“Tələbələr arasında möhkəm birlik qura bilmişik

 

Fariz Vəliyev: “Məqsədimiz İstanbulda təhsil alan tələbələri bir araya gətirib, fərqli-fərqli universitetlərdə Azərbaycanla bağlı tədbirlər təşkil etməkdir”

 

Xaricdə təhsil alan gənclərin ictimai təşkilatlarda bir araya gəlməsi, onların təbliğati işlərini daha da gücləndirir. Türkiyədəki Azərbaycan Gənclik Platformasının da bu baxımdan fəaliyyəti təqdirəlayiqdir. Qeyd edək ki, Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev 5 ildir Türkiyədə yaşayır və İstanbul Kültür Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsil alır. Oxuduğu universitetdə azərbaycanlı tələbələrin koordinatoru olan Fariz Vəliyev Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı kitab da yazıb.

 

-Azərbaycan Gənclik Platforması nə vaxtdan fəaliyyət göstərir və məramı nədən ibarətdir?

-Azərbaycan Gənclik Platforması 2015-ci ilin may ayında İstanbulda qurulmuş bir tələbə birliyidir. Məqsədimiz İstanbulda təhsil alan tələbələri bir araya toplamaq, əlamətdar günlərimizdə tədbirlər təşkil etmək, İstanbulda təhsil alan tələbələri bir araya gətirib fərqli-fərqli universitetlərdə Azərbaycanla bağlı yığıncaqlar təşkil etmək, Azərbaycanı xarici tələbələrə yüksək səviyyədə tanıtmaq, Türkiyə və Azərbaycan gəncliyi arasında bir platforma qurmaqdır.

- Xaricdə təhsil almaqdankimi mənəvi qazancınız olub?

- Tələbə birliyinin sədri olaraq Azərbaycanı Türkiyədə əlimdən gəldiyi qədər tanıtmaq, bir çox tələbəni bir araya toplaya bilmək əsas qazancımızdır. Beləcə, hansısa fikrimizi cəmiyyətə çatdıra bilirik, pis- yaxşı günlərdə bir-birimizə dəstək oluruq. Tələbələr arasında möhkəm bir birlik qura bilmişik.

-Təhsil aldığınız universitetin rəhbərliyi sizin fəaliyyətinizə nə kimi dəstək verir?

-Təhsil aldığım universitetin rəhbərliyi bir çox mövzuda bizə kömək edib. Universitetdə xarici tələblərlə bağlı bir klub qurulub. Kültür Universitetində təhsil alan bütün xarici tələbələr tədbirlər təşkil edə bilərlər. Rəhbərlik bizim bir neçə tədbirimizi dəstəkləyib. Bizə konfrans salonu verir, tədbir vaxtı video çəkiliş, foto çəkiliş olur, Türkiyə mediasını dəvət edirlər, Xarici İşlər Nazirliyinə məktub yazırlar, dövlət qurumları ilə bağlı bütün işlərdə universitet dəstək olur.

Lakin onu da qeyd etmək lazımdır ki, tutduğumuz bu yolda bəzən çətinliklərlə də qarşılaşmışıq. Bir neçə il bundan öncə biz tələbələr “Azərbaycan Günü” keçirmək qərarına gəldik və universitetin rəhbərliyi bizə böyük məmnuniyyətlə müsbət cavab verdibiz dərhal hazırlıqlara başladıq. Qonaqlara dəvətlər göndərildi, broşürlər hazırlandı, elanlar yerləşdirildi, mövzular işlənib hazırlandı və gözlənilmədən tədbirə 7 gün qalmış, rəhbərlik müəyyən texniki və digər səbəblərdən dolayı tədbirimizi ləğv elədi. Bu bizə çox pis təsir etsə də, ruhdan düşmədik və əksinə, daha da birləşdik və bu üzücü hadisənin üzərindən bir müddət keçəndən sonra yenə tədbir təşkil etməyə çalışdıq və bu səfər mövzu Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlərlə bağlı oldu. Biz yenə də universitet rəhbərliyinin bu tədbirə icazə verməməsi ilə üz-üzə qaldıq. Hər səfərində fərqli-fərqli, bəlkə də tutarsız səbəblərin göstərilməsi bizi geri oturda bilmədi və biz yenə də öz yolumuzla getdikgeri çəkilmədik.

-Azərbaycanla bağlı hansı tədbirlər edibsiz?

-Təhsil alarkən qarşıma qoyduğum əsas məqsədlərdən biri və ən əsası Azərbaycanımızın həqiqətlərini buradakı gənclərə tanıtmaqdan ibarət olub. İlk təşkil etdiyimiz tədbirimiz də 2012-ci ilin dekabr ayında Xocalı faciəsi ilə bağlı olub. İlk tədbir olmasına baxmayaraq, bizim işə həvəslə və məqsədyönlü yanaşmamız nəticəsində çox uğurlu tədbir alındı. Tədbirə universitet rəhbərliyi tərəfindən dəstək gəldi. Tədbir 2 gün davam etdi; 1-ci gün türk dilində, 2-ci gün isə ingilis dilində. Tədbirdə Dr. Aygün Həsənoğlu, Türkiyə-Azərbaycan Dərnəklərinin sədr müavini Metin Özer iştirak etdilər. Tədbirə qonaq olaraq universitetin baş katibiprorektor da qatılmışdı. Nəticə gözlədiyimizdən də yaxşı oldu. Çünki Xocalı ilə bağlı məlumatı olmayan çoxlu sayda xarici gənclər var idi və onların hər biri xalqımızın başına gətirilən bu qanlı tarix haqqında məlumat əldə etdilər.

