“Ukraynada 7 min azərbaycanlı tələbə oxuyur”
Murad Cəfərov: “Əfsuslar
olsun ki, çoxları rus və Ukrayna dillərini çox zəif
bilirlər.Bu da onların yaxşı təhsil almaq
şanslarını çox azaldır”
Azərbaycandan kənarda,
xaricdə təhsil alan gənclərimizin
problemlərini, onların təhsillə bağlı fəaliyyətlərini
və digər əlaqədar məsələləri layihə
çərçivəsində mütəmadi olaraq işıqlandırırıq. Bu isə həmin
xaricdə təhsil alan tələbələrimizin
qarşılaşdıqları çəkinliklərin həll
edilməsində, xaricdə təhsil almaq
istəyən gənclərimizin düzgün
seçim etməsində, onlara
özlərini təhsillə inkişaf
etdirməkdə yeni ideyalar
verilməsində mühüm rol oynayır.
Bu baxımdan postsovet
ölkələrində - Rusiya, Ukrayna və digər ölkələrdə təhsil
alan gənclərimizin fəaliyyəti və
bu ölkələrdə təhsil məsələlərini
də işıqlandırırıq. O cümlədən Ukrayna possovet ölkələri
içərisində gənclərimizin ali
təhsil üçün ən çox müraciət etdikləri ölkələrdəndir.
Bununla belə, bu sahədə
də bir sıra məsələlərin
araşdırılması və müzakirəsi önəm
daşıyır.
Ukraynada təhsil alan gənclərimizlə
bağlı maraqlı müşahidələri olan, uzun zamandır bu ölkədə yaşayan
və diaspor fəaliyyəti ilə məşğul
olan, Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun(UABD) sədr müavini Murad Cəfərovla
bu mövzuda söhbətləşdik.
-Murad
müəllim, Ukraynada azərbaycanlıların
ali təhsil alması son
vaxtlar çox dəbə
minib. Bu barədə
nə düşünürsünüz?
- Mən özüm Azərbaycan İqtisad Universitetinin məzunuyam. Maliyyə ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi almışam. Hal-hazırda Ukraynada elmi işlə məşğulam və UABD sədrinin birinci müavini vəzifəsində çalışıram. Düz deyirsiniz, son zamanlar Ukraynada ali təhsil almaq dəbdədir.Bu da onunla bağlıdır ki, Ukrayna ali təhsil ocaqlarına imtahansız qəbul olmaq olar. Kifayətdir ki, sənədləri toplayıb, istənilən universitetin qəbul şöbəsinə təqdim edəsən.Sənədlər qəbul olduqdan sonra isə rus və yaxud Ukrayna dillərində müsahibə və həmin universitetin ixtisasına uyğun bir-iki imtahan verməklə qəbul olmaq mümkündür. İstisna da var. Ukraynada bir neçə nüfuzlu universitet var ki, onlarda sadaladığım şərtlərdən başqa, müsabiqə də mövcuddur. Yəni yer məhdudiyyəti var. Məsələn, Şevçenko adına Kiyev Milli Universiteti, KIMO (Kiyev Beynəlxalq Münasibətlər İnstitutu) və sair. Ukraynada müxtəlif universitetlərdə təxminən 6-7 min azərbaycanlı tələbə oxuyur. Əfsuslar olsun ki, çoxları rus və Ukrayna dillərini çox zəif bilirlər.Bu da onların yaxşı təhsil almaq şanslarını çox azaldır, millətimizin bu məsələdə nüfuzunu Ukrayna ictimaiyyətinin qarşısında aşağı salmağa xidmət edir.Əlbəttə, bunu hamısına şamil etmək olmaz. Fürsətdən istifadə edib valideynlərə tövsiyə edərdim ki, buraya oxumağa göndərməzdən öncə övladlarını rus dili kurslarında yaxşıca oxutsunlar.
-Ukraynada təhsil məsələsində qeyri-qanuni yollardan yararlanma cəhdləri barədə də tez-tez danışılır. Söhbət universitetlərə qeyri-qanuni qəbul məsələlərindən gedir. Yaxud TQDK-nın qəbul etdiyi qaydalara uyğun olmadan və ya Ukraynada, əslində, qondarma universitet sayılan ali məktəblərə qəbul məsələsi ilə bağlı hansı fikirləriniz ola bilər?
- Məlum olduğu kimi, postsovet məkanında belə universitetler mövcuddur və Ukrayna da istisna deyil. Sadəcə, onu deyə bilərəm ki, valideynlər bir az diqqətli olmalı və övladları üçün seçdikləri universitetlər haqqında maksimum bilgi toplamadan onlara qəbul üçün müraciət etməməlidirlər. Çünki xaricdə keyfiyyətli təhsil almaq baxımından bu cür fəaliyyət daha məqsədəuyğun olardı. Düşünürəm ki, Ukraynadakı dövlət universitetləri ilə bu baxımdan heç bir problem ola bilməz.
