Biz Müstəqil Azərbaycanın həmyaşıdıyıq

 

Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb və bununla da sənədlərin işlənməsi, arxivlərin öyrənilməsi prosesi başlanılıb. Bu mərhələdə bir çox maraqlı və mühüm məqamlar ortaya çıxdı. Belə ki,1919-cu ilin dekabrın 7-də görkəmli sənətşünas alim Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzə Camalovun təşəbbüsü ilə Azərbaycan Parlamentinin egidası altında yaradılan İstiqlal Muzeyindən heç bir eksponat qalmasa da, 1991-ci ildə təkrarən yaradılan Azərbaycan İstiqlal Muzeyi birinci muzeyin mənəvi varisi oldu.

Hal-hazırda muzeyin ekspozisiyasında Azərbaycan xalqının ən qədim zamanlardan bu günə qədər apardığı milli-azadlıq mübarizəsini, bu mübarizədə Vətənimizin müstəqilliyi uğrunda döyüşən xalqımızın oğul və qızları haqqında məlumatlar, müxtəlif tarixi hadisələr əks etdirilir. Muzey işçilərinin səyi nəticəsində 20 mindən çox eksponat toplanmışdır.

Muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və 6 zaldan ibarətdir.

Muzeyin I zalında Azərbaycan Respublikasının dövlət atributlarını əks etdirən sənədlər, XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da yer alıb.

Muzeyimizin II zalı vaxt baxımından kiçik olsa da, tarixi cəhətdən çox zəngin bir dövr olan XIX əsrin sonu - XX əsrin əvvəlini əhatə edir. Burada mədəniyyət və elm, eyni zamanda, neft sənayesinin inkişafı, H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən tikilən yeni binalar ilə bağlı xeyli sayda materiallar yer alıb. Abbasqulu ağa Bakıxanovun, Mirzə Cəfər Topçubaşovun, Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundovun, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin və başqa klassik şair və yazıçıların fəaliyyətini əks etdirən materiallar da bu qəbildən olan materiallar sırasındadır. 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər də bu ekspozisiya zalında nümayiş etdirilir.

1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublika yaradıldı. Bu Respublika türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov və digər görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, dövlət rəmzləri həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar bu zalda yer alıb.

Türkmənçay müqaviləsi bağlandıqdan sonra Azərbaycanın cənub hissəsi İranın tərkibinə keçdi. Lakin əsrlər boyu xalqın öz müstəqilliyi uğrunda apardığı mübarizəsi davam edirdi. Muzeyimizin III zalı bu mövzuya həsr olunub. Burada Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından - 1905-1911-ci illər Məşrutə hərəkatı, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941-1945-ci illərdəki "21 Azər" hərəkatından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) danışılır, o dövrün pul vahidləri, orden və medalları, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm xadimlərinin portretləri nümayiş etdirilir.

Muzeyimizin IV zalı iki hissədən ibarətdir. Birinci hissəsi 1930-1950-ci illəri əhatə edir. Bu dövrdə Azərbaycanın səadəti uğrunda çalışan elm adamları, söz sahibi olan şair və yazıçılar, partiya və dövlət xadimləri - H.Cavid, M.Müşviq, Ə.Nəzmi, Ə.Cavad, S.Mümtaz, B.Talıblı və başqaları, irticaya məruz qalaraq, ya güllələndilər, ya da Sibirə sürgün olundular.Respublikada siyasi və ictimai fəallığı ilə fərqlənən Azərbaycan qadınları da repressiya qurbanlarına çevrildilər.

Tarixə dövrümüzün ən dəhşətli müharibəsi kimi daxil olmuş II Dünya müharibəsi IV zalın ikinci hissəsini əhatə edir.Burada Sovet İttifaqı Qəhrəmanları, haqqında materiallar, orden və medallar, silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu nümayiş olunur.

Muzeyimizin V zalı Qarabağ hadisələrinə həsr olunub. 80-ci illərin sonunda Azərbaycan Ermənistan tərəfindən irticaya məruz qaldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi nəticəsində 20% torpağımız Ermənistan Respublikası tərəfindən işğal olundu, 1 milyondan çox vətəndaşımız qaçqın düşdü. Bu zalda 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Qarabağ müharibəsini əks etdirən fotoşəkillər nümayiş olunur, 211 nəfər Milli Qəhrəmanın siyahısı, onların bəziləri haqqında məlumat verilir. Bu zalın eksponatlarının arasında 1989-cu ildə Qız Qalası üzərinə qaldırılmış sadə azərbaycanlı qadını tərəfindən tikilmiş ADR-in üçrəngli bayrağı, Qarabağ müharibəsi veteranı Seyidağa Mövsümlüyə aid 20 Yanvar faciəsi və Xocalı soyqırımını lentə almış videokamera, Milli Qəhrəmanların ailə üzvləri tərəfindən muzeyə hədiyyə edilmiş onların şəxsi əşyaları da var.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin tutulmuş 20%-də yerləşən 22 muzey dağıdılıb, nadir eksponatlar itirilib. Cəbrayıl rayonunun tarix-diyarşünaslıq muzeyinin eksponatları işğal zonasından çıxarılıb və 1993-cü ildən 17000 eksponatı Azərbaycan İstiqlal Muzeyinin fondunda və qismən I zalda nümayiş olunur.