Daha sonra biz bu istiqamətdə fəaliyyətimizi davam etdirərək öz büdcəmizlə ingilis dilində broşürlər çap etdirdik və payladıq. Məqsədimiz, əlbəttə ki, həmişəki kimi, doğma ölkəmizi xarici tələbələrə yaxından tanıtmaq olub. Hər bir broşür 12 səhifə olmaqla ölkəmiz haqqında kifayət qədər ətraflı məlumat verirdi.

Daha bir tədbirimiz İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Gün çərçivəsində Azərbaycanın tanıtım stendini açmağımızdır. Stenddə Azərbaycanı xatırladan suvenirlər, fotolar nümayiş etdirilib. Eyni zamanda tələbələrə Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı yaradılıb. Tanıtım zamanı Hüseyin İsayevin ifasında Azərbaycan rəqsləri ifa edilib.

Qeyd edim ki, tanıtım stendini İstanbul Kültür Universitetinin rektoru Sıddıka Semahat Demir, baş katibi Etham Tarhan, universitetin əcnəbi tələbələr təmsilçisi Cavid Qədirov, “ÖKTEM” jurnalının məsul əməkdaşı Meltem Zengin, İNDEX təşkilatının təmsilçisi Nərmin Balayeva ziyarət edib.

-Digər dərnəklərlə birgə tədbirləriniz olubmu?

- Bəli, bir neçə dərnəklə birgə İstanbul Universitetində qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirmişik. Bu tədbirimiz də çox yaddaqalan oldu. Çalışdıq ki, ermənilərin qondarma iddialarını ifşa edək. Çıxışlarımızda Azərbaycan-Türkiyə və Ermənistan münasibətləri ilə bağlı danışdıq. Ermənilərin Azərbaycana qarşı apardıqları soyqırımı siyasəti haqqında da tarixi faktlarla məlumat verdik.

- İlk Avropa Oyunlarının Türkiyədə tanıtımını edə bilmişdinizmi?

- İlk Avropa Oyunlarının keçirilməsi ölkəmiz adına olduqca mühüm addım idi. Mən də düşündüm ki, xaricdə təhsil alan bir azərbaycanlı tələbə olaraq ilk Avropa Oyunlarının təqdimatını keçirim. Beləcə, bu ilin aprel ayında Azərbaycanımızın ev sahibliyi etdiyi ilk Avropa Oyunları ilə bağlı Kültür Universitetində tanıtım tədbiri təşkil etdik. Çox uğurlu bir tədbir oldu. Tədbirdə ölkə rəhbərliyimizin bu Oyunlara göstərdiyi diqqət və qayğı, oyunların keçirilməsi zamanı təşkilatçılığın səviyyəsi və qısa zaman ərzində nələrin edildiyi haqqında məlumat verildiqonaq qismində Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan nümayəndələr belə, qatıldılar. Gənclər və İdman Nazirliyi və Türkiyədə fəaliyyət göstərən bir neçə dərnək bizə bu işdə yaxından dəstək oldular. Təhsil aldığım universitetdəki azərbaycanlılar birləşərək bu tədbiri yüksək səviyyədə etdilər.

Sevindirici hal idi ki, bu tədbiri xarici tələbələr də çox böyük maraqla qarşıladılar və təqdimatda iştirak etdilər.

-Tələbələrimizin birliyi hansı səviyyədədir?

-Bizim birliyimiz və inadımız bizə məqsədlərimizə nail olmağa kömək olub. Əlbəttə, biz bəzən ayrı-seçkilik kimi mənfi hallarla qarşılaşırıq, amma geri çəkilmirik. Məncə, bu birlikinad idi ki, bizə qarşı olan ayrı-seçkiliyin qalib gəlməsinə mane oldu. Biz anlayırdıq ki, bu hallardan heç kim sığortalanmayıb və bu bizi ruhdan sala bilməz və işə davam etmək lazımdır. Fəaliyyətimiz zamanı türk və əcnəbi tələbələrdən bizə çoxlu sayda dəstək olan da var idi. Biz yenə də birləşir və öz işimizi görürdük. Bütün gənclərimizdən istəyim də budur ki, həmişə bir olsunlarinadla öz məqsədlərinə nail olsunlar. Birlik və məqsədyönlü fəaliyyətlə heç bir çətinliklərə baxmadan irəli getsinlər və Azərbaycanımızı layiqincə tanıda bilən tədbirlər təşkil etsinlər.

-Gələcəkdə hansı işlər görməyi planlayırsız?

- Əlbəttə, planlarım çoxdur. Yaxın gələcəkdə edəcəyim budur ki, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı yazdığım kitabımın təqdimatını keçirəcəyəm.

Uzaq planda isə Azərbaycana qayıtmağı düşünürəm. Türkiyədə etdiyim işləri burada davam etdirmək istəyirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-3 oktyabr.-S.11.