Professor Çingiz İsmayılov: “Turizm kütləvi şəkildə əlçatan olmalıdır”

 

“Turistləri qiymətlər və servislə cəlb etmək olar. Bu, rəqabətdir, baxmaq lazımdır ki, Qara dəniz sahili ilə Xəzər sahilində otellərdə qiymətlər necədir. Biz belə müqayisələr aparsaq görürük ki,

uduzuruq”

 

Ölkədə turizmin inkişafı prioritet olsa da bu sektorun davamlı inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bu sahədə mövcud problemlərin həlli yolları ilə bağlı mütəxəssislərin fikirlərinə ehtiyac var. Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:

 

“Turizmin təbliği yalnız sərgilərdə şəkillərin göstərilməsi, videoçarxların nümayiş etdirilməsi, disklərin paylanması çərçivəsində olmalı deyil”

- Bu gün ölkədə turizm sektorunun inkişafı istiqamətində addımlar atılır, bu sektora sərmayə qoyulur və bu sərmayə də dövlət tərəfindən qoyulursa özünü doğrultmalıdır. Yəni gəlirlər olmalıdır. Bu gəlirlər də büdcə gəlirləri kimi ölkənin iqtisadi inkişafına təkan verməlidir. Ancaq hələ ki, bu məsələ çox ləng gedir. Təbii ki, bu sərmayələri bir, iki, yaxud üç ildə də tam əldə etmək mümkün deyil. Yəni, sərmayə nəticəsində o həcmdə gəlirlər uzun illər boyunca təmin olunacaq. Dövlətin bu sahədə apardığı siyasətlə yanaşı, reallıqda hansı imkanlardan istifadə etmirik, hansı maneələr turizm sektorunda gəlirləri tam təmin etmir? Birincisi, ölkəmizdə turizm üçün təbii şərait, resurslar var. Lakin bu sahədə mütləq marketinq lazımdır. Turizmdə təbliğ etmək vacibdir, həm daxildə, həm də xaricdə bu, yalnız sərgilərdə şəkillərin göstərilməsi, videoçarxların nümayiş etdirilməsi, disklərin paylanması çərçivəsində olmalı deyil. Bu, daha geniş olmalıdır. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin saytında daha geniş məlumatlar öz əksini tapmalıdır. Turistlərin gəlməsi, xidmət sahələri, qiymətlərlə bağlı məlumatlar yerləşdirilməlidir. Xüsusilə qiymətlərlə bağlı qeyd etmək istərdim ki, hər bir potensial turist xərclərin az olduğu yerlərə üz tuturlar. İndi böyük bir turizm məkanı olan Avropaya Rusiyadan gedən turistlərin sayı azalıb. Azərbaycan hazırda bu şansdan istifadə etməli və potensial Rusiya turistlərini ölkəmizə cəlb etməlidir. Bunun üçün ölkə təbliğ olmalıdır. Ancaq görək bu gün Azərbaycan turizm industriyası Berlində, Fransada, Londonda deyil, Rusiyada nə dərəcədə təbliğ olunur? Bu tədbirlər Rusiyanın adi quberniyalarında, vilayətlərində həyata keçirilməlidir, yalnız Moskvada olmalı deyil. Harada ki, diasporumuz var, ondan istifadə etməliyik. Yekaterinburq, Nijni- Novqorod, Novosibirsk, xüsusilə də Rusiyanın şərq hissəsindən turistləri cəlb etmək çox vacibdir. Ruslar üçün də bu, əlverişlidir. Əvvəla, xərclər az olmalıdır, həmçinin digər bir önəmli amil odur ki, dil problemi yoxdur. Əsas qiymətlər münasib olmalıdır.

 

“Nə səbəbə Azərbaycanın Tuqay meşələrinə, yaxud yarımsəhra zonasında qoruq sahəsinə səyahət həyata keçirilmir?”

