da vurğulayıb ki, bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir. Energetika sektoruna toxunan dövlət başçısı bildirib ki, Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir: “Bizim rolumuz artır. Rolumuz artdıqca, əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz, əlbəttə ki, bunu yaxşı bilirikbundan istifadə etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır”.

 

Xarici investisiyaların cəlbi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə iqtisadi inkişafı təmin edəcək”

 

Ölkə başçısının Milli Məclisin açılışındakı nitqinin proqram xarakterli bir çıxış olduğunu deyən millət vəkili Tahir Rzayev bildirdi ki, əvvəllər irəli sürülən iqtisadi-siyasi məsələlər var ki, Prezident onları bir daha qabartdı, qarşıda duran perspektivləri aydın göstərdi: “Eləcə də nəinki ölkə vətəndaşlarına, millət vəkillərinə bu sahədə lazımi tədbirlərin həyata keçirilməsini, müəyyən qanunvericilik aktlarının hazırlanmasını, insanlarla söhbətdə bu məsələnin aktuallığının qeyd olunmasını ön plana çəkdi”. İqtisadi siyasətlə bağlı ölkə başçısının tövsiyələrinə gəldikdə isə millət vəkilinin sözlərinə görə, bu bir həqiqətdir ki, güclü iqtisadiyyatı olmayan dövlət heç nəyə qadir deyil: Bütün məsələlərin önündə iqtisadi göstəricilər, inkişaf durur. İqtisadi inkişafın təmin olunması, ölkənin iqtisadi qüdrətinin artırılması, əhalinin özünün firavan yaşaması, ölkənin dünyada tanınması, müdafiə qüdrətinin artırılması, bütün sahələrdə sözünün keçməsi üçün çox vacibdir. Bu gün dünyaya nəzər saldıqda iqtisadi cəhətdən zəif olan ölkələr heç bir siyasət həyata keçirə bilmirlər. Çünki potensialı, imkanı olmur, digər tərəfdən o dövlətləri tanımırlar, əhalisi dəstəklənmir, xaos yaranır, ictimai-siyasi sabitlik pozulur. Ona görə də ölkə başçısı bütün nailiyyətləri ilk olaraq iqtisadi göstəricilər və bunun əsasında ictimai-siyasi sabitliyin bərqərar olması ilə əlaqələndirdi. Bildirdi ki, ölkədə ictimai - siyasi sabitlik yaranmasaydı, müəyyən neqativ halları vaxtında aradan qaldırmasaydıq iqtisadi göstəricilərə nail ola bilməzdik. Əlbəttə ki, bu, ulu öndər Heydər Əliyevin göstərdiyi yoldur, onun düzgün siyasətidir. Prezident bildirdi ki, ulu öndərin ideyalarına sadiqiq, o yolla gedirikbu sadiqliyin ən birincisi ölkədə ictimai-siyasi sabitliyin yaranması idi. Bu gün mövcud sabitliyin nəticəsində iqtisadiyyatımız durmadan inkişaf edir. Qeyri-neft sektorunun inkişafı hər zaman ön planda olub və ölkə başçısı da hər zaman bunu diqqət mərkəzində saxlayır. Çünki ölkənin neftdən asılılığı aradan qaldırılmalıdır. Sahibkarlıq, kənd təsərrüfatı inkişaf etdirilməlidir, emal müəssisələri yaradılmalıdır, xaricə ixrac artmalıdır. Yəni daha çox neftə güvənməməliyik, həmin sahədən gələn vəsaitləri qeyri-neft sektorunun inkişafına yönəltməliyik”. Bu gün neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirildiyini deyən T.Rzayev bildirdi ki, buna regionların inkişafını misal göstərmək olar və artıq bölgələrdə istehsal sahələri yaranıb, emal müəssisələri işə başlayıb, infrastruktur yaxşılaşır, digər sahələr olan heyvandarlıq, əkinçilik, toxumçuluqla bağlı əsaslı tədbirlər görülür: “İqtisadiyyata, sahibkarlığa mane olan məsələləri tez-tez qabartmalıyıq, mütərəqqi təcrübəni tətbiq etməliyik, müəyyən qanunvericilik aktlarının hazırlanmasına nail olmalıyıq. Sözsüz ki, iqtisadiyyatı güclü olan dövlət güclü olacaq və ölkə başçısının rəhbərliyi dövründə həyata keçirdiyi bir çox tədbirlər bunu sübut elədi. Əgər bu gün Azərbaycan dünyada tanınan, seçilən bir ölkəyə çevrilibsə, bu ilk növbədə iqtisadiyyatımızın güclü olması, mütərəqqi texnologiyanın istehsalata tətbiqi ilə əlaqədardır, müəyyən yolların axtarılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi ilə əlaqədardır. Elə bilirəm ki, bu da ən düzgün və səmərəli yoldur”.