-Ukraynada təhsil alan tələbələrimizi birləşdirən, koordinasiya edən hər hansı qurum varmı? Yəni elə bir qurum olsun ki, sırf onların təhsil məsələləri ilə bağlı çətinliklərinin həllinə kömək etmiş olsun və həm də Azərbaycan həqiqətlərinin Ukrayna universitetlərində yayılması işini koordinasiya etsin.
- Sırf təhsillə bağlı belə bir qurum yoxdur .Amma diasporumuz gəncləri birləşdirərək düzgün, təşkilatlanmış şəkildə iş aparmaq üçün zəruri addımlar atıb. İlk növbədə, Ukraynada yaşayan və təhsil alan gənc soydaşlarımızın təşkilatlanmasına lazımi dəstək vermişik. Bunun nəticəsi olaraq kollektivimizin gənc fəalları tərəfindən Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) təsis olundu. Fəaliyyətində dövlətçilik ideyasını rəhbər tutan ÜAGT cəmiyyətə faydalı layihələri ilə rəğbət qazanmış təşkilatlardandır
-Ümumiyyətlə, siz azərbaycanlı tələbələrin Ukraynada təşkilatlanması və Azərbaycan həqiqətlərinin təbliğində rolunu necə qiymətləndirirsiniz?
- Hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, dövlətinin gücləndirilməsi gənc kadrların hazırlamasından asılıdır. Bu baxımdan azərbaycanlı gənclərimiz nə qədər çox xaricdə təhsil alarsa, bir o qədər yaxşıdır. Çünki xaricdə oxuyan tələbələrin dünyagörüşü, onların həyata və proseslərə baxışı Azərbaycanda oxuyan tələbələrdən bir az fərqlidir. Onlar daha açıq düşüncəli və möhkəm olurlar.Valideynlərindən uzaqda yaşayırlar, müxtəlif situasiyalarda özləri qərar verməli olurlar. Bu amil onların həyatda formalaşmasında müsbət rol oynayır. Bu gün xaricdə təhsil alan tələbələrimiz vahid bir ideya ətrafinda təşkilatlanmağa böyük maraq göstərir. Bu, azərbaycançılıq ideyasıdır. Bu meyil getdikcə artır, çünki onlar Azərbaycan dövlətinin dəstəyini və marağını hiss etməyə başlayıblar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onlara xaricdə təhsil almağa stimul verir.
-Ukraynada təhsil alan tələbələr diaspor işlərində aktivlik göstərə bilirlərmi? Bu barədə hansı çətinliklər var?
- Təşkilatımızın aktivliyini nəzərə alsaq,gənclərimiz diaspor hərəkatında mühüm rol oynayır və böyük maraq göstərirlər. Məsələn, Xocalı qətliamı ilə bağlı bu il bir sıra qlobal tədbirlər həyata keçirdik.Təşkilatımız tərəfindən çap etdiyimiz “Azərbaycanın sözü” qəzetinin xüsusi buraxılışını 30 min tirajla hazırladıq. Bu qəzetin Ukrayna ictimaiyyətinə, eləcə də universitetlərdə paylanmasını tələbələrimiz üzərlərinə götürdülər. Ukraynada qış fəsli çox sərt keçir. Lakin onlar ağır hava şəraitinə baxmayaraq, bu qəzeti bir neçə gün payladılar. Universitetlərdə Azərbaycan gerçəklərini ukraynalı, eləcə də başqa millətlərdən olan tələbə yoldaşlarına çatdırdılar.
-Sizin
Ukraynada thsil alan azərbaycanlı tələbələrə
məsləhət və tövsiyələriniz nə ola bilər? Bu barədə
ətraflı məlumat verə bilərdinizmi?
- Cəmiyyətdə Sosial
Məsuliyyət deyilən bir anlam var. Bunun
bir neçə mənası ola bilər.Suala gəldikdə, bunu belə xarakterizə edərdim. Xaricdə yaşayan və yaxud təhsil
alan milli azlıq
unutmamalıdır ki, öz
millətinin təmsilçisidir. Onun
atdığı hər bir addım təmsil
elədiyi dövlətin imicinə mənfi və yaxud müsbət təsir edə bilər. Bu baxımdan tövsiyəm ondan
ibarətdir ki, gənclərimiz
çalışsınlar, daha aktiv olsunlar,təhsil aldıqları ölkələrdə
həmin dövlətin ictimai-siyasi proseslərində
fəal iştirak etsinlər. Diaspor təşkilatlarına köməklərini
də əsirgəməməlidirlər. Bizim
hamımızı birləşdirən bir
ideya var - bu da azərbaycançılıq
ideyasıdır! Bu ideya
ətrafında nə qədər sıx birleşsək, o qədər qarşımıza qoyduğumuz hədəflərə tez çata bilərik.
İlkin AĞAYEV
Palitra.-2015.-14 oktyabr.-S.11.