Azərbaycanlı gənc Çində dünya rəssamlarına
çağırış edib
Leyla Rəsulzadə: “Biz, millətlər
və mədəniyyətlər arasındakı əvəzolunmaz
bir körpüyük”
Xəbər verdiyimiz, kimi bu günlərdə Çində “Yaddaş və xəyal” adlı VII Pekin Beynəlxalq Rəssamlıq Sərgisi keçirilib. Bu sərgidə
iştirak edən ilk
və yeganə azərbaycanlı rəssam Leyla
Rəsulzadə öz təəssüratlarını
bizimlə bölüşüb. Qeyd edək ki, Leyla Rəsulzadə hal-hazırda Pekində Tsinghua Universitetinin Rəssamlıq
və dizayn fakültəsinin Rəssamlıq
bölməsində magistr pilləsində
təhsil alır.
-Necə oldu ki, VII Pekin
Beynəlxalq Rəssamlıq Sərgisinə
qatıldınız?
-Sərgi haqqında məlumatı tanıdığım şri-lankalı rəssam dostumdan öyrəndim. 2015-ci ilin yanvar ayında qəfildən rəssamlıq studiyama gəlib, mənim bu sərgiyə qatılmağımı istədi. Düzü, fikrimdə belə bir plan yox idi. Çünki o zaman bu hazırlıqlara qoşulmaq üçün vaxtım yox idi. Amma o qədər səs-küy saldı ki, sonda razılığımı verdim. Yadımdadır, necə həvəslə rica edirdi: “Mən bütün işləri öz boynuma götürməyə hazıram! Sənə 100% deyirəm, keçəcəksən!”. Bir-iki aya elə də oldu. Mənə cavab gəldi ki, Azərbaycandan Pekin Beynəlxalq Sərgisində ilk azərbaycanlı kimi mənim əsərimi və iştirakımı qəbul etdilər. Məndən çox şri-lankalı rəssam sevinirdi. Əslində, hamıdan əvvəl onun davamlı səylərinə və məni təəccübləndirən qədər inancına çox minnətdaram. Hətta məktubun Pekin Rəssamlıq Sərgisinin ofisinə (Biennal) iki dəfə göndərilməsində onun birbaşa iştirakı var idi. Xoş xəbəri alanda mənə gecə ilə zəng edib bərkdən səsləndi: “Sən inanmırdın, amma mən potensialı gördüm!”
-Mediadan oxuduq ki, ermənilər bu sərgidə təxribat törədiblər. Azərbaycan tərəfi bu təxribatın qarşısını necə aldı?
-Ermənistandan 100 nəfər namizəddən 5-ə yaxın rəssam fotoqrafçı seçilmişdi. Azərbaycandan isə, sən demə, elə bircə mən ərizəmi göndəribmişəm... 7 aydan sonra sərgi bu günlərdə açılanda, Ermənistandan o qədər gələn rəssam oldu ki, onlara ayrıca (digər ölkələr kimi) pavilyon verildi. Bunu görmək, tarixi və mədəniyyəti, incəsənəti hələ Sovet dövrlərindən dünyaya tanınan gənc azərbaycanlı kimi mənə çox pis təsir etdi. Elə indi də təsir edir. Pavilyonda, təbii ki, ermənilər “Qarabağ- erməni torpağı” adı altında bir neçə foto asmışdılar. Çindəki Azərbaycan səfirliyi isə açılışdan dərhal sonra bu məsələ ilə məşğul oldu. Pavilyon bir günə bağlanıldı və bütün Qarabağa aid olan fotoşəkillər həmin gün sərgidən uzaqlaşdırıldı.
-Sərgi müddətində
ermənilər sizə qarşı hansı münasibət
göstərdilər?
-Tədbirdən sonra bütün digər iştirakçılarla axşam qonaqlığına aparıldıq. Məhz orada artıq əsəbiləşmiş erməni sərgisinin kuratoru Anna Gregorian və onun rəssam qrupu mənim və 20-yə yaxın digər ölkələrdən olan rəssamların oturduğu stola yaxınlaşıb əyləşmək istədilər. Mən o an xarici rəssamlara Azərbaycanımız haqqında məlumatlar verirdim. İtaliyadan gələn rəssam yenicə yaxınlaşan erməni qrupuna mənim azərbaycanlı olduğumu deyən kimi, qrup nümayişkaranə şəkildə stolun başından durub getdi. Mən bu reaksiyaya sakit tamaşa etdim. İtaliyalı rəssam məsələni başa düşən kimi gülərək mənə dedi: “Leylacan, mənə söz ver ki, bundan sonra daha da çox ürəkdən gülümsəyəcəksən”. Stolun başında oturan bütün digər xarici qonaqların hamısı gülərək söhbəti davam etdirdilər.
