“Gənc alimlərimizin beynəlxalq tədbirlərdə
iştirakı qənaətbəxş deyil”
İlqar Orucov: “Xaricdə
təhsil alan gənclərin elmə gəlməsini
stimullaşdırmalıyıq”
Azərbaycan elminin inkişafı və dünya
elminə inteqrasiyasında beynəlxalq elmi
konfransların keçirilməsi olduqca böyük əhəmiyyət
daşıyır. Xüsusən də gənc alimlərin öz elmi ideya
və tədqiqatlarını əcnəbi həmkarları ilə
bölüşməsi çox önəmlidir.
Bu çərçivədə Azərbaycan
həqiqətlərinin də elmi müstəvidə
dünyaya çatdırılması, dünya ölkələrinin elmi
elitaları tərəfindən tanıdılması bu sahədə strateji hədəflərdəndir.
Qeyd edək ki, bu həftə “Avropa gənc
alimlərinin genosid faktlarına
baxışları” adlı Beynəlxalq Forum
keçiriləcək. Forumun təşkilatçısı
olan Gənc Alimlər, Aspirantlar
və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə
doktoru İlqar Orucovla layihəmiz çərçivəsində
bu barədə söhbətləşdik.
-Bu
artıq keçirdiyiniz üçüncü
beynəlxalq forumdur. Bu
cür forumların nəticələri ilə
bağlı hansı fikirləriniz var?
- Qeyd etmək lazımdır ki, elmi fəaliyyətin nəticəsi bir gündə və ya bir ildə özünü büruzə vermir. Olur ki, bəzən bir ciddi nəticəni əldə etmək üçün alim illərlə laboratoriyalarda çalışmalı olur. Bu baxımdan konkret nəticələrdən danışmaq çox tezdir. Yuxarıda qeyd etdiyim kimi, biz əlaqələri, kommunikasiyaları yaratdıq ki, elm insanları bir araya gələ bilsinlər. Sonuncu Dünya Gənc Alimlərinin Forumunda dünyanın 96 ölkəsindən 500-dək elm adamı beş gün ərzində əldə etdikləri nailiyyətləri müxtəlif oral və poster prezentasiyalar vasitəsilə bir-biriilərilə paylaşdılar. Əlaqələr yarada bilmək imkanı qazandılar. Artıq mən sosial şəbəkələrdə müxtəlif ölkələrin gənc alimləri ilə bizim gənc tədqiqatçıların əməkdaşlıqlarını görürəm, müxtəlif elmi tədbirlər barədə informasiyaları bir-birilərinə ötürürlər, məhz bizim tədbirlərdə münasibət yaradaraq birgə tədqiqatlar aparan gənc elm adamlarımız da vardır. Digər tərəfdən bu cür tədbirlərdə ölkəmizin imici formalaşır, biz təqdim edirik ki, məhz Azərbaycan müxtəlif dünya dövlətlərindən olan gənc elm adamlarının inkişafında maraqlıdır. Biz göstəririk ki, ölkəmiz nə cür inkişaf edir, çiçəklənir. Biz göstəririk ki, ölkəmizdə sabitlik var, ölkəmizdə tolerantlıq var, ölkəmizdə müxtəlif mədəniyyətlərin dialoqu üçün olduqca münbit şərait var. Eyni zamanda biz ölkəmizin timsalında şərq və müsəlman ölkəsi ilə bağlı ənənəvi stereotipləri qırırıq. Bizim xarici həmkarlarımız Azərbaycanın hərtərəfli inkişafı ilə bağlı ortaya qoyulmuş iradəni görərək bunu ilk növbədə informasiya və təəssürat olaraq ölkələrinə, iş yoldaşlarına, dostlarına və ailələrinə daşıyırlar. Əlbəttə, elm adamının təəssüratları paylaşması daha inandırıcı və daha təsirli olur. Hesab edirəm biz əvvəlki hər iki forumda bunu etməyi bacardıq.
-Bu
dəfə əvvəlki forumlarla
müqayisədə daha az
sayda gənc alimlər ölkəmizə
gələcəklər. Təmsil olunan
ölkələrin sayı da əvvəlkilərlə
müqayisədə azdır. Bu nə ilə
bağlıdır?
- Mən ötən müsahibəmdə bu məsələyə toxundum. Bir daha qeyd edim ki, budəfəki forumda əvvəlkilərlə müqayisədə ölkələrin sayının az olması, ilk növbədə, tədbirin büdcəsi əsasında formalaşdı. Digər tərəfdən, bu dəfəki forum konkret bir istiqaməti əhatə edir və bizim üçün vacib olan odur ki, layihənin məqsədlərində qoyduğumuz hədəflərə çata bilək. Ümidvaram ki, məqsədimizə nail ola biləcəyik.
-Sizcə, bizim gənc alimlər beynəlxalq tədbirlərdə
öz əcnəbi həmkarları ilə
yetərincə təmasda ola bilirlərmi?
Gənc tədqiqatçıların beynəlxalq konfranslarda iştirak səviyyələrini
necə qiymətləndirirsiniz?
- Bizim gənclərimizin beynəlxalq tədbirlərdə iştirak səviyyəsi, əslində, qənaətbəxş sayıla bilməz. Çünki, ilk növbədə ezamiyyələr üçün kifayət qədər vəsait yoxdur. Amma son illərdə bu istiqamətdə xeyli dönüş yaranmışdır. Yetər ki, gənclər aktiv olsunlar, məqsədlərində ardıcıl olsunlar. Ölkə rəhbərimiz Prezident yanında Gənclər Fondunu yaratdı. Bu fondun ezamiyyələrin maliyyələşdirilməsi ilə bağlı yaxşı imkanları var. Həmin imkanlardan istifadə etmək lazımdır. Elm Fondu fəaliyyət göstərir və bu fondun da səfər qrantları var. Xeyli sayda elm insanı bu imkanı əldə edərək səfərlərdə iştirak edirlər. Yəni, imkanlar genişlənir və genişlənməkdədir.
