Tehranda Habil
Əliyevin xatirəsi anılıb
Tehranda İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin və “Niyavaran” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın kamança ustadı, Xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Seyidabbas Səccadi belə bir tədbirin keçirilmə təşəbbüsünün İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirinin müavini Əli Muradxanidən gəldiyini və rəhbərlik etdiyi mərkəz tərəfindən məmnunluqla dəstəkləndiyini söyləyib.
S.Səccadi Habil
Əliyevin İranda da
tanınan və sevilən sənətçi olduğunu,
onun İranın müxtəlif konsert salonlarında, o
cümlədən Tehranın “Vəhdət”, “Rudəki”
zallarında proqramlarla
çıxış etdiyini və
tamaşaçılar tərəfindən böyük
məhəbbətlə qarşılandığını
xatırladıb. Sonra Mədəniyyət
və İslami İrşad
Nazirinin incəsənət məsələləri
üzrə müavini Əli Muradxani çıxış edərək Habil Əliyevin İrana səfərləri
zamanı onunla bağlı xatirələrini
bölüşüb. Azərbaycan
Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov
çıxışında tədbirin təşkilatçılarına
təşəkkürünü bildirib, Habil Əliyevin təkcə Azərbaycan deyil, həm də İran
və ümumiyyətlə bütün dünya miqyaslı dahi sənətkar
olduğunu vurğulayıb.
H.Əliyevin sənətinin daim yüksək
qiymətləndirildiyini diqqətə çatdıran səfir
bundan sonra da onun ölməz sənətinin
yaşayacağına ümidini ifadə edib. Tədbirdə İranın
çoxsaylı məşhur kamança
ustaları - Əmir Yusifi, Əli Əkbər
Şikarçi, habelə Azərbaycandan gəlmiş
sənətkarlar Elşən Mansurov və
İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa
ediblər. Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas
Zümrüd
Dadaşzadə-Axundova çıxış edərək Habil Əliyev sənəti ilə bağlı
fikirlərini bölüşüb. Tədbirdə
iştirak edən Habil
Əliyevin nəvəsi Əli Əmirəliyev
çıxış edərək təşkilatçılara
və iştirakçılara babasının sənətinə
göstərdikləri ehtirama görə
təşəkkürünü bildirib. Daha sonra H.Əliyevin nəvəsinə və
H.Əliyevlə İranda bir
səhnəni paylaşmış sənətçi, muğam ifaçısı Şəcərianın
nəvəsinə Mədəniyyət və İslami
İrşad Nazirliyi və
“Niyavaran” Mədəniyyət Mərkəzi
adından xatirə hədiyyələri təqdim olunub. Tədbirdə İranlı
şairlər Xosrov Sərtipi, Əli Savalan Habil Əliyevə həsr
etdikləri şerlərini oxuyublar. Sonda İranın tanınmış sənətkarı
Vədad Müəzzinzadə Ərdəbilinin azərbaycanlı
kamança ifaçılarının
müşayiəti ilə səsləndirdiyi “Rast”
muğamı tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Palitra.-2015.-15 oktyabr.-S.2.