Yüksək bal toplamış abituriyentlərin təcrübəsi təbliğ edilir

 

Məleykə Abbaszadə:

Bilik yarışı öncüllərinin nailiyyətləri həm cəmiyyətdə, həm də məktəb və ailə mühitində güclü təsirə malik örnək və nümunədir”

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Abituriyent” jurnalının 11-ci sayı işıq üzü görüb. Jurnalın bu nömrəsi ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə hazırlanıb. Burada ilk olaraq qəbul imtahanlarında ən yüksək nəticələr göstərərək ölkəmizin ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı öz əksini tapıb.

 

2015-ci ildə 600-dən yuxarı bal toplayan gənclərin sayı 2096 nəfər olub

 

Jurnalda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin fikirləri öz əksini tapıb. TQDK sədrinin sözlərinə görə, qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam hər tədris ilinin əvvəlində dövlət başçısı tərəfindən verilən 15-ci sərəncamdır: “Onun əsası ulu öndərimiz Heydər Əliyevin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 3 sentyabr 2001-ci il tarixli fərmanı ilə qoyulub. Fərmanda təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədi təsbit olunub. O vaxtdan qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərin təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi, təbliği, ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi məqsədilə TQDK tərəfindən həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Ötən illərin təcrübəsi və araşdırmalar göstərir ki, bilik yarışı öncüllərinin nailiyyətləri həm cəmiyyətdə, həm də məktəb və ailə mühitində güclü təsirə malik örnək və nümunədir”. TQDK sədrinin fikrincə, son 20 ildə ali məktəblərə 600-dən yuxarı balla qəbul olan gənclərin sayının artma dinamikası da bunu təsdiq edir. Belə gənclərin sayı əgər 20 il bundan əvvəl 17 nəfər, 15 il bundan əvvəl 267 nəfər, 10 il bundan əvvəl 1050 nəfər, 5 il əvvəl 1284 nəfər təşkil edirdisə, 2015-ci ildə 2096 nəfər olub. Jurnalın bu sayı ənənəyə uyğun olaraq gəncliyimizin intellektual elitasının builki təmsilçilərinə həsr olunub. "Prezident təqaüdçüləri haqqında məlumat" bölməsində bu ada layiq görülənlərin ixtisas qrupları, təmsil olunduqları şəhər və rayonlar, təhsil müəssisələri üzrə siyahısı və sayı təqdim olunub. 600-dən yuxarı bal toplamış gənclər bölməsində isə onların bölgələr üzrə sayı verilib. Burada, həmçinin abituriyentlərin sayına nəzərən 600-dən yuxarı bal toplayan məzunlarının sayı və faizi daha çox olan ümumtəhsil müəssisələrinin adları təqdim olunub. Bütün bu materiallar təhsil ictimaiyyəti üçün nəinki mötəbər informasiya mənbəyidir, eyni zamanda, onların nəzər-diqqətini qabaqcıl təcrübənin, örnəyin, nümunənin ünvanlarına yönəltməkdir. Təqdim olunan digər maraqlı məlumat yüksək bal toplamış gənclərin qəbul üçün ölkənin hansı ali təhsil müəssisələrini seçməsi və buna müvafiq say göstəriciləridir. Jurnalın elektron (internet) versiyasında hər bir yüksək göstəricili gəncin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi ümumtəhsil məktəbi haqqında məlumatlar da təqdim olunub. M.Abbaszadənin sözlərinə görə, gəncliyimizin qızıl fondunu təşkil edən dünənki yüksəkballı abituriyentlərin təcrübəsini öyrənməkdə və təbliğ etməkdə məqsəd onların öz böyük uğurlarını ali təhsil həyatında da davam etdirməyə səsləməkdir: “Çünki onların hər birinin gələcəkdə yüksək səviyyəli mütəxəssis olmağa güclü potensialı var. Məqsədimiz həm də bu günün şagirdlərinə - gələcək abituriyentlərə, onların valideynlərinə, təhsil işçilərinə qabaqcıl təcrübə nümunələri və örnəklərini göstərmək, onları bu nümunələrdən nəticə çıxarmağa çağırmaqdır”.

 

1495 nəfər abituriyentdən 1097 nəfəri imtahana repetitorla hazırlaşıb

 

Qeyd edək ki, Prezidentin 14 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən, bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbəyə Prezident təqaüdü təyin edilib. Bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 88 min 791 abituriyent iştirak edib. Abituriyentlərdən 2096 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Onlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 579, II qrupda 422, III qrupda 662, IV qrupda 433 nəfərdir. 15 nəfər isə maksimal nəticə (700 bal) göstərib. Onların 7-si I qrupun, 3-ü II qrupun, 3-ü III qrupun, 2-si isə IV qrupun abituriyentləridir.

Jurnalda öz əksini tapan maraqlı məqamlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyentlərlə keçirdiyi anket sorğusunun nəticələridir. Məqsəd qəbul kampaniyasının müxtəlif mərhələləri və tərəfləri ilə bağlı onların rəylərini öyrənmək, müəyyən təhlil və ümumiləşdirmələr aparmaqla hasil olunan qənaətlərin müvafiq struktur qurumların sonrakı fəaliyyətlərində nəzərə alınmasına və bütövlükdə biliyi qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə kömək etməkdir. Sorğuda ümumilikdə 1495 nəfər abituriyent iştirak edib.

