“Ali təhsil illərində
qazandığımız uğurları daha
böyük nailiyyətlərlə davam etdirəcəyik”
Son illər ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin sayı getdikcə artmaqdadır. Bu da ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticələrindən biridir. Yüksək bal toplayan abituriyentlər isə müxtəlif ali təhsil müəssisələrinə üstünlük verirlər ki, onların sırasında son vaxtlar Bakı Ali Neft Məktəbi mühüm yerlərdən birini tutur. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi qəbulda BANM üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. Bu abituriyentlər Qubadlı, Bərdə və Bakı məktəblərinin məzunlarıdır. Bakı Ali Neft Məktəbinə qəbul olmuş abituriyentlərdən 10 nəfəri orta məktəbi qızıl, 2-si gümüş medalla bitirib. Ümumiyyətlə, 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə - 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb. Budəfəki müsahiblərimiz də məhz BANM-ə yüksək balla qəbul olaraq hazırda orada təhsil alan iki tələbədir:
Məmmədov Emil Asif oğlu və Məmmədli Cavid Ramiz oğlu on bir məktəbdə, bir il eyni sinifdətəhsil alıblar. Onların hər ikisi Bakıda anadan olub, hər ikisi Bakı Avropa Liseyinin məzunudur. 2015-2016-cı tədris ilində Məmmədov Emil 667 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-Qaz mühəndisliyi” ixtisasına, Məmmədli Cavid isə 685 bal toplayaraq “Kimya Mühəndisliyi” ixtisasına daxil olub. Sinif yoldaşı olan və on bir il bir məktəbdə təhsil alan gənclərin yolu Bakı Ali Neft Məktəbində yenidən birləşib. Onlara ilk sualımız da elə bununla bağlı oldu. Öncə özləri haqda danışdılar:
Bakı Ali Neft Məktəbinin “Neft-Qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Məmmədov Emil:
- Elmə olan sonsuz marağım məni hər zaman bəzi həmyaşıdlarımdan fərqləndirib və bu sahədə prioritet saydığım məqsəd və uğurlara nail olmağa yönləndirib. Qazandığım uğurların və nailiyyətlərin içərisində 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” IV Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə III yerə dair diplomu nümunə göstərmək istərdim. Eləcə də, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə Bakı Avropa Liseyində “Tarix” fənn həftəsinə həsr edilən intellektual bilik yarışında fəal iştirakıma və Fizika fənni üzrə “Məktəblilərin Fənn Olimpiyadasının” məktəb turunda I yer qazandığıma görə diplomlarla təltif edilmişəm. Eyni zamanda, bildirmək istəyirəm ki, təhsildə olan nailiyyətlərimə və liseyin ictimai həyatında fəal iştirakıma görə 9 və 10-cu siniflərdə liseyin rəhbərliyi tərəfindən “Fəxri Fərman”a layiq görülmüşəm.
Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Məmmədli Cavid:
-İlk vaxtlarda məktəbdəki qiymətlərim qənaətbəxş olmasa da, sonradan sinifdəki sağlam rəqabətə qoşuldum və ən güclülər sırasında oxumağa davam etdim. Liseyin mənə verdiyi ən böyük töfhələrdən biri də asan şəkildə sosiallaşmaq idi. Bəzi elmi konfranslarda, seminarlarda, tədbirlərdə iştirakım sosiallaşmaq üçün əla zəmin yaradırdı. Respublika səviyyəli elmi konfranslardakı təqdimatlarım məqalə şəklində müxtəlif kitablarda çap olundu. Bir sıra olimpiadalarda irəli getməyi bacardım. Məktəbdə ən sevdiyim və xüsusi maraq göstərdiyim fənlər Fizika, Kimyavə Tarix olmuşdur. Fizika və Kimyaya marağım mənim təbiət elmlərinə diqqətimi artırdı. Bununla belə, bir sıra beynəlxalq sərgilərə qatılıb, bu sahəyə marağımı daha da artırdım. İNEPO, “Sabahın alimləri” layihələrini buna misal kimi göstərmək olar.
