“Sinif otağında
peşə guşəsinin yaradılması vacibdir”
Vəfa Məmmədova:
“Təcrübə göstərir ki, 9-cu sinif şagirdləri üçün
valideynlərinin iş yerində olmaq çox
maraqlıdır”
Hazırda məktəbin yuxarı siniflərində peşə seçimi işinin müxtəlif forma və metodlarının istifadəsinin kifayət qədər böyük təcrübəsi toplanıb. Ancaq son illərdə təsərrüfat sahələrinin inkişafı, yeni əmək texnologiyalarının meydana gəlməsi, cəmiyyətdə iqtisadiyyatın sosial situasiyanın dəyişməsi dövründə məktəbi bitirən məzun bu dəyişiklikləri nəzərə alaraq gələcək peşəsinin şüurlu seçimini etməlidir. Belə situasiyada bütün məktəb təhsili boyunca məqsədyönlü, sistematik ixtisas seçimi işinin təşkili lazımdır. Layihə çərçivəsində təqdim etdiyimiz müsahibədə Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına 155 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədova da bu məsələlərə toxunub:
- Ümumtəhsil müəssisələrində peşəyönümlülük elmi əsaslanmış tədbirlər sistemidir ki, öz bilik və bacarığını həm özünün, həm də cəmiyyətin xeyrinə istifadə etməyi bacaran gələcək mütəxəssislərin formalaşmasına kömək edir. Əsaslı olaraq peşə seçimi məsələsi yeniyetməni maraqlandırır. Ancaq ixtisas seçiminə yönəlmiş baza hələ yeniyetməliyə qədərki dövrdə yaranmalıdır. Peşə seçimi dərslərinin struktur elementi kimi söhbət faktını qeyd etmək olar. İbtidai sinif şagirdləri ilə söhbəti oyun elementləri ilə qurmaq məsləhətdir. Məsələn, “Nə, nədən düzəlir?” söhbətində suallar böyük bir çobanyastığının ləçəklərində yazılır. Söhbət tapmaca ilə başlayır. Tarlada bacılar dayanıb-sarı göz, ağ, ağ kirpiklər. Hər kiprikdə-sual. Neçə şagird var o qədər də kirpik var. Suala cavab verən bir kirpik qoparır, kim daha çox ləçək toplasa o qalib gələr. “Əşyaların özləri haqqında danışması” söhbəti canlı maraq oyadır.(Mənim adım karandaşdır. Mənim adım şüşə bankadır. Və s.) Bu oyunda bu əşyaları kim istehsal edir, bu əşyaları istehsal etmək üçün hansı material lazımdır, bu əşyalar nə üçün lazımdır və s. haqqında danışılır. Prosesə dəvət olunmuş mütəxəssislərlə söhbət də mühüm əhəmiyyət kəsb edir. Mütəxəssisləri uşaqların dilində danışmağa öyrətmək və yönəltmək lazımdır. Bir qayda olaraq bu işdə valideynlərə də müraciət etmək olar. Onlar şənbə günləri məktəbə gələrək şagirdlərə öz peşələri haqqında məlumat verə bilərlər. Bir çox valideynlər auditoriya qarşısında çıxış etməyə utanırlar və ya çıxış planı hazırlaya bilmirlər. Belə valideynlərlə işləmək lazımdır. İş təcrübəsi onu göstərir ki, 9-cu sinif şagirdləri üçün öz valideynlərinin iş yerində olmaq çox maraqlıdır. Mütəxəssislərlə görüşün keçirilməsində aşağıdakıları tövsiyə etmək olar:
• Əvvəlcədən valideynlərlə görüşüb onun məqsədi və zamanı haqqında sözləşmək.
• Ekskursiyanı aparan bələdçi təyin etmək (bu valideynin özü və ya bu işin öhdəsindən gələn bir başqası ola bilər).
• Bələdçi ümumilikdə müəssisə haqqında məlumat verir və seçilmiş işçinin(valideynin) işi haqqında danışır.
Belə tədbirlərin nəticəsi təkcə peşələr haqqında yeni biliklər, kollektiv gəzinti haqqında parlaq təəssüratlar, maraqlı fotoşəkillər deyil, eyni zamanda konkret bir şagirdin peşəsi müasir cəmiyyət üçün əhəmiyyətli olan valideyni üçün keçirdiyi iftixar hissi ola bilər.
-Bu
istiqamətdə daha hansı tədbirlər
görülməlidir?
