Avropa gənc alimlərinin genosid faktlarına baxışları” adlı Beynəlxalq Forum

 

İlqar Orucov: “Forumun əsas məqsədi soyqırım və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etməkdir”

Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiysında beynəlxalq elmi konfransların keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Xüsusən də gənc alimlərin öz elmi ideya və tədqiqatlarını əcnəbi həmkarları ilə bölüşməsi çox önəmlidir. Bu çərçivədə Azərbaycan həqiqətlərinin də elmi müstəvidə dünyaya çatdırılması, dünya ölkələrinin elmi elitaları tərəfindən tanıdılması bu sahədə strateji hədəflərdəndir. Qeyd edək ki, bu həftə “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” adlı Beynəlxalq Forum keçiriləcək. Forumun təşkilatçısı olan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovla layihəmiz çərçivəsində bu barədə söhbətləşdik.

-İlqar müəllim, forumun təşkil edilməsində məqsəd nədir?

- Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Avropa Gənc Alimlər Şurası ilə tərəfdaşlıq çərçivəsində cari ilin 05-07 oktyabr tarixlərində Bakı şəhərində “Avropa gənc alimlərinin genosid faktlarına baxışları adlı” Beynəlxalq Forum təşkil etməyi, əslində, təsadüfi deyildi. Çünki, məhz bizim təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə ölkəmizdə gənc alimləri əhatə edən iki böyük forum təşkil olunmuşdur. İlk dəfə keçirilən həm Avropa Gənc Alimlərinin Bakı Forumu, həm keçən il təşkil etdiyimiz Dünya Gənc Alimlərinin Bakı Forumu artıq paytaxtımızı gənc alimlərin elmi ideyalarının müzakirəsi mərkəzi kimi təqdim edə bilmişdi. Və istər Avropa, istərsə də dünya gənc alimlərinin forumlarını ilk dəfə olaraq təşkil etməyimiz və çağırışımıza dünyanın yüzədək elmtutumlu dövlətlərinin mindən çox gənc alimlərinin səs verməsi bir tərəfdən bizim təşkilatın beynəlxalq nüfuzu ilə bağlı idisə, digər tərəfdən bu gün ölkəmizin dünyada formalaşmış imici, burada gənclərin ideyalarının reallaşmasına dövlət və bilavasitə dövlət rəhbərinin yaratdığı unikal imkanların qiymətləndirilməsi ilə bağlı idi. Hər iki forum elmin butun sahələrində gedən tədqiqatların nəticələrinin müzakirəsi üçün meydan açdı. Bu dəfə isə biz konkret bir istiqaməti götürdükburada əsas məqsəd də ondan ibarət idi ki, budəfəki müzakirələr hazırkı narahat dünya üçün olduqca aktualdır. Nə qədər ki, xalqlara və millətlərə qarşı həyata keçirilən cinayətlər elmi aspektdən tədqiq olunub qiymətini tapmayacaqsa, nə qədər ki, hələ də məqsədli şəkildə kütləvi insan tələfatına gətirib çıxaran zərərli ideologiyalardan insanlar əziyyət çəkəcəklərsə, burada artıq elm insanlarının çiyinlərinə düşən yük daha da artır. Biz Avropa Gənc Alimlər Şurasının cari ilin aprelində keçirilən İllik Ümumi Toplantısında builki forumun məqsədlərindən danışanda birmənalı olaraq Avropa elmi gəncliyinin milli assosiasiyalarının prezidentləri bunu alqışladılar. İdeyamızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdikdə qurumun Müşahidə Şurası tərəfindən müsbət qarşılandı və beləliklə, bu ideya dövlətimizin də dəstəyini qazanmış oldu. Forumda 18 Avropa dövlətindən gənc alimlərin qatılması nəzərdə tutulan tədbirə qısa müddətdə xaricdən 400-dək, Azərbaycandan isə 200-dən çox iştirak etməklə bağlı müraciət daxil oldu. Eyni zamanda forumun mövzusu maraqlı və aktual olduğundan nəinki Avropa, eyni zamanda Asiya, Afrika, Amerika ölkələrindən də çoxsaylı müraciətlər daxil oldu. Təbii ki, bu qədər müraciət edənlərin hamısını foruma cəlb etmək imkanlarımız xaricində idiseçim nəticəsində təşkilat komitəsi nümayəndələri seleksiya edə bildi. Forumun əsas məqsədi soyqırımı və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək və eyni zamanda, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırım faktlarının dünyaya tanıdılması, müasir dövrümüzdə baş verən Xocalı soyqırımı haqqında Avropa elmi gəncliyi arasında təbliğat işinin daha da genişləndirilməsi, soyqırımı və genosid faktlarına konkret məqsədlərə və qruplara xidmət edən siyasət adamlarının deyil, məhz elmi tədqiqatçıların araşdırmalarının nəticəsinə əsaslanaraq qiymət verməli olduğunu diqqətə çatdırmaq, bu istiqamətdə gələcəkdə konkret tədqiqatların aparılmasına dünya elmi gəncliyini sövq etməkdən ibarətdir. Yəni burada iki əsas istiqamət paralel götürülüb: birincisi, gələcəkdə bu istiqamətdə gənc alimlərin birgə tədqiqatlar aparmasına nail olmaq və xalqımıza qarşı əsrlərlə davam etmiş soyqırım cinayətlərinin də tədqiqinə beynəlxalq elmi ictimaiyyəti cəlb etmək və ikincisi isə xarici gənc alimlərin vasitəsilə soyqırım cinayətlərinin təbliğatını aparmaq.

