Müasir Azərbaycan memarlıq elminin banisi

 

Naxçıvan Dövlət Universitetində “XX əsr Azərbaycan memarlığında Mikayıl Hüseynov zirvəsi” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Memarlıq ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2015-ci il tarixli sərəncamı ilə görkəmli memar, akademik Mikayıl Hüseynovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunmasını milli-mənəvi irsimizə, memarlıq elminə yüksək dəyər kimi qiymətləndirib. Qeyd olunub ki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, ictimai xadim Mikayıl Hüseynov müasir Azərbaycan memarlıq elminin banisidir. Onun həyat və faliyyətinin, memarlıq üslubunu tədrisi və təbliği zəruri əhəmiyyətə malikdir. Rektor, universitetin Memarlıq ixtisasının tələbələri üçün Mikayıl Hüseynov adına təqaüdün təsis olunması ilə bağlı fikir də səsləndirib. Universitetin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev “Mikayıl Hüseynovun yaradıcılığı” mövzusunda məruzə edərək görkəmli memarın SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ xalq memarı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan Respublikası dövlət mükafatları laureatı, Böyük Britaniyaİrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının ilk prezidenti Mikayıl Hüseynovun elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Məruzəçi, Mikayıl Hüseynovla görüşləri zamanı onun memarlıq sənəti ilə bağlı verdiyi dəyərli tövsiyələri də tələbələrin diqqətinə çatdırıb. Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova “Mikayıl Hüseynov yaradıcılığında monumental memarlıq” adlı məruzəsində görkəmli memarın Qərb və Şərq memarlıq üslublarının sintezi əsasında yaratdığı əsərlərdən, 200-dən çox uğurlu layihə müəllifi olmasından danışıb. Məruzəçi Mikayıl Hüseynovun layihələri əsasında tikilən Bakıdakı Azadlıq meydanı kompleksi, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının şəhərciyi kompleksi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Texniki Universiteti, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Metropoliteninin bir neçə stansiyası, “Azərbaycan”, “Abşeron”, "Moskva" mehmanxanaları, Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binalarını slaydlar şəklində təqdim edib, onların yaranma tarixləri, özünəməxsus orijinal memarlıq üslubları barədə məlumat verib. Qeyd olunub ki. Azərbaycan Memarlar İttifaqı tərəfindən Akademik Mikayıl Hüseynov adına ali mükafat təsis olunmuş, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mükafatla təltif olunmuşdur. Memarlıq ixtisasının IV kurs tələbəsi İsmayıl İsmayıllı “Mikayıl Hüseynovun Azərbaycan memarlığının inkişafında rolu” məruzəsində dünya şöhrətli memar, alim-pedaqoq, akademik Mikayıl Hüseynovun Azərbaycan memarlıq sənətinin elmi-nəzəri cəhətdən təşəkkülündəki xidmətlərindən bəhs edib, onun layihələri ilə Bakı, Gəncə, Naxçıvan, Düşənbə, Moskvas. şəhərlərdə unikal tikililərin inşa olunduğunu, bu layihələrin beynəlxalq sərgilərdə, nəşrlərdə nümayiş olunduğunu bildirib.

 

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri   

Palitra.-2015.-1 dekabr.-S.15.