Şagirdlərin ədiblərlə görüşü onların dünyagörüşünün
inkişafında mühüm amildir
Bu, məktəblilərin, abituriyentlərin ədəbiyyatla bağlı bilgilərinin və zövqlərinin artırılmasına da olduqca müsbət təsir edir
Azərbaycanda təhsil alan şagirdlərin, tələbələrin milli ruhda böyüməsində, dünyagörüşünün inkişafında, vətənə bağlı olmasında onların Azərbaycan ədəbiyyatının, söz sənətinin tanınmış simaları ilə tanışlığı və görüşləri mühüm rol oynayır. Bu, həmçinin məktəblilərin, abituriyentlərin ədəbiyyatla bağlı bilgilərinin və zövqlərinin artırılmasına olduqca müsbət təsir edir. Bu baxımdan “Kaspi” Təhsil Mərkəzi şagirdlərlə Azərbaycan ədəbiyyatının tanınmış simalarının görüşlərini mütəmadi keçirir.
Bu tədbirlərdən biri də “Kaspi” Liseyində Xalq şairi Nəriman Həsənzadə ilə görüş olub. “Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona xanım Vəliyeva şairin yaradıcılığını Mikayıl Müşfiq işığı ilə eyniləşdirib və öz çıxışında bu sözləri deyib: "Nəriman müəllim təpədən-dırnağa səmimiyyətin özüdür. Mən şairin bacısı qızı Fəridəyə yazdığı “Tələbəlik” şeirini oxuyanda elə bilirəm, misraların o biri üzündən Müşfiq boylanır. Səmimiyyətin ölçüsü-biçisi Müşfiqdə necədirsə, Nəriman müəllimdə də o cürdür. Nəriman müəllim, sizin özünüzü Müşfiqin mənəvi övladı saymağa haqqınız var. Ruh buluddursa, şairlər də mövzuya münasibəti, içində daşıdığı şəxsi xarakteri etibarilə o buluddan bir parçadırlar. Müşfiqin o ruh buludundan İlahi, bir parça kəsib sizə göndərmişdi. Kimə nə yazdınızsa ordan səmimiyyət boy verdi. Alqış olsun o səmimiyyətə ki, sizi bu yaşa qədər gətirib çıxara bildi, sevdirə bildi. Bəxtiyar Vahabzadə “Nəriman poeziyada zərifliyi axtardı, zəriflik, lirika və səmimiyyət. Bu üç məfhum Nəriman Həsənzadə şeirində toplandı” fikirlərini boşa deməmişdi.
Eləcə də Xəlil Rza Ulutürkü yad eləmək istəyirəm. Mən onun xatirələrini oxumuşam. Xanımınız Sara xanımla Xəlil bəyin yoldaşı Firəngiz xanımın sizdən xəbərsiz yanınıza gəlməyi...
Mən sizi o xatirələrə bilə-bilə qaytarıram ki, onlar daha uzun illər yaşam həvəsi versinlər. Mən təsadüflərə həqiqi don geydirən adamam. Bilirəm ki, sizin həyatınızda heç nə təsadüf olmayıb. Ananız onun bircəsi olduğunuz üçün duaların ən başında bu sözü dilinə gətirib “İlahi səni yaxşı adamlarla görüşməkdən xali eləməsin”. Və mənə elə gəlir ki, onun bu duası qəbul olub.
Əziz uşaqlar, Nəriman müəllimin həyatını həmişə yaxşı insanlar müşahidə edib. Özünün dediyi kimi, o, ali məktəbə qəbul olanda baxır ki, hamını yola salırlar, onun isə heç kimi yoxdur. Qatara oturur və özü-özünə, “uğur olsun Nəriman, yaxşı yol sənə” deyir. Bu, çox dəhşətli bir andır, amma o ana onun içində elə bir çıraq yandıra bilib ki, tək onun özünə, ətrafında olanlara yox, minillərə onu müşayiət edəcək bütün insanlara bəs edib. Mən hələ onun Nazim Hikmətlə tanışlığından bəhs etmirəm. Bu da təsadüf deyil. Yaxşı adamlar özləri yaxşı olduqları üçün yaxşı insanlar onları müşahidə edir. Əziz uşaqlar, bu görüşün mahiyyəti nədir bilirsinizmi? Mən istəyirəm ki, siz bu nümunələri könlünüzə yazasınız. Biz məhz buna görə sizlərin kumir seçəcəyiniz insanları dərindən təhlil edirik".
