“Azərbaycana turist göndərə biləcək ölkələr müəyyənləşdirilməlidir”

 

Dosent Bahadur Bilalov: “Mədəniyyət Turizm

Nazirliyinin xarici ölkələrdəki səfirliklərimiz yanında turizm ofisləri

yaradılmalı və bu ofislərdə peşəkar turizm

mütəxəssisləri çalışmalıdır”

 

Ölkənin sosial-iqtisadi göstəricilərinin daha da artmasında qeyri-neft sektorunun xüsusi rolu var. Cari ilin doqquz ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb ki, bunu qeyri-neft sektorunun hesabına əldə etmişikbu, çox böyük göstəricidir. Artıq ümumi daxili məhsulun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu sektorda göstəriciləri daha da artırmaq üçün mövcud sahələrin daha da inkişaf etdirilməsinə ehtiyac var. Qeyri-neft sektorunda turizminxüsusi rolu var. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ölkə başçısı bu sektorun daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi: “Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi.

Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il “Formula-1” yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər”.

Mütəxəssislərimiz də həqiqətən bu sahədə yeni layihələrin irəli sürülməsinin adıçəkilən sektorun inkişafında mühüm rol oynayacağını bildirirlər. Azərbaycan TurizmMenecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, ümumiyyətlə, son zamanlar ölkə Prezidenti turizmin inkişafına önəm verildiyini dəfələrlə öz çıxışlarında vurğulayıb: “Bir qədər bundan öncə aviabiletlərin və mehmanxana qiymətlərinin hədsiz baha olduğunu, bunun isə turizmin inkişafına mane olduğunu qeyd etmişdi. Bu günlərdə Nazirlər Kabinetinin iclasında isə bu məsələnin bir daha vurğulandığının şahidi olduq. Bir tərəfdən ölkə başçısı sahibkarların işinə hədsiz müdaxilələrin edildiyini bildirdibunun qarşısının alınmasını bir vəzifə kimi tapşırdı. Digər bir tərəfdən isə ölkəyə valyuta daxilolmalarını artırmaq məqsədilə ölkəmizdə "turistlərin cəlb edilməsi siyasəti aparılmalıdır" tapşırığını verdi. Prezidentin tapşırığının mahiyyəti bundan ibarətdir ki, bu günə qədər aparılan işlər daha da gücləndirilməlidir. Məsələ bundadır ki, Mədəniyyət və Turizm Nazirliyi hər il müxtəlif ölkələrdə keçirilən 25-ə yaxın turizm sərgi və yarmarkalarında iştirak edir və həmin tədbirlərdə ölkədə fəaliyyət göstərən turizm şirkətləri və otellərin, istirahət mərkəzlərinin də iştirakını təmin edir. Ölkənin turizm potensialının tanıtımı, ölkəyə turistlərin cəlb edilməsi baxımından bu müsbət hadisədir. Lakin ölkə Prezidentininqeyd etdiyi kimi bu, yetərli deyil. Fikrimcə, ölkəyə turist göndərə biləcək ölkələr müəyyənləşdirilməli, həmin ölkələrdə gecə-gündüz Azərbaycanın turizm potensialı təbliğ edilməlidir. Bu ölkələrdə hətta Azərbaycan turizm sərgisinin keçirilməsinin də səmərəli olacağını düşünürəm”. Mütəxəssisin fikrincə, ölkəmiz başqa ölkələrdə keçirilən turizm sərgilərində təmsil olunur. “Türkiyə bu formadan istifadə edir. Məsələn Rusiyada Türkiyənin turizm sərgisi keçirilir. Misirdə “ərəb baharı” inqilabı olmadan əvvəl Türkiyə və Misir Rusiya bazarında iki aydan bir sərgi keçirirdilər. Moskva şəhərində bir sıra ölkələrin turizm ofisləri fəaliyyət göstərir və gücə-gündüz təbliğat aparılır”.

B.Bilalovun sözlərinə görə, ikinci bir məsələ, dəfələrlə qeyd etdiyim kimi, hazırda fəaliyyətdə olan "Turizm haqqında" qanunun 16-cı bəndinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdəki səfirliklər yanında turizm ofisləri yaradılmalıdır. Bu ofislərdə peşəkar turizm mütəxəssisləri çalışmalı və onlar ölkəyə turist cəlb etmək üçün gün ərzində 24 saat çalışmalıdırlar. Mütəxəssis onu da vurğuladı ki, Prezidentimiz Birinci Avropa Oyunlarının ölkəmizin tanıtımı baxımından çox müsbət hadisə olduğunu qeyd edib: Bu oyunların əks-sədası hələ uzun müddət davam edəcək, təxminən bir ay müddətində dünyanın bütün aparıcı KİV-ləri ölkəmizdə keçirilən bu oyunları işıqlandırdı. Möhtəşəm açılış və bağlanış mərasimini isə milyonlarla insan izlədi. Təbii ki, həmin milyonlar içərisindən önümüzdəki illərdə ölkəmizə turist səfəri edəcək xeyli insanlar olacaq. "Formula-1" yarışması da dünyada ən çox izlənən idman yarışlarından biri hesab edilir. Fikrimcə, bu yarışları canlı izləmək üçün ölkəmizə gələnlərin sayı Birinci Avropa Oyunlarının izləmək üçün gələnlərin sayını üstələyəcək. Eyni zamanda 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının da ölkəmizə turist axınına təsir edəcəyi qənaətindəyəm. Bütün bunlar idman turizminin sürətlə inkişafından xəbər verir. Eyni zamanda müalicə-sağlamlıq turizminin, İşgüzar turizmin də sürətli inkişafı üçün infrastruktur yaradılıb. Sadəcə ölkə başçısının qeyd etdiyi kimi turistlərin cəlb edilməsi siyasəti gücləndirilməlidir”.

 

Nigar Abdullayeva

Palitra.-2015.-15 oktyabr.-S.4.