“Efiri bayağı və şit şou
verilişlərindən xilas etməliyik”
Nuşirəvan Məhərrəmli:
“Yeri gələrsə, bəzi telekanallardan
bütövlükdə xilas olacağıq, qoy, Azərbaycanda
10 yox, 6-7 kanal
olsun”
Milli Televiziya və
Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin
APA-ya müsahibəsini ixtisarla təqdim edirik:
- Nuşirəvan
müəllim, 30 sentyabr - 5 oktyabr aralığında ANS
telekanalında yayımlanan 3 veriliş Şura tərəfindən
qapadıldı və telekanal xeyli miqdarda cərimələndi.
Lakin ANS-dən başqa, özəl televiziya kanallarında da
xoşagəlməz hallar müşahidə olunurdu. Ancaq
Şuranın səlahiyyətləri artırılandan sonra
ilk sərt cəza mexanizmi ANS-ə tətbiq edildi. Ümumiyyətlə,
verilişlər ANS-ə xəbərdarlıq edilmədən
qapadılıb?
- Bildiyiniz kimi, bu məsələ ilə
bağlı biz öz fikrimizi ortaya qoymuşuq. Cəmiyyət
bilməlidir ki, MTRŞ fəaliyyətə
başladığı ilk gündən efirdəki
bayağılığa, şitliyə, süni qalmaqallara
qarşı ciddi mübarizə aparıb. Bu mübarizə həmişə
olub. Qeyd edim ki, 5 il bundan qabaq da “Ümid var”, “Adam içində”
tipli verilişlərə müəyyən tövsiyələr
vermişdik, xəbərdarlıq etmişdik. Amma çox təəssüf
ki, onlar həmin verilişlərin adını dəyişdirib
başqa ad altında fəaliyyət göstərdilər. Cəmiyyət
isə bizdən bu tip verilişlərə, ümumiyyətlə,
özəl telekanallarda yayımlanan bayağı verilişlərə
qarşı mübarizə aparmağı tələb edir.
Lakin MTRŞ-nin səlahiyyətləri o dərəcədə
deyildi ki, həmin verilişləri bağlasın. “Televiziya və radio yayımı haqqında” qanuna bu
ilin fevral ayında dəyişiklik baş verdi və həmin
dəyişikliklə MTRŞ-yə “Televiziya və radio
yayımı haqqında” qanunun pozulmasına görə, həm
verilişlərin, həm kanalların fəaliyyətini
dayandırmaq səlahiyyətləri verildi. Fevral
ayında qəbul olunmuş dəyişikliklər hüquqi
qüvvəsini sentyabr ayının 16-da MTRŞ haqqında
Əsasnaməyə dəyişikliklə öz həllini
tapdı və biz sentyabrın 16-dan sonra bu sahədə ciddi
işə başladıq. Bundan qabaq isə televiziya
kanallarının rəhbərləri ilə ciddi söhbətimiz
oldu və biz efirdəki nöqsanların aradan
qaldırılmasını onlardan tələb etdik. Bizim verdiyimiz qərar
tək ANS telekanalına aid deyil.
Bu bütün televiziya kanallarına aiddir. İlk olaraq,
xüsusən sosial problemlərin həllinə dəstək
adı altında yaradılmış şou proqramlarına
qarşı hərəkətə keçdik. Bu cür proqramlar həm ANS, həm də ATV
telekanalında yayımlanırdı. Artıq
bu iki kanalın rəhbərliyi bilirdi ki, bu tip verilişlərə
qarşı tədbirlər gözlənilir. Elə buna
görə də ATV telekanalı Şuranın iclasından
iki gün qabaq “Öz aramızda” verilişini bağladı və
bu haqda bizə məlumat verdi. Amma çox təəssüf ki, ANS kanalı bunu etmədi
və biz belə bir sərt qərar vermək məcburiyyətində
qaldıq. Əgər indiyə qədər
televiziya kanalları özləri efirdəki nöqsanları
aradan qaldırardılarsa, biz ancaq bunu alqışlayardıq.
Amma çox təəssüf ki, belə
olmadı. Bu gün Azərbaycan efirində,
xüsusən də özəl kanalların efirindəki vəziyyət
bizi çox narahat edir. Azərbaycanın
özəl televiziya kanalları demək olar ki, cəmiyyət
üçün ən aşağı növ verilişlər
hazırlayır. Televiziya kanalları daha
yüksək ideyalarla cəmiyyəti öz arxasınca
aparmalıdır. Çox təəssüf
ki, televiziya kanalları ən aşağı səviyyəli
şoular yaratmaqla bir-birləri ilə rəqabətə girirlər.