-Hesab edirəm ki, sinif otağında peşə güşəsinin yaradılması vacibdir. Bu guşədə peşələrlə bağlı kitablar, fotomateriallar ola bilər. Hər bir peşənin özünün “peşə bayramı” günü var. Guşədə bu bayramlarla bağlı materiallar toplana bilər. Dərslər zamanı bu guşələrdən istifadə etmək lazımdır. Eyni zamanda müəssisələrə, rayonlara, şəhərlərə ekskursiyalar təşkil edilməlidir. Burada söhbət təkcə böyük müəssisələrdən getmir. İş yerində mütəxəssisin işinə baxmaq üçün məktəbin yaxınlığında olan firmanın, kiçik müəssisənin rəhbərliyi ilə danışmaq lazımdır. Ekskursiyanın keçirilməsində əsas məqsəd təkcə müəssisəni gəzmək deyil, hər hansı bir peşə və ya peşələr qrupu ilə tanışlıq olmalıdır. Peşə seçiminin məqsədləri üçün peşənin mövcud olan xüsusiyyətlərini göstərmək vacibdir. Şagirdin peşənin əsas elementlərini nə dərəcədə öyrəndiyini bilmək üçün şagirdlərdən bu işi icra edən insanın şəklini təsəvvür etdikləri kimi çəkməyi xahiş etmək olar. Şəkil metodikası I-II sinif şagirdləri üçün məsləhətlidir. Dərsin əvvəlində şagirddən vərəqin sol hissəsində 4-5 dəqiqə ərzində bu peşəni təsəvvür etdikləri kimi çəkməyi xahiş etmək olar. Dərsin sonunda dərsdən sonrakı təəssüratlarını sağ tərəfdə çəkirlər. Müqayisəli analiz dərsin effektivliyini qiymətləndirməyə imkan yaradacaq. III-IV siniflərdə uşağın artıq peşə dünyası haqqında məlumatı olmalıdır. O peşə haqqında sərbəst məlumat verməyi bacarmalıdır. Peşə seçimi dərslərinin uğurlu olduğunu bu kriteriyalarla müəyyən etmək olar: şagird əlavə ədəbiyyatdan istifadə edərək özü yeni informasiya əldə edir, bu peşəyə lazım olan bacarıqları təyin edə bilər. Şagirdlərin “peşə portfoliosunun” aparılması da vacibdir
-Bunu
necə izah edə bilərsiniz?
Portfolio-müəyyən bir insanın hansısa bir işdə əldə etdiyi bilik və bacarıqları nümayiş edən işlərin yığımıdır. Portfolionun olması ona görə lazımdır ki, insan hələ uşaq yaşlarında seçilmiş siniflərə yazılarkən, sonradan gəncliyində peşə məktəblərinə yazılarkən və daha sonra iş axtaranda yüksək şansa malik olur, çünki iş verən iş axtaranın portfoliosuna baxaraq onun imkanlarını qiymətləndirə bilir. Buraya valideynlərlə intervü, qəzetlərdən, jurnallardan materiallar, yazı işləri və şəkillər yığmaq olar. Portfolionun yaradılması əldə edilmiş məlumatlarla bölüşməyə, kömək üçün valideynlərinə və mütəxəssislərə müraciət etməyə imkan yaradır. Tədris fənləri vasitəsilə peşə seçimi də mümkündür. İbtidai siniflərdə tədris olunan fənlər kiçik məktəblilərin böyüklərin əməyinə maraq oyatmaqda bir vasitədir. Riyaziyyat dərslərində peşə seçimini məsələnin şərtində və ya həllində adı keçən peşə haqqında kiçik söhbətlər etməklə, eləcə də verilmiş əşyanın insanların həyat və yaradıcılığında rolunu və əhəmiyyətini izah etməklə həyata keçirmək olar. Həyat bilgisi fənninin də peşə seçimində müəyyən yeri var. Məsələn, “Ağacın insanların həyatında rolu”mövzusunu keçərkən,meşə sahəsindəki peşələr haqqında danışmaq olar.(meşəbəyi, ağac emalındakı peşələr). “Bizim diyarın təbiəti” mövzusunu öyrənərkən uşaqlar yerli insanların əmək xüsusiyyətləri ilə tanış olurlar. Məsələn, uşaqlara həll etmək üçün bir krossvord təqdim olunur. Burada şaquli vəziyyətdə peşənin adı, horizontal vəziyyətdə isə bu peşədə lazım olan əmək alətlərinin adını vermək olar. Xarici dil dərslərində kiçik məktəblilər bu və ya digər peşə ilə bağlı çoxlu sayda tapşırıqlar yerinə yetirirlər. Məsələn, lüğət işi (tərcümə) zamanı başqa sözlərlə yanaşı şagirdlər peşə adlarını da öyrənir, onları təhlil edirlər. Bu sözlərlə bağlı müxtəlif oyunlar da təşkil etmək olar. Məsələn, uşaqlara müxtəlif peşələrin adı yazılmış paylayıcı materiallar verir, şagirdlər isə öz dəftərlərində bu peşələrlə bağlı 5-7 söz yazmalıdırlar. (Həkim-bint, dərman, pambıq, yod və s.) İbtidai siniflərdə fənlərin tədrisi zamanı onlara rəngarənglik və emosional zənginlik verən peşə seçimli rollu oyunlar daxil etmək olar. Məsələn, “Mağaza” (riyaziyyat), “Kitabxana” (oxu), “Ekskursiya bələdçisi” (həyat bilgisi). “Mağaza” oyununda uşaqlara kassir, satıcı, administrator rollarını ifa etmək təklif olunur. Oyun zamanı didaktik (şifahi hesablama vərdişlərinin möhkəmlənməsi) və tərbiyəvi (ünsiyyət mədəniyyəti) məsələlərinə diqqət yetirilir. Beləliklə, uşaqlarda böyüklərin əməyinə maraq oyatmaq üçün dərs prosesinə peşələr haqqında məlumatlar daxil etmək lazımdır. Söhbətlər, ekskursiyalar, şəkillərlə iş, dilçilik materiallarından istifadə bir çox fənlərin tədrisində və eləcə də dərsdənkənar peşə seçimi məşğələlərində uğurla istifadə oluna bilər.
Anar Miriyev
Palitra.-2015.-16 oktyabr.-S.11.