“Nuhçıxandan – Naxçıvana”
kitabı təqdim olunur
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Nuhçıxandan – Naxçıvana” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabda Azərbaycanın ən qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın qədim tarixi inkişaf yoluna, müasir dövrdəki yüksəlişinə, ədəbi-elmi və mədəni mühitinə, görkəmli şəxsiyyət¬lərinin həyat və yaradıcılığına həsr edilmiş tədqiqatlar oxuculara təqdim olunur.
Kitabın “Dövlətçilik işığında” bölməsində akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin Naxçıvandan başlayan Azərbaycanın xilas yoluna işıq salınır. “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası” məqaləsində görkəmli dövlət xadiminin xilaskar kimi Azərbaycan miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi tarixi xidmət nümunəsi olan böyük hərəkatın geniş elmi təqdimatı verilmişdir. Eyni zamanda, kitabda ölkəmizin Prezidenti İlham Əliyevin respublikamızda regionların inkişaf etdirilməsi proqramı əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük səyləri ilə Naxçıvanda aparılmış geniş quruculuq işlərindən və yeniləşmə proseslərindən də ətraflı bəhs olunur.
“Nuhçıxan-Nuhdaban” və “Azərbaycan tarixində Naxçıvan” bölmələrindəki məqalələrdə 5 min illik tarixə malik olan Naxçıvan diyarında ilkin şəhərsalma mədəniyyəti, arxeoloji tədqiqatların nəticəsində ortaya çıxan zəngin tarixi-mədəni irs, Naxçıvan sözünün etimologiyası və sair kimi məsələlərdən geniş bəhs edilir. “Gəmiqaya dünyası: Sivilizasiya prosesləri və Naxçıvan”, “Naxçıvan Duzdağı: tarix və müsirlik” adlı məqalələrdə ilk dəfə olaraq Dünya tufanı və Nuh peyğəmbərlə əlaqədar ciddi elmi məsələlərə işıq salınır, aydınlıq gətirilir.
“Cəhalət dərdinin dərmanı: maarifçilik” bölməsində XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda realist-demokratik və ədəbi-maarifçi hərəkatın görkəmli rəhbərlərindən biri olan Cəlil Məmmədquluzadə və onun Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Əbülqasım Sultanov, Məmmədqulubəy Kəngərli, Paşa ağa Sultanov, Xəlil Sadıqov, Ələkbər Məmmədxanov, Tağı bəy Səfiyev, Əliməmməd Xəlilov, Məmməd bəy Qazıyev və başqaları kimi maarifçi müasirlərinin çoxcəhətli fəaliyyəti zəngin arxiv materialları və nadir sənədlər əsasında oxuculara təqdim olunur.
Akademik İsa Həbibbəyli “Naxçıvan ədəbi mühiti” bölməsində Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişafında Naxçıvandan çıxmış tanınmış yazıçıların xidmətlərindən, muxtar respublikadakı müasir ədəbi proseslərdən bəhs edir. “Azərbaycan elmində Naxçıvan” bölməsi isə qədim dövrlərdən bu günə qədərki Naxçıvanın elmə bəxş etdiyi töhfələri və İsa Həbibbəylinin müasirləri olan elm adamları haqqındakı tədqiqatları əhatə edir, Azərbaycan elminin Naxçıvan məktəbi haqqında aydın və geniş təsəvvür yaradır.
“Ulu qüvvət: mədəniyyət” – Azərbaycan teatrının Naxçıvan məktəbinin və təsviri sənətdə Naxçıvan torpağının yetirmələrinin inkişaf yoluna, özünəməxsus¬luqlarına işıq salır. “Koroğlu” operası Naxçıvan səhnəsində” məqaləsi Naxçıvan Muxtar Respublikasında mədəniyyətin yüksək inkişafını göz önünə gətirir.
“Əfsanələr diyarı” bölməsində İsa Həbibbəylinin şifahi xalq ədəbiyyatı haqqında tədqiqatları, Naxçıvanda yaranan folklor örnəklərinə dair araşdırmaları ilə tanış olmaq olar. “Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvan” məqaləsində Naxçıvandakı Dədə Qorqud toponimləri haqqında geniş məlumat verilir.
“Poeziya və mahnı” bölməsində Naxçıvana həsr edilmiş şeirlər və mahnılar yer alır.
“Nuhçıxandan – Naxçıvana” kitabı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın elmi-ədəbi salnaməsidir. Kitabda tarixilik və müasirlik işığında Naxçıvanda çoxəsrlik inkişaf və yeni ədəbi-mədəni proseslər elmi baxımdan geniş şəkildə təhlil edilib ümumiləşdirilir.
Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Akademik İsa Həbibbəyli haqqında bir neçə söz, yaxud böyük ömrün tezisləri” məqaləsi tanınmış alim və elm təşkilatçısının çoxcəhətli elmi fəaliyyətinə bir “Baxış”dır.
Xatırladaq ki, 845 səhifəlik
“Nuhçıxandan – Naxçıvana” adlanan
kitabın elmi redaktoru
akademik Teymur Kərimlidir.
Nigar Abdullayeva
Palitra.-2015.-13 oktyabr.-S.5.