1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumat muzeyin VI zalında verilir. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan "Əsrin müqaviləsi"nin bağlanması, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən materiallar da toplanıb.

Ekspozisiyada Xalq rəssamları Altay Hacıyevin "Cavad xan", Böyükağa Mirzəzadənin “Köhnə neft mədənlərində”, rəssam-heykəltəraş Sabir Çopurovun neftdən istifadə edərək əl ilə çəkdiyi "Qarabağ" şəkli və “Babək” berelyefi, Azərbaycan Xalq rəssamı Əzim Əzimzadənin II Dünya müharibəsinə həsr olunmuş rəsm əsərləri, ARDNŞ tərəfindən muzeyə hədiyyə edilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin maketi və digər eksponatlar da nümayiş olunur.

Azərbaycan İstiqlal Muzeyinin fondu daim yeni eksponatlarla zənginləşir. Bunların arasında Azərbaycan Respublikası Milli Qəhrəmanlarının, 20 Yanvar şəhidlərinin, Xocalı faciəsi şahidlərinin, Qarabağ müharibəsi iştirakçılarının, Cənubi Azərbaycanda baş vermiş “21 Azər” hərəkatının liderlərindən biri Cəfər Kavyanın, şairə Mədinə Gülgün və Balaş Azəroğlunun şəxsi əşyaları, Azərbaycanda 1905-1906-cı, 1918-ci illərdə baş vermiş soyqırımına aid sənədlər, fotoşəkillər, kitablar, Azərbaycan Xalq Cümhuriyyətinin poçt markaları və s. var. Tanınmış rəssamlar Əşrəf Heybətov (triptix “20 Yanvar”) və Nazim Məmmədov (Xocalı faciəsini əks etdirən rəsmlər) əsərlərini muzeyə hədiyyə veriblər. Xocalı faciəsi haqqında nadir sənədləri isə bizə jurnalist Tatyana Çaladze bağışlayıb.

Muzeyimizdə bütün tarixi günlərə həsr olunmuş tədbirlər, sərgilər, konfranslar keçirilir. Respublikamızda qeyd olunan “20 Yanvar - Şəhidlər Günü”, “Xocalı soyqırımı”, “31 Mart Azərbaycanlıların soyqırımı” günlərinə, “28 May - Respublika günü”, “15 İyun - Milli Qurtuluş günü”, “18 Oktyabr - Azərbaycan Respublikasının Milli Müstəqilliyi Günü” və s. tarixi hadisələrə aid tədbirləri muzeydə təşkil etməklə yanaşı, əməkdaşlarımız həmin tarixi günlərdə təhsil ocaqlarında, hərbi hissələrdə də səyyar sərgilər keçirir, mühazirələr oxuyurlar. Muzeyimizdə həmçinin tarixi günlərdə açıq dərslər də keçirilir.

Bütün dünyada qeyd olunan Beynəlxalq Muzeylər Gününü muzeyimizdə hər il böyük təntənə ilə bayram şəklində qeyd edirik. Bu il ənənəvi olaraq muzeyimizdə Beynəlxalq Muzeylər Günü aksiyası çərçivəsində “Bakı-2015” adlı tədbir-sərgi keçirilmişdir. Həmin sərgi 12-28 iyun tarixlərində Bakıda keçirilən Birinci Avropa Oyunlarına həsr olunmuşdur. Sərgidə gənc rəssamların Birinci Avropa Oyunlarını əks etdirən 50-yə yaxın əsərləri nümayiş olunub.

2014-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin 130 illik, yazıçı-publisist Ə.Hüseynzadənin 150 illik, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirin müavini, general Ə.Şıxlinskinin 150 illik, görkəmli hərbi xadim C.Naxçıvanskinin 120 illik, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general S.Mehmandarovun 160 illik yubileyləri muzeyimizdə keçirildi.