Millət vəkili onu da bildirdi ki, ölkə başçısının da toxunduğu kimi xarici investisiyaların cəlbi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə bizim iqtisadi inkişafımızı təmin edəcək: “Bu istiqamətdə bəzi tədbirlər bizim iqtisadi inkişafımızı təmin edəcək. Son hadisələr də bunu göstərdi ki, ölkədə müəyyən inhisarçılıq var. Digər tərəfdən bəzi vəzifəli şəxslər tərəfindən sahibkarların işinə əngəl törədilir, sıxışdırılır. Ancaq bunun müqabilində də çox qəti tədbirlər görülür. Sahibkarlığın fəaliyyətinə maneə yaradılması yolverilməz haldır. Çünki ölkədə kiçik, orta sahibkarlıq müəyyən müddətdə daha geniş sahələri əhatə etməsə ölkə iqtisadiyyatından danışmaq çətin olar. Hər bir sahibkara imkan verilməlidir ki, öz fəaliyyətini genişləndirsin. Bizim məhsullarımız xaricə ixrac olunmalıdır, sahibkarlarımızın buna imkanları, şərait, sağlam mühitvar. Bunun üçün lazım olan qanunlar, əsasnamələr də var. Təəssüflər olsun ki, bəzi vəzifə sahibləri bu işlərə mane olubPrezident bu sahədə ciddi tədbirlər görürbunun davamlı olduğunu dəfələrlə qeyd edib ki, heç bir sahibkara maneə yaradılmamalıdır. Elə yoxlamaların 2 il müddətinə azaldılması ən yaxşı cavabdır. İnsanlar incidilməməlidir, əksinə, onların fəaliyyətinin daha geniş miqyas alması üçün əlavə kreditlər verilməlidir, güzəştlər olunmalıdır, qayğı-diqqət artırılmalıdır. Çünki qayğı-diqqətin əsasında əhalinin sosial rifah halının yaxşılaşdırılması durur. Əgər bizdə sahibkarlıq inkişaf edərsə ,məşğulluğun təmin olunması, yeni yerlərinin açılması, insanların gəlirlərinin artması, digər tərəfdən ölkənin davamlı inkişafı təmin edilər”.

 

“Bəzi ölkələrin enerji təhlükəsizliyi bizdən asılıdır”

Millət vəkilinin sözlərinə görə, ölkə başçısının dediyi kimi, bu gün həqiqətən də bəzi ölkələrin enerji təhlükəsizliyi bizdən asılıdır: “Azərbaycan öz qazını, neftini nəinki qonşu, eləcə də bir çox Avropa ölkələrinə ixrac edir. Çox mühüm layihələr var, istər nəqliyyat, istərsə də enerji təchizatı ilə əlaqədar. Bizim digər ölkələri də təmin etməyimiz vacibdir. Çünki bu gün qonşu dövlətlər, eləcə də Avropa ölkələri bir-birindən asılıdır. Əgər qarşılıqlı münasibətlər olmasa, öz məhsullarımızı o ölkələrə satıb, müqabilində lazım olan təchizatlara yiyələnməsək, ölkəni inkişaf etdirmək mümkün deyil. Bu gün Avropada bir enerji böhranı yaşanır. Dünyada baş verən problemlər, müharibələr, qarşıdurmalar Avropada enerjiyə olan ehtiyacı daha da kəskinləşdirib. Ona görə də Azərbaycan bir respublika olaraq bir çox beynəlxalq konvensiyalara qoşulub, müqavilələr var, digər tərəfdən bu münasibətlərin təmin edilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi dövlətlərin hər biri üçün xeyirlidir. Nəinki Azərbaycanın, eləcə də neftin, qazın o ölkələrə ixracı həmin o ölkə vətəndaşlarının yaxşı yaşayışı, həm bizim gəlirlərin artması, həm də müəyyən vəsaitlərin əldə edilərək ölkəmizdə iqtisadiyyatın yüksəldilməsi ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün vacibdir. Ona görə də qarşılıqlı əməkdaşlığı genişləndirmək lazımdır və bu, ölkə üçün çox vacibdir”.

 

Nigar Abdullayeva

Palitra.-2015.-26 noyabr.-S.4.