Foruma qatılan avropalı həmkarlarımızın Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunacaq. Onlara 200 il ərzində azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi təmizləmə və soyqırımı cinayətləri barədə geniş məlumatlar veriləcək. Eyni zamanda ən yaxın tarixin bəşəriyyətə utanc olan faciəsi- Xocalı soyqırımı barədə ətraflı informasıyalar veriləcək. Daha sonra forum çərçivəsində baş tutacaq konfransda müxtəlif elmi təqdimatlar olacaq ki, bunlar da yeni elmi diskussiya və gələcək elmi-tədqiqatlar üçün bünövrə ola bilər. Çalışacağıq ki, yaxın gələcəkdə xalqımıza qarşı baş vermiş cinayətlərin araşdırılmasına xarici gənc alimləri cəlb edək. Bu gün dünyada informasiya müharibəsi daha təsirlidir və bu baxımdan biz informasiya idxalında daha çevik olmalıyıq.

-Təşkil etdiyiniz bu cür tədbirlər Azərbaycan elminə nə verə bilər?

- Qeyd edim ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətini 2003-cü ildə quran zaman, o zaman üçün gənc alim, elmi gənclik kimi ifadələr xeyli yeni idi. Müstəqillik dövründə gənc alimlərin ilk milli assosiasiyası olaraq gənc alimləri əhatə edən yüzlərlə geniş kompleks aksiyalar həyata keçirdik. artıq 2006, 2008, 2010, 2012-ci illərdə keçirilməklə ümumilikdə 4 dəfə “Gənclik və Elm Həftəliyi”, 2011 və 2013-cü illərdə “Gənc Alimlərin Elm Festivalı”, 2011, 2012 və 2013-cü illərdə “Gənc Alimlərin İnnovativ İdeya Yarmarkaları”, 2006-cı ildən başlayaraq hər il ənənəvi “Elm sərgisi”, 2011-ci ildən başlayaraq gənc alimlər üçün yay və qış məktəbləri, 2008-ci ildən “Gənc Alimlərin Əsərləri” elmi jurnalının mütəmadi çap olunması, müxtəlif mövzularda yüzlərlə elmi konfrans, simpozium, dəyirmi masalar, olimpiadalar, çempionatlar, seminar və treninqlər təşkil olunmuşdur. Bu tədbirlərə ölkənin bütün regionlarındakı aktiv elmi gənclik səfərbər oluna bilmişdir. Əlaqələr qurulmuşdur, elmi fəaliyyət göstərən gənclər üçün yeni-yeni auditoriyalar yaradılmışdır. Bizim qurum 2011-ci ildən Avropa Gənc Alimlər Şurasında ölkəmizi rəsmi olaraq təmsil edir. Avropa Gənc alimlər Şurasının tədbirlərinə, konfranslarına biz gənclərimizi ezam etməklə onlar üçün yeni imkanlar yaratmış oluruq. 2013-cü ildə bizim təşəbbüsümüzlə Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumunu, 2014-cü ildə Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunu təşkil edə bildik. Əlbəttə, həmişə olduğu kimi dövlətin, aidiyyəti qurumların, xüsusilə Gənclər və İdman Nazirliyinin dəstəyini unutmaq mümkün deyil. İlk növbədə istəyimiz müasir dünyanın çağırışlarına cavab verə biləcək elmi gəncliyin formalaşmasıdır. Fundamental elm elə bir fəaliyyət növüdür ki, bu sferada sərhədlər və millilik olmur. Dünyada gedən elmi proseslərdən kənarda qalmaq o deməkdir ki, elmi fəaliyyətlə məşğul deyilsən. İlk növbədə bu cür forumlar, konfranslar, simpoziumlar eyniya yaxın sahələrdə tədqiqat aparan alimlər üçün diskusiya məkanıdır. Əlaqələr yaranır və artıq dünya elminin içində olursan. Gələcək birgə tədqiqatlar üçün şərait yaranır. Əlbəttə, bütün bunlarsız inkişaf mümkün deyil.

 

İlkin AĞAYEV

Palitra.-2015.-6 oktyabr.-s.11.