Azərbaycan İstiqlal Muzeyi beynəlxalq layihələrdə iştirak edir. Aprelin 14-də muzeyin ekspozisiyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və “Yunus Emre İnstitutu Türk Mədəniyyət Mərkəzi” ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Döyüşdən sülhə” adlı foto-sərgi açılıb.

Bu il Azərbaycan İstiqlal Muzeyi Moskvada Böyük Vətən Müharibəsi Muzeyi tərəfindən təşkil olunan beynəlxalq layihədə - “Nasizmlə mübarizədə birlikdə idik” adlı sərgidə iştirak edir. Sərginin məqsədi Sovet İttifaqı respublikalarının töhfələrini təqdim etməkdədir. Aprel ayından oktyabr ayına qədər keçirilən sərgidə Azərbaycan İstiqlal Muzeyinin 47 eksponatı nümayiş olunur.

Azərbaycan İstiqlal Muzeyinin əsas vəzifələrindən biri də gənclərə vətənpərvərlik ruhunu aşılamaq olduğundan, sərgilərimiz əsasən onların əl işlərindən ibarət təşkil olunur. Bu cür tədbirlərdə Bakı şəhərində yerləşən dərnəklərin, mərkəzlərin üzvləri ilə yanaşı, regionlarda da yaşayan şagirdlər və gənc rəssamlar iştirak edirlər. Beləliklə, 2011-ci ildə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirimizdə Şamaxı şəhərində yerləşən İ.Nəsimi adına Uşaq İncəsənət Məktəbinin, 2014-cü il 18 Oktyabr - Azərbaycan Respublikasının Milli Müstəqilliyi ilə əlaqədar tədbirdə isə İsmayıllı rayonunun H.Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəsm dərnəklərinin üzvlərinin əsərləri nümayiş olunmuşdur.

2014-cü ildən Azərbaycan İstiqlal Muzeyi xeyriyyə tədbirlərinə start verib. Beləliklə, muzeyimizin əməkdaşları “Yaxınlarımıza dəstək” aksiyası çərçivəsində Milli Qurtuluş günü ərəfəsində Bakı şəhərində yerləşən uşaq evlərinin birini, Beynəlxalq Ahıllar və Müqəddəs Qurban bayramı ərəfəsində isə Bilgəh qəsəbəsindəki qocalar evini bayram sovqatı ilə ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

2006-cı ildən muzeydə müxtəlif yaş qrupundan olan gəncləri əhatə edən təhsil proqramları tətbiq edilir. Məsələn, kollektivimiz tərəfindən ən kiçik yaşlı uşaqlar üçün sadə təhsil proqramları işlənib. Proqrama kiçik yaşlıların Respublika bayrağını müvafiq rənglərlə bəzəmək, Qobustan qayaüstü təsvirlərini çəkmək, “Molla Nəsrəddin” jurnalının yaranmasının 105 illiyinə həsr olunmuş sərgidə “Kim axtarır, o tapır” adlı oyun-viktorinada jurnaldan seçilmiş karikaturalara uyğun sitatları seçmək daxil edilir. Böyük yaş kateqoriyasından olan məktəblilər üçün isə işlənmiş təhsil proqramında muzeyin ekspozisiyasına əsaslanan suallar tərtib edilir və ekskursiya prosesində şagirdlər bu sualları cavablandırır, onlarla muzeyin profilinə uyğun sorğular, testlər keçirilir, bu da gənclərin müxtəlif tarixi problemlərə münasibətini müəyyən etməyə imkan verir. Biz müxtəlif gənclər təşkilatları ilə əməkdaşlıq edirik və onlarla birlikdə layihələr həyata keçiririk.

2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 23-cü ildönümü və Azərbaycanda ilk dövlət muzeyi olan İstiqlal Muzeyinin yaranmasının 95 illiyi ərəfəsində Azərbaycan İstiqlal Muzeyinin rəsmi internet saytı istifadəyə verilib. www.istiqlalmuzeyi.gov.az ünvanında yerləşən veb səhifədə muzeyimizin fəaliyyəti haqqında ətraflı məlumatlar, fotoşəkillər təqdim olunub, həmçinin mütəmadi olaraq muzeydə keçirilən tədbirlərimizin xəbərləri, foto və videoları yerləşdirilir.

Biz müstəqil Azərbaycanın həmyaşıdıyıq. Kollektivimiz çalışır ki, ölkənin ictimai həyatında fəal iştirak edərək, zamanla ayaqlaşan mədəni mərkəzlərdən biri olsun.

Fəridə Şəmsi

Azərbaycan İstiqlal Muzeyinin direktoru

Palitra.-2015.-16 oktyabr.-S.12.