- Hazırda turizm bazarında istənilən səviyyəni əldə edə bilmirik. Bu sektorda rəqabət qabiliyyətli bir turizmə malik olmaq üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

- Turizm industriyasında rəqabət artır, hər bir dövlət istəyir ki, öz üstünlüklərindən istifadə edərək potensial turisti cəlb etsin. Bizim üçün regionda əsas rəqabət yaradan ölkə Gürcüstandır. Gürcüstanda təbii şərait təxminən bizim ölkəmizdəki kimidir. Onların da bizdə olduğu kimi dənizə çıxışı var, onlarda da bizdə olduğu kimi dağ yerləri var. Ancaq bizim üstəlik yarımsəhra zonalarımız var. Bizim ərazimizdən böyük Kür çayı axır. Biz çay turizmini inkişaf etdirə bilərik. Yəni, bizim imkanlarımız çoxdur, çeşidlərimiz çox ola bilər. Lakin biz imkanlarımızdan istifadə etmirik. Çox rahat yolla gedirik. Biz ancaq dağ və dəniz sahili imkanlarından istifadə edirik. Bizim imkanlarımız daha genişdir. Rekreasiya turizminin potensialının dəyərləndirilməsi, qiymətləndirilməsi, elmi əsaslarla aparılmalıdır, prioritet sahələr, yeni ərazilər, ekoloji turizm üçün sahələr müəyyənləşməlidir. Məsələn, Qafqazda analoqu olmayan Kür çayı sahilində Tuqay meşələri var. Gürcüstanda və Ermənistanda Tuqay meşələri yoxdur. Nə səbəbə Azərbaycanın Tuqay meşələrinə, yaxud yarımsəhra zonasında qoruq sahəsinə səyahət həyata keçirilmir? Niyə belə layihələr reallaşdırılmır? Ancaq Qəbələ-Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və Xəzər sahili nəzərdə tutulur. İndi də Göygöl qoruğu açılıb. Biz ancaq sovet dövründən miras qalmış turizm mərkəzlərindən istifadə edirik. Doğrudur, indi Şahdağ turizm kompleksi yaradılıb, sovet dövründə bu mümkünsüz idi. Ancaq yenə də rəqabət baxımından bunun tətbiqi lazımdır. Şahdağ tipli Şimali Qafqazda 7 dağ-xizək mərkəzi var.

 

“Avropaya Rusiyadan gedən turistlərin sayı azalıb. Azərbaycan hazırda bu şansdan istifadə etməli və potensial Rusiya turistlərini ölkəmizə cəlb etməlidir”

 

