Gənc jurnalistlərin təkmilləşdirilməsi
yolları
Dünən Gənc Politoloqlar Mərkəzi növbəti seminar-treninqini keçirib. Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması" layihəsi çərçivəsində keçirilən treninq-seminarda ekspertlər və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin mövzusu "Postmodernist cəmiyyətdə informasiya vasitələrinin əhəmiyyəti" adlanırdı.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev tədbir iştirakçılarına "Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması" layihəsi barədə ətraflı məlumat verdi: “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması" layihəsi çərçivəsində keçirilən treninqin əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi, hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Həmçinin layihənin əsas vəzifəsi məhz gənclərin ideya-siyasi və mənəvi tərbiyəsində mühüm rol oynayan peşəkar jurnalistlərin yetişməsinə kömək etməkdir. İctimai-siyasi mövzular üzrə aktuallıq kəsb edən bu cür seminar-treninqlərin keçirilməsi gənc jurnalistlərin təkmilləşməsinə töhfə verəcək”. Qafar Əliyev dedi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində iqtisadi, siyasi və mənəvi sahələrdə çox böyük uğurlar əldə edib. Sektor müdiri ölkəmizin qarşısında duran daxili və xarici məsələlərin həlli və vətəndaşların dövlət quruculuğu prosesində aktiv iştirakını təmin etmək üçün ideya-siyasi təbliğat işlərinin daha da artırılmasına böyük ehtiyac olduğunu da bildirdi. Bu baxımdan layihənin olduqca əhəmiyyətli olduğunu deyən Qafar Əliyev gənc jurnalistlərin bu layihə çərçivəsində daha da təkmilləşəcəyini, eyni zamanda, onlar üçün faydalı ola biləcəyini də bildirdi.
Seminar-treninqdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə elmlər doktoru Hikmət Babaoğlu belə treninq-seminarların keçirilməsinin olduqca əhəmiyyətli olduğunu və burada müzakirəyə çıxarılan mövzuların aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Baş redaktor, həmçinin belə görüşlərin keçirilməsinin KİV nümayəndələri üçün olduqca əhəmiyyətli olduğunu dedi: “Gənc jurnalistlər bu sahədə mövcud olan reallıqları dərindən mənimsəməyə çalışmalıdırlar. Yaşadığımız əsr dünyada informasiya əsri kimi səciyyələndirilir. Müasir dövrdə modern və postmodern cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya subyektləri kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirir ki, bu da mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən faktor qismində çıxış edir".
Treninqdə yeni sosium növü olan informasiya cəmiyyəti, transmilli media institutlarının fəaliyyəti, beynəlxalq informasiya savaşında yeni kibertexnologiyalar və texnoloji innovasiyalardan spesifik strateji vasitə kimi istifadə olunması məsələlərindən danışıldı. Qeyd olundu ki, infoimperialistlər transmilli media vasitəsilə ayrı-ayrı xalqlara və dövlətlərə qarşı təsir göstərməkdədirlər.
Daha sonra jurnalistlərin sualları
cavablandırıldı. Mövzu ətrafında
müzakirələrdən sonra KİV nümayəndələrinə,
eləcə də tədbir iştirakçılarına
layihə çərçivəsində
görüləcək növbəti
işlər barədə
ətraflı məlumat
verildi. Qeyd edək ki, layihənin 3 ay müddətində
başa çatdırılması
nəzərdə tutulub.
Layihə çərçivəsində
növbəti tədbirin
isə İsmayıllıda
keçirilməsi nəzərdə
tutulub.
Fuad Hüseynzadə
Palitra.-2015.-16 oktyabr.-S.6.