-Gənc alimlərə
hansı tövsiyə və məsləhətləriniz
vardır?
Mən bu yaxınlarda İsrailin doqquzcu prezidenti, 92 yaşlı Şimon Peresin Ukraynanın paytaxtı Kiyevdə baş tutan Yalta Avropa Strategiyası konfransında məlum nitqini oxudum. Təsadüfi deyil ki, bu nitq ağıllı və düşünən insanlar tərəfindən dünyanı heyran edən nitq adlandırıldı. Təcrübəli dövlət xadimi qeyd edir ki, biz ilk növbədə insanın üzərində dayandıq, onu inkişaf etdirdik, hamımız alim olduq və inkişaf etmiş insan beyni dünyanın ən bərəkətsiz torpaqlarında xarüqələr yaratdı. O davam edir: “Elmin dalınca getmək lazımdır. Elmin sərhədləri, hüdudları yoxdur, elmin refleksləri olmur”. Daha bir diqqət çəkən məqam isə insanın arzularının hüdudları və sərhədsizliyi ilə bağlı idi. Yəni Allahın yaratdığı insanı yetişdirmək, insanı inkişaf etdirməkdən və həm də insanın özündən çox şey asılıdır.
Bizim dövlət başçımız da gələcəklə bağlı mövqeyini eyni qoyub. Bu mövqe ondan ibarətdir ki, kapital olaraq ən dəyərlisi insandır, insanlarımız və xüsusilə gənclərimiz mükəmməl təhsil alsınlar, elmə yiyələnsinlər və ölkəmizin davamlı inkişafını təmin edə bilsinlər. Bu məqsədlə strategiyalar müəyyənləşdirilərək qəbul edilib, dövlət proqramları hazırlanaraq ardıcıl olaraq həyata keçirilir, bir sözlə, imkanlar yaradılır. Yəni ölkənin birinci şəxsinin bu istiqamətdə siyasəti məlumdur və mükəmməldir. İnkişaf üçün kifayət qədər motivasiya vardır.
İlk növbədə gənclər yaradılan imkanlardan düzgün və lazımınca istifadə etməyi bacarmalıdırlar. Biz də artıq on ilə yaxındır ki, hər il onlarla gənclərimizin beynəlxalq elmi tədbirlərdə iştirakına yardımçı oluruq. Gənclər və İdman Nazirliyinin xətti və dəstəyilə gənclərimizin beynəlxalq ezamiyyələrinə dəstək göstəririk. Müxtəlif beynəlxalq elmi qrant layihələri çərçivəsində də qısa və ya uzunmüddətli ezamiyyələri əldə etmək mümkündür və gənclər bütün imkanlardan yararlanmaqda tənbəllik etməməlidirlər. Gənclərin özlərindən də çox şey asılıdır.
Gənclər yaşlı nəslin intriqalarından və qeyri-obyektivliyindən əziyyət çəkirlər, bəzən intriqaların obyekti və subyektinə də çevrilirlər. İki elmi rəhbərin şəxsi münasibətlərindəki problemlər onların rəhbəri olduqları gənclərin başında “çatlayır”. Bunu hətta açıqda deməyə də qorxurlar. Obyektivlik olmadıqda, intriqa və cılız hislər olduqda isə elmdən və elmin inkişafından danışmağa dəyməz.
-Müvafiq
qurumların fəaliyyəti qənaətbəxşdirmi? Və
ya hansı təklifləriniz vardır?
- Əlbəttə, müvafiq qurumlar ona görə yaradılıblar ki, operativ şəkildə
müvafiq köməklikləri göstərsinlər
və müvafiq imkanları yaratsınlar.
Əlbəttə, dövlətin imkanları artdıqca elmə,
təhsilə qoyulan sərmayə də
artır və bundan sonra
da artacaq. Yetər
ki, dövlətin və dövlət rəhbərinin
bu istiqamətdə tapşırıq və
tövsiyələri vicdanla yerinə yetirilsin. Dünya inkişaf edir, artıq
inkişafın tempi o
qədər sürətlidir ki, bu gün gecikilən hər
gün gələcəkdə on illərə bərabər olacaqdır. Görüntü, şou
xətrinə nələrisə etmək kökündən
yanlışlıqdır. Elmə ayrılan vəsaitlərdən
ilk növbədə düzgün
və səmərəli istifadə olunmalıdır. Menecerlər
və qərəzsiz alimlər idarəçilikdə irəli
çəkilməlidir. Biz bunu bu gün
təhsildəki islahatlarda və idarəçilikdə
görürük və ümidvaram
ki, yaxşı da nəticələri
olacaq. Elm və təhsil
bir yerdə olmalıdır. Elmin təhsilin yanında olması üçün, əslində, həm təhsilin,
həm də elmin idarəetməsi bir yerdə olmalıdır. Elmi-texniki
tərəqqi əldə etmiş dövlətlərdə
ikinci bir təcrübə
yoxdur. Biz xaricdə təhsil
alan gəncləri aşkar
edib onların elmə gəlməsini ilk növbədə
stimullaşdırmalıyıq. Gənc alimlərin mənzil
şəraitinin yaxşılaşdırılması üçün ciddi
addımlar atılmalıdır. Əlbəttə, ümidlərim
çox, arzularım isə sərhədsizdir.
İlkin AĞAYEV
Palitra.-2015.-7 oktyabr.-S.11.