Heydər Əliyev Fondunun
dəstəyilə eşitmə qüsurlu
uşaqlar əməliyyat edilir
Heydər Əliyev Fondu tərəfindən “Koxlear implantasiya” proqramının həyata keçirilməsinə başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb. İşçi qrup 2015-ci ilin avqust ayından etibarən eşitmə qüsuru olan 250-dən artıq uşağı pulsuz müayinə edib.
Müayinələr nəticəsində
80 nəfər üzərində koxlear implantasiya əməliyyatının
keçirilməsinə qərar verilib, 70
nəfərin isə eşitmə aparatına ehtiyac
olduğu müəyyən edilib. “Əhalinin səhiyyə problemlərinin
aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən
yüksək qayğı”, “Talassemiyasız həyat naminə”
layihələri, tibb müəssisələrinin
inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatların
aparılması, fiziki qüsurlu
insanların cəmiyyətə inteqrasiyasına xidmət edən
layihələrin dəstəklənməsi bu gün öz
müsbət nəticələrini göstərməkdədir,”
- deyə Fondun icraçı direktoru Anar Ələkbərov
bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə bu ildən etibarən
başlanılmış eşitmə qüsurlu
şəxslər, xüsusən də azyaşlı uşaqlar arasında “Koxlear
implantasiya” proqramı çərçivəsində
paytaxt və regionlardan
eşitmə qüsuru olan
şəxslər üzərində pulsuz
müayinələr aparılıb, mütəxəssislər
tərəfindən əməliyyata təyinat alan
eşitmə qüsurlu şəxslərə
implant qoyulması qərara alınıb.
“Artıq oktyabrın 5-dək 26 nəfər əməliyyat edilib və bu şəxslər
bir illik müddətində
Fondun dəstəyi ilə reabilitasiya
kursuna cəlb olunub”-deyə Anar Ələkbərov bildirib.
Koxlear implantasiya əməliyyatı
edilən 26 nəfər əsasən 1-6 yaş
arasındadır, bir nəfər isə
18 yaşındadır. Bu uşaqlar
uğurla əməliyyat olunub,
onlarda eşitmə sinirindən impuls alınıb. Anadangəlmə eşitmə
qüsuru olan 3
yaşlı Raqibin anası Aygün Rəşidli əməliyyatdan
razılığını bildirir: ”Biləndə
ki, uşaq eşitmir, həkimə müraciət etdik. Bizə Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu uşaqlar üzərində
koxlear implantasiya əməliyyatlarının
aparıldığını bildirdilər. Sağ
olsunlar həkimləri, uşağı
müayinə etdilər və əməliyyata qərar verdilər.
Əməliyyat uğurla keçdi.
Başda Mehriban
xanım olmaqla əməyi keçən
hər kəsə təşəkkür edirəm.” İki yaşlı Fatimənin anası Məryəm
Ağabalayevanın da sevinci
hədsizdir. O, sevincini bizimlə bölüşür: ”Uşaq
11 aylıq olanda, xəbər tutduq ki, eşitmir.
Həkimlər problemin həllini implantasiya əməliyyatında
görürdülər, buna isə imkan yox idi.
Heydər Əliyev Fonduna məktub
yazdıq. Tezliklə cavab gəldi. Heydər
Əliyev Fondu tərəfindən həyata
keçirilən “Koxlear implantasiya”
proqramından biz də yararlandıq.
Əməliyyat yaxşı keçib. Həkimlər
deyirlər ki, uşağın eşitməsi
2 aydan sonra bərpa olunacaq. Buna görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı
bildirirəm”. Koxlear implantasiya eşitmə qüsurlu olan şəxslərin
tam sosial
adaptasiyasına yönəlmiş bir
proqramdır. İmplantlar anadangəlmə
və qazanılmış eşitmə qüsuru
olan insanlara tətbiq edilir. Əməliyyat 3 mərhələdə-pasiyentin
hərtərəfli müayinədən keçməsi, cərrahi
əməliyyat və reabilitasiya mərhələlərində
həyata keçirilir. Müayinə
zamanı eşitmə qüsurunun səbəb
və dərəcəsi, eyni zamanda implantasiyanın sonrakı səmərəlilik
dərəcəsi müəyyən edilir.