-Məktəb illərində
başqa hansı nailliyyətləriniz olub?
Məmmədov Emil:
-Təhsil ilə yanaşı, idman sahəsində də nailiyyətlərim olub. Buna misal olaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilən Bakı şəhər məktəbliləri arasında keçirilən XXIV spartakiadanın proqramına daxil olan Basketbol növü üzrə yarışda Birinci yeri tutduğumuza görə diplomla təltif olunmuşam. Qarşıya qoyduğum ən önəmli məqsədlərdən biri də, məhz orta təhsili nailiyyətlərlə və fərqlənmə ilə bitirib ölkəmizin qabaqcıl reytinqli universitetlərindən birində təhsil almaq olub. Vətənim olan Azərbaycan üçün layiqli və seçdiyim ixtisas üzrə peşəkar mütəxəssis kimi yetişmək məqsədi ilə Bakı Avropa Liseyini “Tam Orta Təhsil haqqında Xüsusi Nümunəli Attestat” və Qızıl Medal ilə bitirərək TQDK-nın keçirdiyi imtahanda 667 bal toplayıb dövlət sifarişli əsaslarla Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olmuşam.
Məmmədli Cavid:
-Təhsillə bərabər, bir sıra maraqlı məşğuliyyətlərim də var. Hələ uşaq ikən, cüdo, voleybol və ən əsası da, basketbolla məşğul olmağa başladım. Hazırda da basketbol ən sevdiyim idman sahələrindən biridir və gələcəkdə bu idman sahəsində daha da inkişaf edəcəyimə inanıram.
- Məktəb
illərində birgə təhsil aldığınız sinif yoldaşı ilə eyni
ali məktəbdə oxumaq
necə bir hissdir?
Məmmədov Emil:
- TQDK-nın keçirtdiyi imtahandan 685 bal toplayaraq dövlət sifarişli əsaslarla Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına daxil olmuş Cavid Məmmədli ilə 2004-2015-ci illərdə Bakı Avropa Liseyində eyni sinifdə təhsil almışıq. Cavid Məmmədli ilə aramızda məktəb illərində təhsil sahəsində həmişə sağlam rəqabət olub. Ümid edirəm ki, ali təhsil illərində də məktəb vaxtı qazandığımız uğurları daha böyük nailiyyətlərlə davam etdirəcəyik.
Məmmədli Cavid:
-Yuxarı siniflərdə öz
qərarımı dəqiqləşdirdim. Bu
baxımdan 1-ci qrup üzrə imtahan verməyi qərara aldım. İmtahanda uğurlu nəticə
əldə etməyimin əsas səbəblərindən biri də, 2 il
hazırlıq müddətində güclü
rəqabət mühitinə düşməyim oldu. Sinifdə güclü
və sağlam rəqabət
apardığım yoldaşlarımdan biri
də Emil Məmmədov idi.
Hər lövhəyə çıxdıqda bir-birimiz
üçün ən çətin və
məntiq tələb edən suallar
axtarırdıq. Əslində məqsəd çox
sadə idi: Rəqabətdə
olduğum yoldaşımın zəif yerini tapmaq və ona bilmədiyi bölmələri yenidən oxumaq üçün
şərait yaratmaq.Sınaq imtahanlarının nəticələrini
müqayisə edərək bir-birimizi
keçməyə çalışırdıq və bu sağlam rəqabətin
nəticəsidir ki, hər ikimiz yüksək bal
yığaraq çoxdan arzusunda
olduğumuz Bakı Ali
Neft Məktəbinə qəbul olduq. Hazırda 1-ci sinifdən
tanıdığım Emillə yenidən bir
qrupda təhsil almaq hər
ikimiz üçün
əla şansdır və bu onu göstərir ki, bir neçə il əvvəl
başlamış sağlam rəqabət
mühiti hələ uzun
illər davam edəcək.
Nigar Abdullayeva
Palitra.-2015.-17 oktyabr.-S.11.