“Hüseyn Cavid. Vətənə qayıdış”
yazı müsabiqəsinin qalibləri
mükafatlandırılıb
27 noyabrda Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, bu il təsis edilən “Kaspi” mükafatının və “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin birgə layihəsi olan “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi 2014-cü ilin yay aylarından elan edilib, müsabiqə müddətində 100-ə yaxın yazı qəbul edilmiş, münsiflər tərəfindən seçilmiş, onlardan 31 məqalə “Hüseyn Cavid. Vətənə qayıdış” müsabiqəsi kitabına daxil edilmiş və qaliblər müəyyənləşdirilib.
Müsabiqənin qalibləri aşağıdakılardır:
Ziyadxan Əliyev: “Hüseyn Cavid romantizmi rənglərin işığında” (I yer), Elnarə Akimova: “Cavid yaradıcılığı: zamana baxış kontekstində” (II yer), Gülnarə Səma: “Cavidanə uçurum” (III yer), Günel Orucəliyeva: “Hüseyn Cavidin görkəmli şəxsiyyətlərə həsr etdiyi şeirlər haqqında bir neçə söz” (həvəsləndirici mükafat), Nərgiz İsmayılova: “Hüseyn Cavidin “İblis” və Joze Saramaqonun “İsanın incili” əsərlərində İblis sürətləri” (həvəsləndirici mükafat), İsgəndər Atilla: “Dünya filosoflarının nəzəriyyə və konsepsiyaları kontekstində Cavidin fəlsəfi fikir və düşüncələrinə bir nəzər” (həvəsləndirici mükafat).
Bundan başqa, “Kaspi” qəzeti Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və ədəbiyyatının keşiyində duran, müstəsna xidmətləri ilə yaddaqalan seçkin simaları, dəyərli ziyalıları, söz və fikir adamlarını qiymətləndirmək məqsədi ilə “Kaspi” mükafatı təsis edib. Mükafat bu ildən etibarən hər il bir nəfərə xüsusi xidmətlərinə görə veriləcək. Bu il, ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən vətənə qaytaran nümayəndə heyətinin sədri olmuş, əhəmiyyətli materialları, sənədləri qoruyub günümüzə çatdırmış Həmid Qara oğlu Cəfərov, Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi xidmətlərə görə “Kaspi” mükafatı ilə təltif olunur. Görülən işlərin davamı kimi “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin birgə layihəsi əsasında iki nəşr işıq üzü görüb. Bunlardan biri “Hüseyn Cavid. Vətənə qayıdış” müsabiqəsinin seçilən, daha dəyərli hesab edilən nümunələrindən ibarət məqalələr toplusudur. Digəri isə “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomudur. Fotoalbomda ulu öndər Heydər Əliyevin sənətə və ədəbiyyata verdiyi dəyər nəticəsində dahi şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının vətənə qovuşması, yubileylərinin keçirilməsi, abidəsinin ucaldılması, Cavidlər ailəsinin bir məqbərədə torpağa tapşırılması, eləcə də Azərbaycan xalqının ədəbi irsinə, söz adamlarına yüksək qiymət verən cənab Prezident İlham Əliyevin Hüseyn Cavidin yubiley tədbirlərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar və digər maraqlı materiallar yer alıb. Olduqca nəfis poliqrafik icrası olan bu ecazkar nəşr layihəsinin rəhbəri, redaktoru və tərtibçisi Sona Vəliyevadır.
Fuad
Palitra.-2015.-28 noyabr.-S.7.