“Müəllimin məhsuldarlığı özünütəkmilləşdirmə olmadan mümkün deyil

 

Sevinc Niftiyeva: “Valideynlər öz övladları ilə bərabər oxumalı, pillə-pillə sinfə bərabər keçməlidirlər”

 

(Əvvəli ötən sayımızda)

 

Müsahibimiz Şirvan şəhər 9 ¹-li məktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevadır.

 

- Bir çox uğurlarımıza görə valideynlərimizlə bərabər müəllimlərimizə də minnətdar oluruq. Bəs maraqlıdır, müəllimlər şagirdlərinə nələrə görə minnətdar olurlar? Ümumiyyətlə, fəxrli şagirdləriniz olurmu?

 

-              Əslində hər bir uğurumuza görə bizi yaradan Allaha borcluyuq. Sonra isə əlimizdən tutub pillə-pillə addımlamaqda əziyyətimizi çəkən valideynlərimizə borcluyuq. Mənim anam da müəllimdir və mənim hər bir uğurumda bilavasitə anam mənə dəstək olub. Mənə dərs deyən hər bir müəllimimə öz dərin təşəkkürümü bildirirəm. Xüsusilə də mənə riyaziyyatı sevdirən riyaziyyat müəllimim Nazim Ələkbərov və ana dili müəllimim Əliyeva Elmiraya ömür boyu minnətdaram.

Artıq 18 ildir, müəlliməyəm. Bu müddət ərzində neçə-neçə şagirdlər yola saldım. Əlbəttə ki, hər bir şagirdimin uğuru da elə mənim uğurumdur. Keçənilki 11–ci sinif buraxılışını xüsusi qeyd edim. Bağırova Fidanın məktəbi qızıl medalla bitirməsi və ATU-ya daxil olması bir fəxrdir. Eləcə də Yusifli Amilin Milli Təhlükəsizlik Nazirliyinin akademiyasının tələbəsi olması, Rzayev Hikmətin, Əliyev Muxtarın, Salahova Kəmalənin, Əliyeva Mətanətin, Ş.Cavanşirin tələbə adı qazanması mənə xüsusi qürur verir.

 

-Dərs vəsaitləri ilə bağlı nələri deyərdiniz? Şagirdlərin dərsləri daha asan qavraması üçün nələri tövsiyə edərdiniz?

 

-              Dərslik, dərs vəsaitləri bu günün ən yaralı yeridir. Həqiqətən də yeni tərtib olunmuş 5-8–ci sinif riyaziyyat dərsliyi bu günün tələblərinə cavab vermir. Rəngarəng dərslikdən bilik almaq olmur. Verilən tapşırıqlar olduqca az, çətinliyi artırılmış dərs saatlarına verilən saatlar isə azdır. Cəbr və həndəsənin bir kitabda birləşdirilməsini isə heç qəbul edə bilmirəm. Ümumiyyətlə, nöqsanlar çoxdur. Hansını yazım, bilmədim.

 

-“Müəllim daim öyrənməlidir ki, yaxşı öyrədə bilsindeyimi ilə razısınızmı? Öz üzərinizdə necə işləyib özünüzü inkişaf etdirirsiniz?

 

-Müəllim xüsusi hazırlıq keçmişpedaqoji fəaliyyətlə məşğul olan insandır. Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi də bacarmalıdır. Məqsədinə nail olmadıqda ruhdan düşməməlidir. Müasir şagirdin məlumat əldə etmək imkanları az qala müəlliminkindən çoxdur. Şagirdlərindən geri qalmamaq üçün müəllim, öz üzərində işləməyi ən vacib mütləq işi hesab etməlidir. Əbəs yerə deyilməyib ki, “müəllim oxumadığı, mütaliə etmədiyi gün ölür”. Özünətəhsil müəllim üçün sabahının aydınlı, işıqlı olması kimidir. Gündəlik çalışmayan müəllim dərsdə özünü heç vaxt sərbəst apara bilməz. Özünü təkmilləşdirən müəllimin haqqı dərs dediyi şagirdlərin məmnun baxışlarında, ürəklərində yaşatdıqları hörmət və məhəbbətindədir. Müəllimin məhsuldarlığı özünü təkmilləşdirmədən, özünütəhsilləndirmədən mümkün deyil. Günümüzdə informasiya yeniləşməsi elə sürətlə gedir ki, ona izləyici münasibəti bəsləmək müəllimə heç yaraşmaz. Müəllim çalışmalıdır ki, şagirdləri fənninə aid ən yeni məlumatları ondan öyrənsin. İndiki zaman insanı heyrətə salan sürətlə gəlib keçən, gələcək zaman da eyni sürətlə yaxınlaşdıran zamandır. Əsl müəllim sənətinin gələcək taleyini də düşünməyi bacarmalıdır. Ömrün boyu bircə nəfər də ardıcıl yetışdirmədən necə müəllim olmaq olar? Barsız ağac kimi yalnız boy-buxunu, kölgəsi ilə yaşayan müəllimdən nə cəmiyyət, nə yaşadığı mühit, nə dərs dediyi şagirdləri, nə də həmkarları razı qalıb. Müəllim gileylənməklə, üzləşdiyi problemlərin məngənəsində sıxılıb inləməklə öz funksiyasını lazımi səviyyədə yerinə yetirə bilməz. O, hər dərs üçün köklənməyi bacardıqca dərsinin maraqlı, yüksək səviyyədə keçməsini təmin etmiş olur.

