BANM-in müəllimi Əbilxan
Ədilov: “BANM-in professor-müəllim heyəti
ilə çalışmaq böyük məsuliyyətdir”
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Ölkəmizdə də bu istiqamət hər zaman prioritet olub. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, sənayenin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib. Gənclərin mənəvi inkişafında təhsil mühüm amillərdən biridir. Ölkəmizdə gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün gənclərimiz ölkə daxilində təhsil almaqla kifayətlənməyib, eyni zamanda təhsillərini xarici ölkələrdə davam etdirirlər. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" üzrə cari ildə 373 nəfər, ümumilikdə isə Proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Məzunların işlə təminatı sahəsində təcrübə və karyera layihəsi icra olunur. Layihə çərçivəsində məzunlar bir neçə dövlət və özəl qurumlarda təcrübə keçməyə başlayıblar. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün xaricdə təhsil alan bir çox azərbaycanlı gənclər var ki, onların yüksək ixtisaslı gənc kadr kimi Vətənə dönməsi və burada müvafiq qurumlarda çalışması ölkəmizin həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Onlardan bir qismi məhz müəllim kimi çalışmağa üstünlük verir. Bugünlərdə təhsil naziri Mikayıl Cabbarov da çıxışında bildirib ki, heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Ölkəmizdə Müəllim peşəsinə savadlı abituriyentlərin marağını artırmaq üçün yüksək bal toplayan tələbələr üçün xüsusi layihə həyata keçirilir və bu tədbirlər qısa zaman kəsiyində öz müsbət nəticələrini verib. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olmuşdur. Əgər bir il bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal toplamışdısa, bu il onların sayı 10 dəfə artaraq 188 nəfərə çatıb. Bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub.
Bugünkü müsahibimiz Bakı Ali Neft Məktəbinin “Kompüter və İKT” kafedrasında müəllim Əbilxan Ədilovdur:
Ədilov Əbilxan Əlimusa oglu 1988-ci il 30 iyul tarixində Salyan şəhərində anadan olub. 1994- 2005-ci illərdə Q. Mayılov adına Kürsəngi kənd orta məktəbini yaxşı qiymətlərlə bitirib. Orta məktəbi bitirdiyi il TQDK-nın I qrup üzrə keçirdiyi qəbul imtahanından 503 bal toplayaraq Azerbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elektroenergetika (Tempus) ixtisasına qəbul olub. 2009-cu il bakalavr dərəcəsini bitirərək, ADNA-nın (indiki ADNSU) eyni ixtisas üzrə magistratura pilləsinə qəbul olub. 2009-2010-cu illərdə hərbi xidməti bitirdikdən sonra ADNA-da magistr təhsilinə başlayaraq, o, I kurs müddətində dərslərlə yanaşı, ingilis dili bacarığını təkmilləşdirərək, Almaniyanın Brandenburg Texniki Universitetinin Elektrik Mühəndisliyi (Power Engineering) ixtisası üzrə magistr dərəcəsinə qəbul olub. Azərbaycan Respublikası Təhsil Nazirliyinə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı”-ı çərçivəsində xaricdə təhsilinin maliyələşdirilməsi üçün etdiyi müraciətə müsbət cavab verilib və təqaüdə layiq görülüb. Ə. Ədilov 2011-ci ildə ADNA-dakı təhsilini dayandıraraq, Dövlət Proqramı çərçivəsində xaricdəki təhsilə başlayıb. 2014-cü ilin sonunda təhsilini başa vurub Vətənə dönən Əbilxan Ədilov 2015-ci ilin fevral ayından Bakı Ali Neft Məktəbinin “Kompüter və İKT” kafedrasında müəllim vəzifəsində çalışır.
-
İxtisasınız üzrə xaricdə təhsil almaq fikrinə necə gəldiniz?
- Hələ bakalavr təhsili müddətində, ixtisasıma tam yiyələnmək və bu sahədə dünya qabaqcıllarının təcrübəsini öyrənmək məqsədi məni xaricdə ixtisasım üzrə təhsil almaq fikrinə gətirdi. Yeni həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı”ı ilə azərbaycanlı gənclərin xaricdə təhsil almağa getməsi, istəyində olduğum bu fikri reallaşdırmağın mümkün olduğuna inamımı artırdı.
- Sizin
fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsildən
hansı üstün cəhətləri və
ya fərqləri var?
- Ən üstün cəhətlərindən biri insanların işinə məsuliyyətlə yanaşmasıdır. Digər bir fərq isə məlumat bazasının geniş olması və əksər insanların ingilis dilini bilməsidir. Hansı ki, istənilən sahədə çalışan mütəxəssislərin rahatlıqla dünyada baş verən elmi yeniliklərdən qısa bir zamanda xəbərdar olmasına şərait yaradır. Bu zaman insanların təminatının və həyat şəraitinin yaxşı olmasını da unutmamalıyıq. Digər bir müsbət cəhəti isə, əksər tələbələrin tədris prosesinə məsuliyyətli, onları idrak edərək yanaşmasıdır. Hər kəsin könüllü olaraq ixtisasını və ən əsası da, tədris olunan fənləri seçə bilməsi isə digər bir üstünlükdür.
- İlk
işinizə harada
başlamısınız?
- İlk rəsmi işim BP Exploration-də keçirdiyim sənaye təcrübəsi olub. İlk maaşımın bərəkətli olduğunu xatırlayıram, amma məbləğini dəqiq xatırlamıram.
- Bakı Ali Neft Məktəbində
fəaliyyətə başlamanız necə oldu ? Üzərinizə hansı öhdəliklər
düşür və işinizin
öhdəsindən necə gəlirsiniz?
- İlk tanışlığım
internet saytlar vasitəsi
ilə oldu. Sonra əldə etdiyim məlumatlar sayəsində
bu tanışlıq ali məktəbə
müraciət və rəsmilərlə görüşlə
nəticələndi. Sınaq
təqdimatını, həmçinin
müəllim və tələbə heyətinin
rəyini nəzərə
alan rektor
Elmar Qasımov mənə müəllimlik
vəzifəsini etimad
etdi. Müəllim kimi vəzifəm “Proseslərin avtomatlaşdırılması
mühəndisliyi” ixtisası
üzrə təhsil alan tələbələrin
elektrik yönümlü
dərslərinin tədris
prosesində iştirak
etməkdir.
- Bir gənc olaraq,
ali təhsil
ocağında gənclərlə
və professor-müəllim
heyəti ilə işləməyin məsuliyyəti
nədən ibarətdir?
- Həm əldə etdiyim bilikləri tələbələrə çatdırmaq
baxımından, həm
də təcrübəsiz
bir müəllim kimi Bakı Ali Neft Məktəbinin təcrübəli professor-müəllim
heyəti ilə çalışmaq, eyni zamanda, öyrənmək böyük və şərəfli bir məsuliyyətdir.
Nigar Abdullayeva
Palitra.-2015.-15 oktyabr.-S.11.