Koxlear implantasiya ilbizdə
olan eşitmə sinirinin
liflərinin elektrik impluslarla
stimullaşdırılmasından ibarətdir. Əməliyyat
zamanı daxili qulağa
xüsusi elektrodları olan
implant yerləşdirilərək daxili qulaq protezləşdirilir.
Koxlear implantasiyada
qulağın xarici hissəsinə mikroprosessor (səslərin elektrik
impluslara çevrilməsi üçün)
və ötürücü qoşulur. Əməliyyatdan sonra
bu şəxslərdə eşitmə
imkanı yaranır. Koxlear implantansiya
nəticəsində tam eşitmə və
danışma qüsurlu şəxslər
normal həyat tərzinə qayıda bilir. Mütəxəssislər erkən yaşlarda aparılan əməliyyatların daha səmərəli nəticələr verdiyini və bu şəxslərə
əlilliyin yaranma səbəbinin aradan qaldırıldığını qeyd edir. Dünən daha 2 uşağın üzərində implantasiya əməliyyatı aparılıb. Zümrüd Bədirzadə 1 yaş
3 aylıq oğlu Səidin implantasiya əməliyyatı sayəsində
dünyanın səslərini eşidəcəyinə ürəkdən
inanır: ”Oğlum vaxtından əvvəl
doğulub. Üç
aylığında isə xəstələnib və çoxlu antibiotiklər qəbul edib. Bəlkə də, bütün
bunlar onun eşitməsində
problemlər yaradıb. Müayinədən sonra
əməliyyatı məsləhət gördülər.
Fikirləşirdik ki, pulu
haradan tapaq. Heydər
Əliyev Fondunun bu
proqramı üzrə müraciət etdik,.
Siyahıya aldılar. Bu gün
isə əməliyyat olunacaq. Nəinki ümid edirəm, dəqiq bilirəm ki, əməliyyatdan sonra oğlum eşidəcək.” Dünən
keçirilən hər iki əməliyyat
Vilnüs Tibb Universitetinin professoru Yevgenyus Lessinskas tərəfindən
həyata keçirilir. O, bir
çox ölkələrdə koxlear implantasiyanın aparılması üzrə
milli proqramlara iştirak edir. Bundan əlavə, bu əməliyyatların
keçirilməsində Rumıniya, Moldova,
Liviya, Özbəkistan, Qazaxıstan, Latviya və digər ölkələrdə təcrübə
qazanıb. Bakıda olmağından məmnunluğunu ifadə
edən litvalı alim Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun köməyi ilə
Azərbaycanda bu əməliyyatların
aparılmasının mümkünlüyünü
bildirib. Bununla da eşidə bilməyən uşaqlara
cəmiyyətin normal üzvləri olmağa yardım edəcəyinə düşündüyünü deyib. Azərbaycanda Fondun dəstəyi ilə pulsuz
müayinə və əməliyyatların keçirilməsinin
böyük uğur olduğunu qeyd edən
litvalı həkim bu təcrübənin
səmərəli nəticə verməsinin əsasən yaş faktorundan və
valideynlərin uşaqlarda bacarıq yaratma vərdişlərindən
asılı olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə Azərbaycanda həyata keçirilən
koxlear implantasiya
zamanı ilkin mərhələdə 100-dək
şəxs üzərində əməliyyat aparılması
və həmin şəxslərin reabilitasiya
kursundan keçirilməsi nəzərdə
tutulub. Bu proqramın
icrası nəticəsində qeyd olunan şəxslər eşitmə və
danışma qabiliyyətini bərpa etmək imkanı qazanacaq.
Nigar Abdullayeva
Palitra.-2015.-6 oktyabr.-S.4.