İ.Həbibbəyli: “Mərkəzi Elmi Kitabxanada elektron kataloq yaradılır”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) rəsmi açılış mərasimi keçirilib. Tədbirdə AMEA rəhbərliyi, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Misir Mədəniyyət Mərkəzinin direktoru, ölkə kitabxanalarının rəhbərləri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, AMEA-nın yüksək tələblərə cavab verən kitabxanasının tikilməsi ideyası 20 il bundan əvvəl yaranıb: “Son illərdə dünyanın müxtəlif ölkələrində yaradılan müasir kitabxanaların modelləri öyrənilib. Bu kitabxana ən geniş imkanlara malikdir. Kitabxanada indiyə qədər bir sıra beynəlxalq görüşlər keçirilib. Bu görüşlərdə dünya ölkələri ilə video-bağlantılar qurulub. Azərbaycanlı və əcnəbi alimlərin məruzələri onlayn şəkildə dinlənilib. Eyni zamanda, burada böyük kitab təqdimatları da keçirilib. Kitabxananın elektron kataloqunun yaradılması artıq başa çatmaq üzrədir. Kitabxana ölkəmizin bütün elm və təhsil müəssisələrinin üzünə açıqdır”.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami AMEA MEK-in böyük imkanlarının olduğunu vurğulayıb: “Elm, mədəniyyət gələcəyə, hədəflərə çatmaq üçün lazımdır. Ümid edirəm ki, bu kitabxana, bu mərkəz hədəflərə çatmaq üçün vəsilə olacaq”.

Tədbirdə Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Kareem A. Raheem, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami ElaydiMEK-in direktoru Leyla İmanova da çıxış ediblər. Sonda kitabxanaya baxış keçirilib.

 

Nigar

Palitra.-2015.-15 oktyabr.-S.7.