Keyfiyyətli verilişlər uğrunda yox,
keyfiyyətsiz, aşağı səviyyəli verilişlər
hazırlamaqla bir-birləriylə yarışdılar və bu
da cəmiyyətin haqlı olaraq narazılığına səbəb
oldu. Mən elə hesab edirəm ki, heç bir normal
ziyalı istəməz ki, onun efirində bu cür
bayağı, şit, süni verilişlər
olsun. Çox təəssüf ki, Azərbaycanda
milli-mənəvi dəyərlər anlayışını bəzi
televiziya kanalları ironik şəkildə təqdim edirlər,
mənasını bilmədiklərini deyirlər və bu hal
xüsusən də özünü ANS televiziyasında
göstərir. Bu çox
düşündürücü məqamdır. ANS
kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən
aşağı səviyyəli qara yumoristik səhnəcikləri
göstərən, efirində ən ədəbsiz ifadələr
işlədilən, cinsi azlıqların həyat tərzini
adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və
bu onun sifətidir.
- Amma ANS
telekanalının Qarabağla, Azərbaycan həqiqətləri
ilə bağlı gördüyü işlər var...
Razıyam, amma yaxşı işlərlə bərabər,
sadaladıqlarım onun efirindən səslənib, onun efirindən
göstərilib. Milli-mənəvi dəyərləri bilmədikləri
üçün də bu cür verilişlər onların
efirindən yayımlanır. Biz Azərbaycan
efirini bayağı, şit şou verilişlərindən
xilas etməliyik. Təbii ki, şou
özü-özlüyündə bütün dünyaya xas
olan veriliş tiplərindən biridir. Amma
çox təəssüf ki, dünyada artıq şou
bütün fəaliyyət sahələrinə aid edilir.
Yəni ciddi məsələlər hər yerdə
qeyri-ciddiyə çevrilərək şou halına gətirilir.
Bu özünü siyasətdə, iqtisadiyyatda,
hüquqda, dində, hətta elmdə də göstərir.
Çox təəssüf ki, bu belədir.
Efirə dəvət olunan din xadimi qısa
müddətdən sonra din üzrə şoumenə,
hüquqşünas hüquq üzrə şoumenə, psixoloq
psixologiya üzrə şoumenə çevrilir. Bu, çox pis tendensiyadır. Cəmiyyətdə
dəyərsizləşmə gedir. Bir
növ insanları zəhmət tələb etmədən,
çox asan, ucuz yolla cəmiyyətdə özünə yer,
mövqe tutmağa şirnikləndirir. Biz
bu tendensiyanın qarşısını almalıyıq.
Çox təəssüf ki, ANS kanalı digər
kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə
yaşayır. Sanki onların etdikləri hər
şey doğrudur. Heç kim onlara
bir söz deyə bilməz.
- Cərimələrin
də miqdarı bir qədər yüksək oldu…
- Cərimələr,
əsasən, sponsorla bağlı reklamın tələblərinin
pozulmasıdır. Reklam haqqında qanuna dəyişiklər
oldu. Çox geniş müzakirələr
aparıldı və biz gözləyirdik ki, bundan sonra bu hallar
olmayacaq. Biz bu sahədə əvvəlki
illərlə müqayisədə limiti artıq aradan
götürmüşük. Demək olar
ki, MTRŞ indiyə qədər həddindən artıq
televiziya kanallarına böyük güzəşt edirdi.
Amma bizim səlahiyyətlərimiz o verilişləri
qapatmağa imkan vermirdi. Biz verilişləri
bağlada bilmirdik. Bəli, indi isə
Şuraya bağlamaq səlahiyyəti verilib. Bilirsiniz, efir heç bir televiziya kanalının rəhbərinin
şəxsi mülkiyyəti deyil. Efirin
dövlət mülkiyyətində olmasını başa
düşməlidirlər. Oranın binası,
maşın və avadanlıqlar onların mülkiyyəti ola bilər, amma efir heç kəsin mülkiyyəti
deyil. Oradan başqalarına qarşı qərəzli
şəkildə xüsusi kampaniya aparılarsa, o zaman
telekanala qarşı çox ağır şəkildə cəza
tədbiri görüləcək.
Çox təəssüf ki, televiziya sahəsində
problemlər çoxdur. Efiri şitlik, bayağılıq,
sünilikdən uzaq olmayan verilişlərlə doldururlar.
Hətta reklamların özündə belə
ciddi pozuntular var. Azərbaycanın milli-mənəvi dəyərləri
üçün xarakterik olmayan reklam səsləndirmələri
olur. Xüsusən də tibb sahəsində, bir neçə
klinikanın xidmətləri ilə bağlı reklamlarda bu
var. Mən bəzən televiziya kanalların sahiblərinə
deyirəm ki, siz özünüz eşitmirsiniz, siz ailənizlə
birlikdə oturub buna qulaq asmırsınız ki, belə formada
reklam doğru deyil? Nə olsun ki, reklam sizə əlavə
gəlir gətirir? Siz əgər
bütövlükdə hamınız buna “yox” desəniz reklam
verən məcbur olub o reklamı elə formada verməyəcək.