Gedib qiymətləri təhlil etmək lazımdır. Çünki turistləri qiymətlər və servislə cəlb etmək olar. Bu, rəqabətdir, baxmaq lazımdır ki, Qara dəniz sahili ilə Xəzər sahilində otellərdə qiymətlər necədir. Biz belə müqayisələr aparsaq görürük ki, uduzuruq. Ona görə də turizmə qoyulan o sərmayələr özünü tam doğrultmur. Rəqabət baxımından biz nəzərimizi Şimala, Qərbə turizm mərkəzlərinə yönəltməliyik, serviz və qiymət baxımından diqqət yetirməliyik. Biz əgər istəyiriksə buraya turist axını olsun, Azərbaycandan turistlər Gürcüstana, Yesentukiya, Kislovodskiyə, Soçiyə üz tutmasın, mütləq qiymətlər, servis münasib olmalıdır. Biz əgər bu rəqabətdə uduzuruqsa nəinki xarici turistlər, öz əhalimiz başqa ölkələrə üz tutacaq. Bizim vətəndaşların vəsaitləri başqa ölkələrin büdcəsinə daxil olacaq. Halbuki qazandıqları vəsait ölkəmizdə qalsa, daha yaxşıdır. Eləcə də önəmli odur ki, xarici turistlər bizim ölkəyə gəlsin, dövlətimiz bundan gəlir əldə etsin. Turizmdən gələn gəlir hazırda büdcənin bir faizini təşkil etmir, ancaq turizm ölkələrində bu rəqəm 40 faizdən 70 faizə qədər artır. Milyardlarla ölçülür, bizdə isə heç bir milyard təşkil etmir. Halbuki bu olmalıdır, dövlət bu istiqamətdə siyasət aparır. Qeyri-neft sektorunun ən vacib sahələrindən biri məhz turizmdir. Ancaq burada məqsədyönlü işlər aparılmalıdır. Müvafiq turizm mərkəzlərində monitorinqlər, əhali arasında sosioloji sorğular aparılmalıdır. Məsələn, ölkəyə gələn turistlərlə bağlı bir faktı qeyd edək ki, Rusiyadan ölkəmizə gələnlərin bir qismi orada yaşayan azərbaycanlılardır və onlar öz evlərinə, kəndlərinə gedirlər və nəticədə oteldən istifadə etmirlər, restoranda yemək yemirlər. Bu bizə nə gəlir verir? Bizə lazımdır ki, turist gəlsin, oteldə qalsın, nəqliyyatdan, yeməkxanalardan istifadə etsin. Bunlar hamısı gəlirlərdir. Bu istiqamətdə işlər aparılmalıdır. Əfsuslar olsun ki, burada boşluqlar çoxdur və biz ümidlərlə yaşayırıq ki, bəlkə 2-3 ildən sonra nə isə dəyişiklik olacaq. Ancaq anlamalıyıq ki, rəqabət şəraitində yaşayırıq. İndi İrana da beynəlxalq embarqo götürülüb və buraya da turist axını artacaq. Bu rəqabət şəraitində daha cəlbedici olmalıyıq. Londondan buraya çox cüzi turist gələ bilər. Ancaq Novosibirskdən gəlməsi realdır. Bu imkandan biz istifadə etməliyik. Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar, yaşayış səviyyəsinin aşağı düşməsi rusları buraya cəlb etməyə imkan verir. Bizim üçün daha əlverişlidir ki, MDB məkanından turistlər gəlsin, nəinki Qərbi Avropadan. Çünki oradan gələn turistlərin tələbləri daha yüksəkdir. Ona görə də biz çalışmalıyıq ki, əlbəttə Qərbi Avropadan, ancaq ilk olaraq qonşu ölkələrdən turistləri ölkəmizə cəlb edək. Əgər biz bu istiqamətdə ciddi addımlar atmasaq hələ ki, bu sahədə istədiyimiz rəqəmi əldə edə bilməyəcəyik.

 

“Potensial turist, məsələn, Çexiyadan gəlmək istəyirsə uçuş qiyməti 60 dollar olan Tiflisi seçəcək, nəinki 200 dollar olan Bakını”

-Bu günlərdə belə bir fikir səsləndi ki, yerli əhali otelləri 90 faiz doldurub. Sizcə bu, ölkədə turizmin inkişafıdırmı?

- Əvvəla, əhalinin bir hissəsinin maddi vəziyyəti kifayət qədər yüksəkdir. Bu baxımdan bəzi insanlar istirahətini bir həftə yerli, bahalı oteldə keçirirsə, bir neçə gün də xaricdə keçirə bilər. Ancaq turizm kütləvi şəkildə əlçatan olmalıdır. Bu çox vacibdir. Burada önəmli amillərdən birinə gəldikdə dövlət başçısı rəsmi bəyan etdi ki, uçuşlarla bağlı bizim AZAL kompaniyasının qiymətləri yüksəkdir. Ölkə başçısı dedi ki, təyyarələrin alışı, sərmayələr hamısı dövlət hesabınadır. Ancaq bu sahədə elə bir dəyişiklik müşahidə etmirik. Biz hansısa xarici turistin gəlib qiymətlərin baha olduğunu deməsinə diqqət yetiririk. Hər birimiz xaricə getdikdə qiymətlərin baha olduğunu görürük. Nə üçün Tiflisdən İstanbula təyyarə qiymətləri 90 dollardır, amma bizdə bu qiymətlər 250 dollardır? Turist buraya gəlməlidir və uçuş dəhşətli dərəcədə baha qiymətə olduqda gəlmir. Potensial turist, məsələn, Çexiyadan gəlmək istəyirsə uçuş qiyməti 60 dollar olan Tiflisi seçəcək, nəinki 200 dollar olan Bakını.

