Təhsil sistemində islahatların səmərəli
olması pedaqoji kadrlardan
asılıdır
İndiki dövrdə müəllim pedaqoji ustalığa, ən son
yeni texnologiyalara,
İKT biliklərinə və yenilikçiliyə malik olmalıdır
Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin formatı dəyişdiriləcək. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. Qeyd edək ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, Bakıda diaqnostik qiymətləri zamanı müəllimlər suallara kağız üzərində cavab veriblər: "Lakin bundan sonra diaqnostik qiymətləndirmənin elektron qaydada keçirilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı texniki işlər görülür".
İ.Nağıyev əlavə edib ki, bu ilin sonuna kimi Azərbaycanın daha 12 rayon və şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək ki, bu zaman yeniliyin tətbiqi planlaşdırılır. İ.Nağıyevin sözlərinə görə, Təhsil Nazirliyində diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb: “Diaqnostik qiymətləndirmənin bəzi məqamları məktəb rəhbərlərində, müəllimlərdə müəyyən suallar oyadırdı. Bu qaydalarda hər şey var. Əmr imzalanan kimi qaydalar nazirliyin saytında elan ediləcək”. Nazirlik rəsmisi əlavə edib ki, növbəti diaqnostik qiymətləndirməyə 12 rayonun müəllimləri cəlb edilsə də, proses 6 rayonda keçirilə bilər: "Diaqnostik qiymətləndirmənin regional mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Məsələn, Cəlilabad, Masallı iki qonşu rayondur. Nəzərdə tutulur ki, onların biri seçilsin, diaqnostik qiymətləndirmə də birində olsun. Sumqayıt, Abşeron, Qubadlının müəllimlərinin diaqnostik qiymətləndirilməsinin bir yerdə, Mərkəzi Aran rayonlarının qiymətləndirilməsi isə bir yerdə aparılması planlaşdırılır. 12 rayonun müəllimləri diaqnostik qiymətləndirməyə cəlb ediləcək. Amma ola bilər ki, imtahanlar 6 rayonda keçirilsin”. Bu ilin sonuna kimi Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq. Sınaq qiymətləndirilmənin nəticəsində gələn ilin yanvarından həmin rayon və şəhərlərin müəllimlərinin maaşları artırılacaq. Bu tədbir 35-40 min müəllimi əhatə edəcək. Bu prosesdə iştirak, müəllimlərdən yüksək hazırlıq tələb edir. Elə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda təşkil edilən “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda növbəti pedaqoji innovasiyalar seminarı da bu məsələlərin müzakirəsinə həsr edilib. Seminarda çıxış edən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsilin hər bir dövlətin siyasi-iqtisadi strateji əhəmiyyətli fəaliyyət sahəsi olduğunu vurğulayıb. Bildirib ki, məhz təhsil hər bir dövlətin sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər güclü dövlətdə olduğu kimi Azərbaycanda da təhsilin inkişafına xüsusi diqqət yetirilir. O, Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişaf istiqamətləri haqqında söz açarkən, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olduğunu deyib. Direktor yeni demokratik modellərin axtarışı, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiyası prosesində institutun son illər ərzində gördüyü işlərdən də məlumat verib. Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açıb: “...Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir”. Qulu Novruzov onu da vurğulayıb ki, müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür. Çünki qloballaşan dünyada elmi-texniki tərəqqi inkişaf etdikcə, müasir təhsil sisteminin də bu sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən, institut əməkdaşları təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün birgə işləməli, qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidr. ARTPİ-nin müəllim hazırlığı kurikulumu şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Müdafiə Mahmudov “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda seminara başlayıb. Təqdimatla çıxış edən professor Müdafiə Mahmudov ölkəmizdə aparılan təhsil islahatlarından ən önəmli istiqamətlərindən biri olan müəllim hazırlığının kurikulumunun (proqramının) keyfiyyəti, pedaqoji kadrların hazırlığına verilən vacib tələblər barədə geniş məlumat verib. O bildirib ki, təhsil sistemində aparılan islahatların səmərəliliyi pedaqoji kadrların hazırlığı ilə əlaqədardır. İndiki dövrdə müəllim pedaqoji ustalığa, ən son yeni texnologiyalara, İKT biliklərinə və yenilikçiliyə malik olmalıdır. Professor dünyanın lider ölkələrinin müəllim hazırlığı proqramını öyrənib və ölkəmizin təhsil sistemi ilə müqayisə edib. Müqayisə zamanı aşkar olunan nöqsanlar, problemlər, perspektivlər, reallıqlar və s. barədə geniş məlumat verib. İlkin müəllim hazırlığı və əlavə təhsilin problemləri barədə də geniş danışıb. Seminar boyu professor Müdafiə Mahmudov xüsusi hazırlanmış slaydlar vasitəsilə iştirakçılara müəllimin əsas vəzifələri və funksiyaları, tədris prosesi zamanı nələr etməli olduqlarını izah edib. Seminarın sonunda professor mövzu ilə bağlı iştirakçılar tərəfindən verilən sualları cavablandırıb. Tədbirdə institutun rəhbərliyi, Abşeron, Sumqayıt, Qobustan, Şamaxı, Şuşa təhsil şöbələrinin əməkdaşları, məktəb, bağça, tədris mərkəzlərinin rəhbərləri, ali təhsil müəssisələrinin elm adamları, Azərbaycanın şəhər və bölgələrindən gələn təhsil işçiləri, doktorant və dissertantlar, institutunun əməkdaşları iştirak ediblər. Ümumiyyətlə, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsi yaradılır. Pilot məktəblərin 4 istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə təmayülləşməsi nəzərdə tutulub. Müvafiq təhsil müəssisələri Bakı, Gəncə, Sumqayıt və digər şəhərləri əhatə edir. Bakı şəhərinin 8 məktəbində sınaq layihə kimi tətbiq edilən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi qərara alınıb və cari tədris ilindən həmin layihəyə ölkənin müxtəlif bölgələri də daxil olmaqla 50 pilot məktəbi də qoşulub. Həmin pilot məktəbləri üçün tədris planları təsdiq edilib. Bu sahə ilə bağlı yeniliklərin tətbiq edilməsinə ehtiyac var. Bakı şəhərindəki 47 nömrəli tam orta məktəbdə yaradılmış “Sağlam təhsil” sinfini bu yenuiliklərdən hesab etmək olar. 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda bir ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. Bu siniflərdə dərs deyən müəllimlərin maarifləndirilməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb. Ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil” sinfində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyənləşdirilib. “Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır.
Anar Miriyev
Palitra.-2015.-8 oktyabr.-S.11.