Və yaxud da süni qalmaqal yaradan aparıcı
mükafatlandırılmamalıdır, əksinə efirdən
uzaqlaşdırılmalıdır. Amma
bizim efirdə çox təəssüf ki, əksinədir.
Yaxşı olardı ki, insanlar saxta ssenarilər
haqda bizə məlumat versinlər.
- Mirşahin Ağayev sizin gətirdiyiniz
arqumentlərin qarşısında hansı arqumentləri irəli
sürdü?
- Təbii
ki, iclasda gedən bütün məsələləri tam
şəkildə sizə deyə bilmərəm. Amma birinci iclasda bizim arqumentlərimizin bəziləri
ilə razılaşdığı və
razılaşmadığı məqamlar oldu. O, bunu
televiziya işi ilə bağlayır, deyir ki, burda şou
yaratmaq üçün bunlar lazımdır, bunlar olmasa
şou olmaz. Bildirir ki, söz oynatmaq, saxta
ssenarilər, ciddi məsələlərin qeyri-ciddiyə
çevrilməsi, yumoristik səhnəciklər - bunların
hamısı lazımdır. Amma çox təəssüf
ki, buradan çıxanda başqa formada ifadələr işlədir
və ona uyğun olaraq da bizim adekvat cavablarımız olur.
- 5 il ərzində,
Xoşqədəm Baxşəliyeva ilə bağlı ATV
telekanalına da hər hansı xəbərdarlıq
etmişdiniz?
- Dəfələrlə
xəbərdarlıq etmişdik. Həm ATV
telekanalının rəhbərliyi, həm də ANS
telekanalının rəhbərliyi ilə bu barədə
söhbətlərimiz olub. Hətta ATV kanalının rəhbərliyi
tərqibən bir il yarım bundan öncə
verilişi bağlamaq haqda düşündüyünü
söylədi və dedi ki, bizə vaxt verin, biz bu verilişi
bağlayacağıq.
O vaxt
verilişlə bağlı bizə bəzi siqnallar da daxil
olmuşdu. Verilişdə saxta ssenarilərin
qurulması ilə bağlı əlimizdə bəzi faktlar
var idi. ATV kanalı da həmin faktlara
görə verilişin fəaliyyətini
dayandırdığını bizə bildirdi və həmin
faktlar bizə verildi. Biz ANS kanalının
rəhbərlərindən olan Mirşahini Şuraya dəvət
etdik. Onunla birlikdə həmin süjetə
baxdıq və dedik ki, təcili tədbirlər görün.
Yay ayları idi, Azərbaycanda I Avropa Oyunları
keçirilirdi. Buna görə məsələni
sonrakı dövrə saxladıq. Lakin ANS
sırf qapadılan verilişlərlə bağlı hər
hansı bir addım atmadı. Sosial problemlərin
həllinə dəstək adı altında yayımlanan “Adam
içində”, “Ümid var” verilişlərinə görə
dəfələrlə televiziya kanalları ilə söhbətimiz
olub, xəbərdarlıqlar etmişik. Amma
o xəbərdarlıqlar çox təəssüf ki, bir nəticə
vermədi. Buna görə də bu cür
sərt addımlar atmaq məcburiyyətində qaldıq.
Eyni zamanda, özəl televiziya
kanallarının musiqi redaksiyalarında böyük
nöqsanlar var. Bu məsələ də ciddi məsələdir.
Azərbaycan musiqisi aşağı səviyyəli
müğənnilərin ifa etdikləri musiqi deyil. Biz özəl televiziya kanallarında efiri
sağlamlaşdırmalıyıq. Bir
sıra televiziya kanalları efirlə toyxananı
qarışdırıb.
- Məsələn,
“Space” televiziyasında yayımlanan “Sevimli şou”…
- Bəli,
“Space” və “Xəzər” televiziya kanallarında yayımlanan
o tip verilişlərə görə telekanal rəhbərləri
Şuraya çağırılıb, söhbətlər
aparılıb. Onlardan bu sahədə ciddi
dönüş edilməsi tələb olunub və onlar da bu
sahədə ciddi dönüş edəcəkləri haqda bizə
söz veriblər və biz də bunu gözləyirik. Mən “Sevimli şou”nun aparıcını da
Şuraya dəvət etdim. Özüm
birbaşa həm onunla, həm də kanal rəhbərliyi ilə
söhbət etdim. Aparıcı hərəkətlərinə
bəraət qazandırdı ki, bu reytinq xətrinə edilən
bir işdir. Mən də ona bildirdim ki,
reytinq xətrinə bunlar edilməsin. Lazım gələcəksə
biz o tip verilişlərdən də xilas olacağıq. Hətta yeri gələrsə, bəzi televiziya
kanallarından bütövlükdə xilas olacağıq.
