“İxtisas seçimi dərsləri uşaqlarda
peşə dünyası haqqında konkret
təsəvvür yaratmağa yönəlib”
Vəfa
Məmmədova: “İbtidai siniflərdə
peşə seçimi dərslərinin təşkilində
nəzərə almaq lazımdır ki, bu dövrdə uşaqlarda əməksevərlik
formalaşır, bu mərhələdə
uşaqlarda valideynlərinin və
yaxın adamların peşəsinə maraq
oyanır"
Hal-hazırda məktəbin yuxarı siniflərində peşə seçimi işinin müxtəlif forma və metodlarının istifadəsinin kifayət qədər böyük təcrübəsi toplanıb. Ancaq son illərdə təsərrüfat sahələrinin inkişafı, yeni əmək texnologiyalarının meydana gəlməsi, cəmiyyətdə iqtisadiyyatın sosial situasiyanın dəyişməsi dövründə məktəbi bitirən məzun bu dəyişiklikləri nəzərə alaraq gələcək peşəsinin şüurlu seçimini etməlidir. Belə situasiyada bütün məktəb təhsili boyunca məqsədyönlü , sistematik ixtisasseçimi işinin təşkili lazımdır. Layihə çərçivəsində təqdim etdiyimiz müsahibədə Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına 155 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədova da bu məsələlərə toxunub:
-İbtidai siniflərdə peşə seçimi dərslərinin təşkilində nəzərə almaq lazımdır ki, bu dövrdə uşaqlarda əməksevərlik formalaşır, bu mərhələdə uşaqlarda valideynlərinin və yaxın adamların peşəsinə maraq oyanır. Bu dövrdə peşə seçimi dərslərinin əsas məqsədi peşələr haqqında təsəvvürün formalaşması, əməyin insan həyatında rolunun müəyyənləşməsi olmalıdır. Əşyalarla tanışlıq, bədii ədəbiyyatın oxusu, ekskursiyalar, ixtisas seçimli oyunlar zamanı müəllim kiçikyaşlı məktəbliləri peşələrlə tanış edir. Bu zaman “peşə” sözünün mənasını açıqlamaq lazımdır. Bir qayda olaraq uşaqlara “Peşə nədir?” sualını verəndə cavabında bunu eşidirik: ”Müəllim, həkim, polis...” Sonra yaxşı olar ki, bu sual verilsin: “Bəs bu peşələrə sahib olmaq üçün insanlara hansı biliklər lazımdır? ( Və ya bu peşəni seçmiş insanlar nələri bilməlidirlər?) Sonda tədricən “peşə” anlayışı meydana gəlir, bundan sonra peşələri fəaliyyət növləri ilə birləşdirmək lazımdır. (biriləri öyrədir, başqaları müalicə edir, üçüncüləri təmir edir, bişirir, qoruyur və s...). Beləliklə, peşə seçimi dərslərində bu haqda söhbət aparmaq zərurəti ortaya çıxır. Kiçik məktəb yaşlarında ixtisas seçimi dərsləri uşaqlarda peşə dünyası haqqında konkret əyani təsəvvür yaratmağa yönəlib. Məhz bu təsəvvürlər gələcəkdə ixtisas seçiminin psixoloji əsasını yaradır.
Dərslərin planlaşdırılmasında hər hansı bir dərs və ya tərbiyəvi məşğələləri ümumi qəbul olunmuş strukturuna əsaslanmaq tövsiyə olunur:
*Mövzu
*Məqsəd
*Məsələlər
*Dərsin qısa planı və ya dərsin gedişi
*İstifadə olunmuş material.
Dərsin mövzusu şagirdin tanış olacağı peşə ilə üst-üstə düşməlidir. Bu, məsələn belə səslənə bilər: “Tanış olun, aşpaz peşəsi!”. Hər bir işdə olduğu kimi peşə seçimi işində də məqsəd qoyulur. Məqsəd: Peşə haqqında əyani konkret təsəvvürlərin formalaşması üçün şəraitin yaradılması.
Bəzi metodiki tövsiyələrdə bir deyil, üç məqsəd qoymağı məsləhət görürlər: öyrədici, inkişafetdirici, tərbiyəvi.
* Peşə haqqında konkret əyani təsəvvürlərin formalaşması üçün şəraitin yaradılması (öyrədici məqsəd)
* Peşə sənət dünyası haqqında olduqca rəngarəng təəssüratlar yaratmaqla şagirdlərdə şüurlu yaddaşın, differensial mənimsəmənin, diqqətin, tanımaq bacarıqlarının inkişafı (inkişafetdirici məqsəd)
* Şagirdlərin müasir dünyada peşənin zəruriliyini dərk etməsi, peşə vəzifəsinin uğurla yerinə yetirilməsində vacib olan məsuliyyət və səliqəlilik kimi keyfiyyətlərin birlikdə müzakirəsi və başa düşülməsidir.
-Peşə seçimi dərslərinin zəruri məsələləri
kimi daha nələri qeyd etmək olar?
-Peşə haqqında konkret əyani təsəvvürlər formalaşdırmaq (əməyin məzmunu, əmək alətləri, əmək fəaliyyəti zamanı davranış qaydarı), şagirdləri peşə dünyası ilə tanış etmək, əmək fəaliyyətinə motivasiya və maraq formalaşdırmaq, uşağın intelektual və yaradıcı imkanlarını inkişaf etdirmək. Məsələlər-məqsədə çatmaq üçün ara addımlarıdır. Əgər məşğələ 30 dəqiqəlikdirsə, belə məsələlərin sayı 3-dən çox olmamalıdır. Başqa sözlə, məqsədə çatmaq üçün nə edirsinizsə bunu məsələlərdə əks etdirməlisiniz. Ən əsası onlar məqsədlə uzlaşmalıdır, aydın və konkret formalaşmalıdır.
