Orta məktəblərdə xarici dil neçənci sinifdən tədris edilməlidir?

 

İkinci bir dil bilməyin nə qədər önəmli olduğu, əslində, uzun zamandan bəri məlum olsa da texnologiyanın təqdim etdiyi yeni imkanlarla dildən istifadənin artması “bir dil, bir insandır” sözünü bir daha təsdiq etdi. Dil bir insanın sosial varlıq olaraq başqa insanlarla münasibətdə və əlaqədə olması, yaşadığı mühitdə və şəraitdə öyrənərək ortaya qoyduğu sözlü hərəkət və ifadə toplusudur. Bir şəxsin duyğu, düşüncə və anlam baxımından təsirli əlaqə vasitəsi olan dil bir şəxs üçün çox önəmli olan mədəni zənginlikdir. Bir çox insanlar yalnız öz ana dili ilə kifayətlənməyib, müxtəlif xarici dilləri öyrənməyə üstünlük verirlər.

Hazırda dünyada nəinki iki, hətta ondan artıq xarici dil bilən insanlar da var. Cəmiyyətdə də insanların xarici dil bilməsi böyük önəm kəsb edir. Təsadüfi deyil ki, bu gün insanlar üçün hər hansı bir şirkətə müraciət etdikdə, ilk növbədə “xarici dil bilirsinizmi?” sualı ilə qarşılaşırlar. Ölkəmizdə də bir çox sahələrdə xarici dil bilən işçilərə üstünlük verilməsinin nəticəsidir ki, bu gün insanların əksəriyyəti yaşından asılı olmayaraq məhz xarici dil öyrənməyə çalışır. Eyni zamanda artıq orta məktəblərdə kiçik yaşlarda xarici dil tədris edilir. Lakin mütəxəssislər xarici dil öyrənmənin hər yaşda düzgün olmadığı fikrini də irəli sürürlər.

Edinburq Universitetinin 260 nəfər arasında apardığı araşdırmaya görə, rəyi soruşulanlardan 195 nəfərin 18 yaşından əvvəl, 65 nəfərin isə 18 yaşdan sonra xarici dil öyrəndiyi aydın olub.

 

Yaşından asılı olmayaraq ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır

 

Mütəxəssislərin fikrincə, uşaqlar böyüyərkən təbii zaman içərisində öz ana dilini öyrənirlər, hətta bir körpə öz ana dilinin qrammatikasını hələ dünyaya gəlmədən, ana bətnində digər dillərdən ayıra bilir. Belə ki, insan beyni dil öyrənərkən ana dilini beyinin ana dili bölgəsi kimi tanınan bir bölgəsinə qeyd edir. Adətən 8-9 yaşına qədər öyrənilən dillər də bu ana dili bölgəsinə qeyd edilir. Sonra öyrənilən dillər artıq fərqli bir bölgəyə yerləşdirilir. Bununla əlaqədar olaraq sonrakı yaşlarda bir dili öyrənmək çətinləşir və öyrənilən dil tez unudulur. Adətən uşaqlar 2 yaşına qədər məhdud sayda ifadədən istifadə edir. Az sayda kəlmədən istifadə etmələrinə baxmayaraq, eşitdikləri hər şeyi öyrənir və yaddaşlarına həkk edirlər. Bu baxımdan dil öyrənmədə ən önəmli amil ailənin uşağın danışma cəhdlərini gücləndirməsidir. Uşaq ətrafında danışılan ana diliümumi qrammatika qaydalarını 4-5 yaşına qədər öyrənməklə istifadə bacarığı qazanır. Belə bir fikirvar ki, 2 yaşındakı bir uşaq eyni anda 4 ayrı dili öyrənə bilir. Eləcə də ailədə xarici dil bilən varsa, bu dillərdən istifadə edə bilir. Eyni zamanda yeniyetməlikdən sonra başqa millətlərə və cəmiyyətlərə aid səslərin tələffüzü çox çətinləşir. Bu baxımdan xarici dilləri müəyyən bir yaşdan sonra doğru tələffüzlə birlikdə öyrənmək çox çətindir. Ancaq mütəxəssislərin fikrincə, hansı yaşda olmasına baxmayaraq, ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır.