“Qəbula necə hazırlaşmısınız?” sualına cavablardan məlum olub ki, rəyi soruşulanların əksəriyyəti- 1097 nəfər (73,38 %) imtahana repetitorla, 290 nəfər (19,4 %) hazırlıq kurslarında, 102 (6,82%) nəfəri isə müstəqil şəkildə hazırlaşıb, 8 nəfər bu suala cavab verməyib. Abituriyentlərin bir qismi hazırlığın bir neçə formasından istifadə etdiyini, yəni ya müstəqil şəkildə və repetitorla, ya da müstəqil şəkildə və hazırlıq kurslarında hazırlaşdığını bildirib.

İmtahan hazırlığınızın müddəti” barədə suala sorğuda iştirak edən abituriyentlərin yarıdan çoxu (900 nəfər - 60,2 %) qəbula “2 il” müddətində hazırlaşdığını göstərib. Digər variantlar üzrə cavabların paylanması belə olub: 246 nəfər (16,5%) “1 ilə qədər”, 172 nəfər (11,5%) “2 ildən artıq”, 144 nəfər (9,6%) “İl yarım”, 17 nəfər (1,14%) “bir neçə ay”. 16 nəfər suala cavab verməyib. Qəbula hazırlıq müddətindəki bu müxtəliflik, bir sıra səbəblərlə bağlıdır. Abituriyentlərin çoxu hazırlıq müddətini öz fiziki, psixoloji, zehni imkanlarına, qabiliyyət və potensialına, eləcə də ailələrinin maddi vəziyyətinə uyğun olaraq müəyyənləşdirdiyini, başqa sözlə, bunun konkret amillərlə əlaqəli olduğunu qeyd ediblər.

 

Abituriyentlər ali təhsil müəssisələrini seçməkdə hansı amili üstün tuturlar?

 

Rəy sorğusunda öz əksini tapan suallardan biri də “Ali təhsil müəssisəsinə daxil olmaqda siz hansı amili rəhbər tutmusunuz (bir neçəsini seçmək olar)?” olub ki, bu suala cavablar müxtəlif kombinasiyalarda olub. Məsələn, bəzi seçim kombinasiyalarında üç cavab variantı - “Ali təhsilin nüfuzu”, “Yüksək maaşlı tapmaq arzusu” və “Öyrənmək həvəsi“ variantları qeyd edilib. Digər cavab kombinasiyalarında “Yüksək maaşlı tapmaq arzusu” və “Öyrənmək həvəsi“ amillərinə üstünlük verilib. Abituriyentlərin xeyli hissəsi isə dörd cavab variantından ibarət kombinasiyanı seçib: “Ali təhsilin nüfuzu”, “Yüksək maaşlı tapmaq arzusu”, ”Nüfuzlu ixtisas” və “Öyrənmək həvəsi”. Statistik müqayisə göstərir ki, bu suala cavablardaNüfuzlu ixtisas əldə etmək istəyi”nə üstünlük verilibbu amil 936 dəfə qeyd edilib. Cavablarda “Öyrənmək həvəsi” amili 512 dəfə, “Ali təhsilin nüfuzuamili 483 dəfə, “Yüksək maaşlı tapmaq arzusuamili 452 dəfə göstərilib. Rəyi soruşulanlardan ali təhsil müəssisəsinə daxil olmaqda “Hərbi çağırışdan rəsmi möhlət almaqamilini əsas götürənlər də olub. Onlar (7 nəfər) sorğu iştirakçılarının ümumi sayının 0,46%?ni təşkil edib.

Sorğu iştirakçıları “İxtisas seçiminizə kim və nə təsir etmişdir?” sualına da təklif olunan cavab variantlarından iki, bəzən də daha artıq variantı, məsələn, “valideynlər və müəllimlər”, “valideynlər və qohumlar”, “valideynlər və ictimai rəy”, “ictimai rəy və “Abituriyent” jurnalı” və s. kombinasiyalı variantları qeyd ediblər. Bu kombinasiyalardanİxtisas seçiminə həm valideynlərin, həm də müəllimlərin təsiri” cavab kombinasiyası üstünlük təşkil edib. İxtisas seçiminə təsir edən amillərin anketlərdə qeydedilmə tezliyinə gəlincə, göstərmək lazımdır ki, valideynlərin ixtisas seçiminə təsir etməsi 592 dəfə (39,6%), müəllimlərin təsiri 201 dəfə (13,44%) qeydə alınıb. 534 nəfər (35,7%) seçimini müstəqil surətdə etdiyini bildirib. 111 nəfər (7,42%) ixtisas seçimində ictimai rəyi nəzərə aldığını göstərib. 66 nəfər (4,41%) ixtisası “Abituriyent” jurnalının müntəzəm olaraq dərc etdiyi materiallarla tanışlığa istinadən seçdiyini qeyd edib. Bu suala cavab verərkən sorğu iştirakçılarından 38 nəfər (2,54%) dostlarının, 59 nəfər (3,9%) qohumlarının tövsiyələrinə əsaslandığını, 14 nəfər (0,94 %) televiziyanın, 25 nəfər (1,7%) internetin onlara təsir etdiyini qeydə alıb. 17 nəfər (1,13%) təhsil alacağı ixtisası təsadüfi seçdiyini göstərib, 69 nəfər (4,61%) ixtisas seçiminə “nə isə başqa səbəblər”in təsir etdiyini, 17 nəfər (1,13%) bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, jurnalda digər anket sorğularla yanaşı, həmin abituriyentlərlə müsahibələr, onların gələcək abituriyentlərə məsləhət və tövsiyələri də öz əksini tapıb.

Nigar Abdullayeva

 

Palitra.-2015.-27 noyabr.-S.11.