-Sərgidə
sizə çıxış üçün
imkan yaradıldımı?
-Tədbirin ikinci günü mənim və digər ölkələrin rəssamlarının Simpoziumda çıxışı başladı. Siyasi təxribata yol verdiyi üçün erməni kuratorunun çıxışı Çin tərəfindən qadağan olundu. Mən öz çıxışımda isə incəsənətin qloballaşmada, insan şüurundakı əvəzedilməz təsirlərini qeyd etdim. Çıxışımdan bir balaca hissə: “... dil- müxtəlif simvollardan ibarətdir. Və hər bir individualın öz bacarığı və rahatlığı çərçivəsində istifadə edilir. Rəssamlıq isə əbədidir! Rəssamlıq insan cəmiyyətini kamilləşdirir və özünün qavramasında mühüm rol oynayır...İllər öncə, Pekində ilk çəkdiyim əsərim, adi bir çinlinin, bina ustasının mənim 2007-ci ildə hansı fikirdə olmamı sözsüz anlatdısa, demək, yaradıcılığımın düz yolda olduğunu mənə təsdiqləmiş oldu. Əgər əsərim cəmiyyətlə danışıb iki müxtəlif və bir-birindən uzaq mədəniyyətlər arasında dialoqun yaranmasını təmin edirsə, demək, yaratmağa dəyər!... Mən ilk növbədə bu gün bütün ümumdünya rəssamlarına, birlikdə qlobal dünyamızı qurmağa çağırıram. Biz, millətlər və mədəniyyətlər arasındakı əvəzolunmaz bir körpüyük. Mən bu gün artıq “Xəyal” deyil, aydın bir gələcəyin qarşımızda durduğunu görürəm. Gəlin, bütün yolları birlikdə açaq!”.
-Sizin bu çıxışınıza reaksiya necə oldu?
-Çıxışımdan sonra, məni sevindirən əsas hal, alqışlar yox, nahar qonaqlığında bir-bir mənə yaxınlaşıb çıxışımla bağlı saysız xarici rəssamların, özəlliklə ürəkdən sakitcə, yaxınlaşıb qucaqlayan, şöhrətli Xarici əlaqələr üzrə Misir Şurasının üzvü Misir rəssamı xanım K.Elşerifin, İsraildən olan həm fotoqraf, həm də jurnalist Margalit xanımın, Yunanıstandan gələn rəssamların təbrikləri oldu. Bir gün sonra isə artıq gələcəkdə ikiqat və üçqat solo sərgilərə dəvətlər almağa başladım. Amma ən əsası, Azərbaycanın təmsil olunması, ölkəmizin dünya mədəniyyətləri ilə dialoqa, mədəniyyətlərarası mübadiləyə hazır olduğunu göstərmək oldu. Çünki sərgi və sonrakı görüşlərdə mənə yaxınlaşıb Azərbaycanın xaricdə ermənilər tərəfindən “vəhşi ölkə” kimi təqdim olunmasından xəbər verirdilər. Xarici qonaqlar mənim çıxışımdan sonra Azərbaycanı “hələ belə tanımamışdıq” sözləri bir daha mənə təsdiq etdi ki, hələ görüləsi işlər çoxdur... Qarabağımız və Qarabağ münaqişəsi haqqında, ümumiyyətlə, heç bir təsəvvürü olmayan bir çox xarici qonaqlar mənim söhbətlərimdən sonra, ermənilərin yaxınlaşıb mənim oturduğum masanın başında sakitcə üzümə gülüb getmələrini başa düşdülər.
-Bu sərgidə digər azərbaycanlı
həmkarlarınızın da iştirak etməsi üçün
nə kimi köməklik edə bilərsiz?
-Pekin Biennalisi hər 3 ildən bir keçirilir. Mən öz adımdan bütün gənc rəssamlarımızı fəal
olmağa çağırıram.
Bütün nə məlumat
lazımdırsa, mənim
mütləq kömək
etməyə hazır
olduğumu bilsinlər.
Bizim gəncləri nəinki incəsənətdə, xarici
dilləri MÜTLƏQ şəkildə
peşəkar dərəcədə
öyrənmələri ən
vacib başlanğıc
faktordur. Pekin Beynəlxal Rəssamlıq
Sərgisində bütün
rəssamlar ən azı 3 dildə danışırdı: o cümlədən
fransız, ispan və s. Mən özüm kiçik yaşlarından müxtəlif
dilləri öyrənmişəm.
Sizləri də, əziz
gənc rəssamlar, daha çox biliklərə yiyələnməyə
səsləyirəm. Mənim
emailim (leyla_j89@hotmail.com )
bütün Biennal sərgisi üzrə məlumat istəyən Azərbaycan rəssamları
üçün açıqdır.
Fuad Hüseynzadə
Palitra.-2015.-7 oktyabr.-S.10.