Mütəxəssislər xarici dilin uşaq və gənclərin mənəvi inkişafında mühüm rolu olduğunu bildirirlər. Nəsimi rayonu 240 saylı orta məktəbin ingilis dili müəlliməsi Yaqut Məhərrəmovanın sözlərinə görə, xarici dilin öyrənilməsi şagirdlərdə müasir baxış deməkdir: “Gələcəyə inteqrasiya, xarici dövlətlərlə sıx əlaqə, şagirdlərdə gələcək karyeralarını düşünməyə əsas verir. Bu baxımdan xarici dilin mənimsənilməsində müəllimin də böyük rolu var. Uşaqların və gənclərin mənəvi inkişafında xarici dilin rolunu müsbət qiymətləndirirəm. Ümumiyyətlə, uşaqların xarici dil bilməsi ilə onlarda müxtəlif maraq baxışları yaranır, dünyagörüşləri fərqli olur. Kiçikyaşlı uşaqların xarici dil öyrənməsinə çox gözəl baxıram. Çünki kiçik yaşda uşaqların zehni təmiz, yaddaşı güclü olur. Amma uşağın xarici dili neçə yaşında öyrənməsinə də baxır. Məsələn, 1-ci sinif şagirdlərinə xarici dili mənimsətmək çox çətindir. O, bu dili yalnız şifahi əzbərləyəcək. Amma 3-cü sinifdən bu tətbiq edilsə, daha yaxşı olar. Çünki uşaq artıq öz əlifbasını sərbəst şəkildə bilir, oxuyurxarici dili də mənimsəyə bilir. Bundan başqa, xarici dil tədris vəsaitlərində vətənpərvərlik mövzusu mütləq olmalıdır. Çünki şagirdlərimiz bu dildə dövlətimiz haqqında geniş məlumat almalıdırlar. Tariximiz haqqında geniş məlumatları olmalıdır. Ən azından keçmişimizi, bu günümüzü xaricdə tanıtdırmağı bacarmalıdırlar. Bu mövzuda ingilis dili tədris vəsaitlərində kifayət qədər mövzular var. Lakin şifahi danışığa, praktikaya üstünlük verilməlidir. Çünki dili yalnız praktikada tətbiq etməklə mükəmməl nəticə əldə etmək olar. Bunun üçün xüsusi fakültativ, praktik məşğələlər təşkil olunmalıdır. Şagirdlərimizin xaricdə yaşayan məktəblilərlə əlaqə saxlaması önəmlidir. Zərurət nəticəsində dili daha mükəmməl öyrənmək olur. Müasir zamanda uşaq və gənclərin xarici dil öyrənmə qabiliyyətləri əvvəlkilərə nisbətən daha genişdir, daha sərbəstdir. Çünki gündəlik həyatda xarici dilə mütəmadi rast gəlirlər. İstənilən internet saytlarında, qəzet və jurnallarda, televizorda, hətta reklamlarda belə buna rast gəlirlər. Müasir tipli məktəblərdə də xarici dilin öyrənilməsinə daha çox saat ayrılır. Buna görə də öyrənmə həvəsləri də yüksək olur. Məncə bu, gənclərin gələcəkdə istənilən bir karyera qurması üçün çox lazımdır”.

 

Digər ölkələrdə xarici dili müəyyən yaşda məqsədyönlü təhsil, üçün öyrənirlər

 

Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Rüstəmovanın sözlərinə görə, əslində xarici dili istənilən yaşda öyrənmək nə tez, nə də gec sayılmaz, sadəcə olaraq əsas məqsəddir: “Yəni bu illər ərzində valideynlər arasında bir növ dəb halını alıb, çox kiçik yaşdan, hətta 3-4 yaşlarından uşaqları dərnəklərə qoyurlar ki, xarici dil öyrənsinlər. Mən bunu heçdüzgün saymıram. Mən hazırda ölkəmizin övladlarının dilbilmə qabiliyyətini yüksək qiymətləndirirəm. Xarici ölkələrdə konfranslarda olarkən bizim uşaqlarla müqayisədə digər ölkələrin uşaqlarını zəif görürəm. Çünki bizdə uşaqlar ən az normalda 3-4 dil bilirlər. Əlbəttə ki, azyaşlı uşaq əgər dili öyrənib xarici ölkədə yaşamağa gedəcəksə, bu normaldır və hətta tələbdir. Amma şagird ən azı 7 yaşından dili daha yaxşı dərk edirhiss edərək öyrənir”. Onun fikrincə, bu gün xarici dil bilmək Vətənimizi bütün dünyada layiqincə təmsil etmək deməkdir. Azərbaycanda normalda böyük əksəriyyət türk, rusingilis dillərini artıq bir qayda halını almış kimi bilirlər.