Yaxşı müəllim öz sənətinə olan sevgisi, işinə məsuliyyəti, şövqü ilə seçilir. Bu xüsusiyyətlər qısa müddət ərzində onun dərs dediyi şagirdlərə də sirayət edir. Müəllimin, yəni bizim sinifdəki heç bir davranışımız şagirdlərə təsirsiz qalmır. Kitabını unutmuş şagirdə öz kitabını vermək, ona diqqətlə və təmkinlə qulaq asmaq, təbəssümlə baxmaq, maraq göstərmək, adları səmimiyyətlə çəkmək, yeri gəlincə adlarının mənalarını açmaq, saçının, geyiminin yaraşdığını, tətildən sonra bir az böyüdüklərini və s. demək uşaq dünyasında çox əhəmiyyət daşıyır, onları ruhlandırır, məktəbi və müəllimi sevinc mənbəyinə çevirir. Tez-tez şagirdin sözünü kəsmək, saata baxmaq, barmaq silkələmək, kimi isə gülüş hədəfinə çevirmək, bəyənməzlik göstərib üz çevirmək və s. davranışlar isə şagirdləri məktəb və təlimdən soyudur. Yadımdadır, mən daha çox dil və ədəbiyyat müəllimim Elmira xanıma, sonralar isə riyaziyyat müəllimim Nazim müəllimə oxşamaq istəmişəm. Çünki onlar sadaladıqlarım bir çox müsbət keyfiyyətlərlə davranırdılar. Müəllimin dili də davranış və hərəkətləri qədər əhəmiyyətlidir. Həzrəti Əli əleyhissalamın dediyi kimi, “kişi dilinin altında gizlənir”. Müəllim istər təqdir etmə, istərsə də xəbərdarlıq və qadağalarının şagirdləri tərəfindən yaxşı başa düşülməsinə və müsbət qarşılanmasına çalışmalıdır. Müəllimin nitqində ən çox işlənən ifadələr bunlar olmalıdır: “Çox sağ ol”, “Təbrik edirəm”, “Sənə necə kömək edə bilərəm?”, “İnanıram ki, sən bu işi bacararsan”, “Bugünkü cavabından çox məmnun oldum”, “Sənə güvənirəm”, “Sən bacaracaqsan, sabah daha güclü olacaqsan” və s. Dərsə gəlməmiş şagirdə “Şadam ki, gəlmisən”, “Səni görməkdən məmnunam” desək, çətin ki, o şagird bir daha dərsdən qalar.

Müəllim də insandır. Ciddiliyi ilə yanaşı onun da yumor, təbəssüm hissləri var. Əsl müəllim yumor hissini öz təlim metodunun bir hissəsinə çevirə bilir. Şagirdlərin həyatına dair lətifələr, böyük insanlardan ibrətamiz əhvalatlar şagirdlərin “buzunu əritməkdə”, onların daha rahat, sərbəst şəraitdə öyrənmələrinə, yorucu gərginliyin aradan qalxmasına səbəb olur. Lakin bunu da qaydasında etmək lazımdır.

-Müəllim- şagird münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirdiniz. Bəs valideynlərə hansı məsləhət və ya tövsiyəniz olardı?

- Valideynlərə nə sözüm ola bilər? Ancaq öz təcrübəmdən deyə bilərəm. Mən “6 asinfinin rəhbəriyəm. Valideynlərlə sıx əlaqədə oluram. Belə ki, bu mütəmadi əlaqənin də müsbət tərəfini hər dəfə hiss edirəm. Valideynləri maarifləndirmək, yeni təlim qaydalarını başa salmaq, yeniliklərlə tanış etmək müəllimin fəaliyyətində müsbət təsiri olur. Valideynlər öz övladları ilə bərabər oxumalı, pillə-pillə sinfə bərabər keçməlidirlər. Övladı ilə bərabər çalışan valideyn sabaha övladını tam təminatlı edər.

Sadəcə bu çağırışı edim ki, əziz valideynlər, müəllimlərlə, məktəblə əməkdaşlıq edin!

 

Tural TAĞIYEV

Palitra.-2015.-7 oktyabr.-S.6.