“Vətən mənə oğul desə, nə dərdim”

 

Naxçıvan Dövlət Universitetində “Məmməd Araz: Bu da belə bir ömürdümövzusunda elmi konfrans keçirilib.

Tədbirdə müstəqil Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə “İstiqlal şair” adını almış qələm sahiblərindən Xalq şairi Məmməd Arazın həyat yolundan, yaradıcılığından ətraflı söhbət açılıb.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, milli poeziyamızın görkəmli nümayəndəsi Məmməd Arazın həyat və yaradıcılığından danışıb. Alim qeyd edib ki, Məmməd Arazın şəxsiyyətini, yaradıcılığını xalqımız həmişə yüksək qiymətləndirib. Məmməd Araz xalqın, vətənin hər daşını, qayasını necə ürəklə sevirdisə, xalq da onun poeziyasını, şeirlərini həmin böyük məhəbbətlə sevir. Bildirilib ki, Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. Onun poeziyasının həyat fəlsəfəsi milyonlarla insanı valeh edib, onlara insanpərvərlik ruhu və mənəvi paklıq gətirib. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlara vətənpərvərlik və mübarizlik ruhu aşılayıb. Rektor çıxışında vurğulayıb ki, Xalq şairi Məmməd Arazın kamil, müdrik sənəti yaşayır və xalqımızın müasir inkişafına uğurla xidmət edir.

“XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrindən bəlkə də, tək-tək şairlərdən biridir ki, Məmməd Arazın yaradıcılığında Vətən sevgisi bütövdüronun yaradıcılığında digər bütün şeirlər o sevginin tərkib hissəsidir. Məmməd Araz lirikasında elə bir şeir yoxdur ki, orada Vətən məhəbbətinin motivilərini tapmaq olmasın. Məmməd Araz şeirində “Vətən” sözü qürurla səslənir. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!”-deyən şairin şeirlərindən də aydın görünür ki, Məmməd Araz qədər öz Vətənini sevmək və onu tərənnüm etmək hər qələm sahibinə nəsib olmur!”- bu fikirləri tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Məmməd Araz poeziyasında Vətən” mövzusundakı məruzəsində səsləndirilib.

Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərov “Məmməd Araz lirikası” adlı məruzəsində bildirib ki, 50 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin əsərləri ona geniş oxucu rəğbəti qazandırıb. Müxtəlif janrlı əsərlərin, şeirlərin müəllifi olan Məmməd Arazın zəngin lirikası mövzu rəngarəngliyi ilə də seçilir. Məmməd Araz dilimizin bütün poetik imkanlarını üzə çıxarmağa çalışıb, öz əsərlərində bir sıra yeni sözlər, ifadələr işlədib. Şairin Naxçıvana həsr etdiyi onlarla şeirində onun doğulub, boya-başa çatdığı qədim diyara sonsuz sevgisi və məhəbbəti görünür.

“Məmməd Araz Azərbaycan poeziyasına yeni üslub və düşüncə, monumental bir tarix gətirib. Öz əsərləri ilə oxuculara yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, dogma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, el-obadan ayrı təsəvvür etmək çətindir”- bu fikirləri elmi konfransda tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova “Məmməd Araz yaradıcılığında “Tarix” mövzusundakı məruzəsində səsləndirib.

Sonra Tarix-filologiya fakültəsinin tələbələri, şairin şeirlərindən nümunələr səsləndiriblər.

Elmi konfransda Xalq şairinin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

Palitra.-2015.-16 oktyabr.-S.13.