R.Rüstəmova deyir ki, əgər 3-4 yaşlı uşaq öyrəndiyi dili yaşadığı mühitdə istifadə etməyəcəksə, onun zehni yorğunluğa gətirilməsinin əleyhinədir: “Sadəcə, o yaşda uşaq ilk növbədə öz doğma dilində daha gözəl danışmağı öyrənməlidir. İstənilən xarici dili bilən insan hansı ölkədə olursa-olsun, özünə inamlı olur. İstənilən halda həm öz hüquqlarını qoruya bilir. Həm də ölkəsini layiqincə təmsil edə bilir. Dil bir xəzinədir”.

O da vurğulandı ki, kiçikyaşlı uşaqlar dili rollu oyunlarla öyrənsə daha məqsədyönlüdür. Eyni zamanda mütləq dərs vaxtı qrammatika, yazı və danışığı mənimsəməlidirlər. Bunun üçün müxtəlif müasir proqramlar, CD-lər, “flaşkardlardan istifadə edilməlidir. Müxtəlif siniflərdə dərs keçdiyini deyən R.Rüstəmovanın sözlərinə görə, onun özünəməxsus ingiliscə yazdığı şeirlər var ki, bu qabiliyyətindən istifadə edib aşağı siniflərdə dərslərini əyləncəli qurmağa çalışır. Çünki bu yaşda olan uşaqların dərsi əyləncəli şəkildə öyrənmələrinə üstünlük verir.

Müəllimə yaşlı insanların xarici dil öyrənmək marağını da çox müsbət qiymətləndirir: “Amma nəzərə alsaq ki, yaşı çox olan adamlar dili çətinliklə qavrayırlar. Yenə də cəhd etdiklərinə görə bunu müsbət qarşılayıram. Amma insan qarşısına məqsəd qoymuşsa, ən azı yaşı çox olsa da, 50-60 faiz dili mənimsəyə bilər.

Xarici ölkələrə gəldikdə isə əgər həyat tərzləri tələb etmirsə, orada burada olduğu kimi azyaşlı uşaq 3 dil bilmir. Yəni müəyyən yaşda məqsədyönlü təhsil, üçün öyrənirlər. Azərbaycanda isə orta hesabla hər on uşaqdan səkkizi dil aşıb danışmağa başladıqdan sonra tədricən Azərbaycan, rus, türk dillərində danışmağa başlayırlar. Bizdə məhz gələcəkdə əziyyət çəkməsinlər deyə valideynlər uşaqlarına çox erkən dil öyrətməyə başlayırlar”. Ümumiyyətlə, nə qədər xarici dili bilməsinin vacibliyinə gəldikdə isə R.Rüstəmova deyir ki, 5 dili mükəmməl bilmək mümkündür. Amma say artdıqca qarışıqlıq olur: “Mən doğma dilimlə yanaşı, rus türk, ingilis dillərindən sonra fransız dilini öyrənmişəm. Artıq ispan dilini öyrənmək istəyəndə müxtəlif sözləri qarışdırıram. Birbu, həm də qavramadan da asılıdır ki, insan nə qədərini yadda saxlaya bilər. Əgər öyrənilən dildən istifadə edilmirsə o, çox tez yaddan çıxır. Bəzən bir filmə baxarkən ona Azərbaycan, rus, türk, ya ingiliscə baxdığımı unuduram. Bu, hər kəsdə belədir. Bildiyin dili hiss edirsənsə o sənə doğma gəlir. Dil bilmək zənginlikdir. Bildiyin dili öyrədə bilmək isə bir müəllim kimi deyə bilərəm ki, zövq və fəxrdir. Mən heç dil bilməyən bir insana xarici dili öyrədərkən bir müddət sonra o insanın xarici dildə danışmağa başladığını görəndə uşaq kimi sevinirəm. Sanki dünyaya yeni bir insan gəlir”.

 

Nigar Abdullayeva

Palitra.-2015.-28 noyabr.-S.11.