Bizdə 5 ulduzlu oteldəki çarpayını əhalinin sayına görə də hesablayın, təbii ki, 90 faiz dolacaq. Ancaq o ilboyu dolmur. Otellər 90 faiz olmasa da ilboyu 50 faiz dolmalıdır. Məsələn, gedib noyabrın sonunda, yaxud fevral ayında otellərə baxsaq görərik ki, otellərdə heç kim yoxdur. Turizm ilboyu olmalıdır. Reallıq odur ki, otellərin bir mövsümdə 90 faiz dolması o demək deyil ki, tam özünü maddi, gəlir baxımından doğruldur. İl ərzində oraya nə qədər vəsait qoyulub, nə qədər gəlir əldə edildiyini hesablamaq lazımdır. Biznesin qanunu odur ki, gəlirlər xərcləri üstələməlidir. Ancaq bizdə bu belə deyil. Otellər ilboyu fəaliyyətdə olmalıdır. İqtisadi baxımdan özünü doğrultması üçün gəlirlər olmalıdır. Bu gəlirlər də əhalinin imkanlarına uyğun olmalıdır. Otellərdə nə qədər əhalinin istirahət etməsi ilə bağlı sorğu aparsaq necə mənzərənin yarandığının şahidi olarıq. Biz bunları elmi baxımdan təhlil etməsək bizim turizmə qoyulan xərclər on illər sonra bəlkə özünü doğruldar. Biz indiki iqtisadi böhran şəraitində öz resurslarımızdan, potensialımızdan, dövlətin qeyri-neft sektorunun, xüsusilə də inkişafı istiqamətində dəstəyi ilə bağlı gərək işimizi elə quraq ki, bu siyasət özünü doğrultsun. Rəqabət zamanında yaşayırıq, qonşularımız bizə rəqabətdədirlər, biz də öz üstünlüklərimizdən istifadə edərək gəlirləri təmin etməliyik və potensial turistləri ölkəmizə cəlb etməliyik. Bunun yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyəti də var. Azərbaycanın həqiqətlərini göstərməkdir. Əgər turist gəlib ölkəmizlə bağlı həqiqətləri görmürsə kənarda deyilən dırnaqarası həqiqətlərə inanır. Gəlib görsə, boş cəfəngiyyata qulaq asmayacaq. Ona görə də turizmin inkişafı həm də siyasi, Azərbaycanın həqiqətlərini təbliğ etmək əhəmiyyəti daşıyır. Buna görə də turizmə yalnız gəlir əldə etmək kimi baxmaq olmaz.

 

“İrəliləyiş otellərin sayı, ulduzları ilə deyil, bura gələn turistlərin sayı və yatırdığı vəsaitin həcmi ilə ölçülür”

- Bu gün turizm ölkələrində, o cümlədən qonşu Türkiyədə turizmlə bağlı çoxsaylı layihələr həyata keçirilir. Bizdə isə bu istiqamətdə demək olar ki, heç bir layihə reallaşdırılmır...

- Biz ənənəvi turizm növlərindən istifadə edirik. Bu sahədə mütəxəssislər cəlb edib, layihələr həyata keçirilməlidir. Heç kim inkar etmir ki, hər bir sahədə, turizmdə də davamlı inkişaf var. Bu haqsızlıq olardı ki, 5 il bundan əvvəlki turizmlə heç bir dəyişiklik yoxdur. Biz irəli gedirik, ancaq unutmaq olmaz ki, biz rəqabət şəraitindəyik, qonşularımız da inkişaf edir. Əgər biz bu rəqabəti təmin edə bilmiriksə, demək biz uduzuruq. Məsələn, 5 il bundan qabaq ölkədə otellərin sayının 50, bu gün isə 100 ədəd olması irəliləyiş deyil. İrəliləyiş otellərin sayı, ulduzları ilə deyil, bura gələn turistlərin sayı və yatırdığı vəsaitin həcmi ilə ölçülür. Buna görə də ciddi addımlar atmalıyıq.

 

Nigar Abdullayeva

 

Palitra.-2015.-7 oktyabr.-S.4.