Azərbaycanda ,qoy, 10 televiziya kanalı
olmasın, 6 və ya 7 televiziya kanalı olsun. Amma
televiziya kanallarında Azərbaycanı təmsil edən
gözəl verilişlər olsun. “Sevimli şou”, “Məchulu
tapın”, “5-də 5”, “Ay Zaur”, “Zarafatsız şou”, “Hər
şey daxil” verilişləri diqqət mərkəzindədir.
Mən artıq tapşırıq vermişəm.
ANS, ATV, “Xəzər” və digər kanallardakı nöqsanlar
birbaşa bizim saytda yerləşdiriləcək. Qoy insanlar görsün ki, hansı məsələyə
görə MTRŞ kanallara qarşı cəza mexanizmi tətbiq
edib. Bunlar Azərbaycanın milli-mənəvi
dəyərlərinə uyğun olan bir şey deyil. ANS kanalı bizdən milli-mənəvi dəyərlərin
siyahısını, tərifini istəyir. Yəni bizə
deyin ki, nə milli-mənəvi dəyərdir, nə milli-mənəvi
dəyər deyil. Artıq bir neçə
gündür çox ironik şəkildə, guya ki, milli-mənəvi
dəyərlərin müzakirəsi gedir. Əslində
dolayısı ilə MTRŞ-nin verdiyi qərara qarşı
bir kampaniya aparırlar. Bu ucuz bir kampaniyadır.
Bu kampaniyalar 90-cı illərdə
özünü göstərib. Biz
artıq 21-ci əsrdə yaşayırıq.
- Bəzi ziyalılarımız
Xoşqədəm Baxşəliyevanın axtarış
proqramının cəmiyyətə fayda verdiyini bildiriblər.
Buna münasibətiniz necədir?
- Biz bunu
gözləyirdik. Cəmiyyətdəki
insanların zövqləri müxtəlifdir. Sosial problemlərin həllinə dəstək
adı altında yayımlanan verilişlər çox təqdirəlayiq
haldır. Biz bunu dəstəkləyirik.
Ona görə də verilişin 1 ay
bağlanması haqda qərar vermişik. Amma
bu verilişdə sosial problemlərin həllinə dəstək
adı altında şou yaradılır. Sosial
problem ciddi məsələdir. Fiziki və
psixi qüsuru olan, öz hüquqlarını bilməyən
insanlar heç vaxt qeyri-ciddi formada şouya qoyulub
alçaldılmamalıdır, təhqir olunmamalıdır.
Amma bu verilişlərdə musiqinin
müşayiətiylə bəzən günlərlə eyni
adamı efirdə göstərməklə müxtəlif
formada, hətta verilişə dəvət olunmuş ekspertlərin
qınaqları, bəzən o qınaq təhqirlər
formasında alçaldıcı formada verilib. Bu efirdən görünür. Çox
təəssüf ki, bizim bəzi ziyalılarımız
televiziya kanallarının hansına gedirlərsə, o
televiziya kanalını tərifləyirlər. ANS-ə gedərkən ANS 1 nömrəli kanal, ATV-yə
gedərkən ATV 1 nömrəli kanal, “Space”yə gedərkən
isə “Space” 1 nömrəli kanal olur. “Xəzər”ə
gedəndə “Xəzər”i, “Lider”ə gedəndə “Lider”
telekanalını tərifləyirlər. Amma
oradan çıxandan sonra başqa yerdə Azərbaycan efirindəki
nöqsanlardan danışırlar. Bu
çox pis tendensiyadır. Buna təəssüf
edirəm. Azərbaycanda bütün məsələlərdə
ən böyük iş ziyalıların üzərinə
düşür. Ziyalılarımız isə
bu məsələlərdə qeyri-ciddiliyə yol verirlər.
Amma istənilən şəxsin, istər adi vətəndaşın,
istər millət vəkili, istər tanınmış sənətçi
olsun, biz onların fikirlərinə həmişə hörmətlə
yanaşırıq. Amma biz dövlət qurumu kimi öz
üzərimizə düşən işi görməkdə
israrlıyıq və hesab edirəm ki, Azərbaycan efirindəki
bayağı, şit, süni qalmaqal yaradan
verilişləri dayandırmaqda haqlıyıq.
Palitra.-2015.-8 oktyabr.-S.5.