İbtidai sinifdə peşə seçimi işinin əsas məsələsi uşaqlarda əmək fəaliyyətinin müxtəlif növlərinə maraq oyatmaqdan ibarətdir. Şagirdləri tədricən nəhəng peşə dünyasına daxil etmək lazımdır. Nəzərə almalıyıq ki onlar hələlik ən parlaq, ən təsiredici olanları yadda saxlayırlar. Kiçikyaşlıların əmək haqqında təsəvvürləri təkcə müşahidələrdə deyil, eyni zamanda oxu vasitəsilə də genişlənə bilər. Bu, perspektivdə çox qiymətlidir. Çünki peşə dünyasında bir çox vacib şeylər söz vasitəsilə ağlabatan olur. Kitab peşə dünyasına vacib və avtoritet pəncərə ola bilər.
-Dərslərin gedişi və lazım olan materiallar haqqında nə deyə bilərsiniz?
- Yaxşı olar ki, peşə haqqında mütəxəssis
özü danışsın
və ən yaxısı bunu iş yerində etsin.Ancaq bu obyektiv səbəblərdən
hər zaman mümkün olmadığına
görə, bu peşə haqqında danışarkən əyaniliyə
üstünlük vermək
lazımdır. Peşə haqqında
hekayə 4-5 dəqiqədən
çox uzanmamalıdır
və əyani materiallarla (şəkil, foto şəkil, əmək alətləri
və s.) ilə müşahidə olunmalıdır.
Tövsiyə olunur ki, hekayəni mütəxəssisin
bir günü, onun bioqrafiyası haqqında bir tarixçə formasında
təqdim edilsin.
Mühazirələr bir
sıra məqamları
əks etdirməlidir:
Peşənin tarixi (bu söz necə
əmələ gəlib?),
əməyin məzmunu,
bu peşə üzrə işdə olan məhdudiyyətlər,
müxtəlif insanların
peşə həyatından
maraqlı hadisələr.
Bu plana dəqiqliklə
əməl etmək vacib deyil. Peşə haqqında məlumat hissələrə bölünüb,
mühazirə zamanı
bu hissələri fraqmentləri qarışdırıb
təqdim etmək olar.Bu zaman əməyin
məzmunu haqında ən vacib olanları
çatdırmaq lazımdır.
Məktəbdə dərslə yanaşı
oyun şagirdin başlıca fəaliyyətlərindən
biri olmaqla qalır. Oyunda əl hərəkətləri
və əqli əməliyyatlar tamamlanır.
Ona görə birincilərin peşə seçimi dərslərinə dərsin
mövzusuna aid, hər
hansı sadə əməliyyatlarla bağlı
2-3 oyun daxil edilməlidir. Peşə seçimi
dərslərinin planlaşdırılmasında
yaxşı olar ki, yaşı nəzərdə saxlayaraq,
bir qayda olaraq diqqətin, mənimsəmə və düşüncənin inkişafına
yönəlmiş müxtəlif
psixoloji oyunlar daxil olunsun. Məsələn, “Sehrli kisə”
oyunu duyğu və düşüncənin
inkişafına yönəlmiş
bir oyundur. Kisəyə
müxtəlif peşələrlə
bağlı əşyalar
qoyulur. Onun içinə baxmadan,
əl toxunuşu ilə şagirdlər bu əşyanı tanımalı və hansı peşə ilə bağlı olduğunu bilməlidirlər.
Öyrənilən peşənin
ayrı-ayrı elementlərini
dərk etməyə yönəlmiş çoxlu
sayda oyun və çalışmalar
var. Həm dərs zamanı, həm də dərsdən kənar vaxtda şagirdlərə təqdim
olunan peşə seçimli oyunları “peşəni tap” adı altında birləşdirmək
olar. Buraya bir sıra oyunlar aid etmək olar. Məsələn:
“Bu hərflə başlanan
peşə”, “Kim öz
işində istifadə
edir?”, “Bu alətləri
istifadə edən peşənin adını
tap” və s. İnkişafetdirici
oyunların köməyilə
biz elmi biliklərin hansı sahəsinin uşağı daha çox maraqlandırdığını
belə bilərik: ətraf aləm, təbiətşünaslıq, astronomiya, oxu, idman, riyaziyyat və s. Peşə seçimi ilə bağlı müxtəlif
rollu oyunlarda uşaqlar özləri istədikləri peşəni
seçirlər. Oyun zamanı
onlar məsuliyyətli
olmağı, qoyulan məsələyə ciddi
yanaşmağı öyrənirlər.
Peşə seçimi ilə
bağlı qrup oyunları da əhəmiyyətlidir. Belə
ki, qrup oyunlarında uşaqlar bir-biri ilə ünsiyyətə girirlər,
öz arzuları, oxuduqları kitablar haqqında danışırlar,
oyunda bu və ya digər
rolu niyə seçdiyini izah edirlər, yəni kommunikativ vərdişlər
əldə edirlər.(kollektivdə işləməyi, başqa
iştirakçıları dinləməyi öyrənirlər
və s.) Beləliklə, oyunların köməyi
ilə peşə seçimi işi uşağa sevdiyi peşəyə yiyələnmək
üçün hansı
keyfiyyət və biliklərin vacib olduğunu başa salmaq mümkündür.
Məktəblilərin peşə seçimi-gələcəkdə
peşman olmayacağı,
düzgün seçilmiş
peşəyə gedən
vacib pillədir.
Məktəblinin peşə
seçimində istifadə
olunan oyunlar gələcəkdə ola bilər ki, həyatının mənasına çevrilən
peşəyə qarşı
atılan ilk addımlardır.
Anar Miriyev
Palitra.-2015.-13 oktyabr.-S.5.