Sona xanım Vəliyeva Xalq şairinin xanımına olan münasibətindən də bəhs edib: "Nəriman müəllim Sara xanıma ölmədən əvvəl heç nə yazmayıb. Bu da səbəbsiz deyildi, çünki o xoşbəxtlik o qədər böyük idi ki, Nəriman müəllim onun fərqində olmadı. Və sonunda Sara xanımın vəfatı, o nisgil ona elə bir divan tutur ki, dastan yaradır.
Orda xanımına xitabən deyir: “Apardı Sellər Saranı oxunanda, bəlkə də, sən köks ötürürdün ki, Sara dastan olub”. Nəriman müəllim, indi Sara xanım dünyasını dəyişsə də siz ona dastan yazmısınız. Sizin Saranız da əbədiləşib. Bəlkə də çoxu bir qadına bu qədər şeir yazıldığına ağız büzdü. Amma mənə elə gəlir ki, siz o duyğuları şeirə tökməsəydiniz bu qədər yaşaya bilməzdiniz. O şeirlər bir şəhidə yazılan nəğmələr qədər səmimidir və yaddaqalandır. Yeri gəlmişkən bir məqamı da vurğulayacağam. Əziz uşaqlar, Nəriman müəllim həm də hərbi birliklərimizi tez-tez ziyarət edir. Bir səfərində ona deyirlər ki, bizim şəhid olan bir əsgərimizin cibindən sizin “Fikir eləmə”adlı kitabınız çıxıb. Amma kitabın adının qarşısına bir Vətən yazılıb, bir də vergül qoyulub.
Mən sizə kəfənini geyinib gələn əsgərdən, o əsgərin məzarını Kəbəsi bilib, ziyarət edən şairdən bəhs edirəm. Nəriman müəllimin Vətənə də həsr elədiyi şeirlər müqəddəsdi, başqa birinə, sevdiyi bir xanıma da, eləcə də ona yaxşılığı keçən bir adama da. Səmimiyyətində Nəriman səmimiyyəti daşıyır. Əziz uşaqlar, bu cür adamlar çox azdırlar. Yaxşılar azalır dünyada. İlahi bizi o azalmaqdan qorusun. Çünki yaxşılıq azalanda dünyanın tarazlığı pozulur. Pislik çoxalanda dünyanın tərəzisi əyilir. Mən Nəriman müəllimin bütün sevgi şeirlərini əzbər bilirəm. Tələbə olanda harda görüşü vardısa dərsdən qaçıb ora gedər, gözü-könlü tox qayıdardıq. Və qayıdıb müzakirələr edərdik. Deyərdik ki, İlahi o poeziyanın yaxınına dura biləcək sözü bizə də qismət edərmi? Onu Allah qismət eləməsə də bu gün şairin özüylə böyük bir görüşü qismət elədi. Mən sizə uzun ömür arzu edirəm. Bu cür görüşlər sizə ən azı 50 il bəs eləsin ki, yazıb yaradasınız və uşaqlara Milli Yaddaş dərsi keçəsiniz. İlahi bu millətin başının üstündən sizin kimi yazarları əskik eləməsin”.
Onu da qeyd edək ki, lisey şagirdləri Nəriman Həsənzadənin şeirlərini böyük həyəcanla səsləndirdilər. “Tələbəlik”, “Sazı Zəlimxan köklədi”, “Nərdivan” və s. Şagirdlərin çoxlu sualları da vardı. “Qocalmaqdan qorxursunuzmu”, “Kimləri özünüzə ustad hesab edirsiniz”, “Həyatınızda xüsusi yer olan müəllim kimdir” və s. sualları şair səbirlə və böyük həvəslə cavablandırıb. Liseyin şagirdlərinin “Nərdivan” şeirindən ilham alıb çəkdikləri rəsm tablosu şairə hədiyyə olundu.
Şair Dayandur Sevgin Xalq şairi ilə dostluğundan söz açıb: "Bu görüş Nəriman müəllimə çox böyük hədiyyədir. O qucaqda böyümüş adam deyil. Bizim səmimiyyətdən doğulmuş çox böyük şairimizdir. Nəriman müəllim bir Vətəni bir ürəkdə birləşdirməyi bacarıb. Gözəl dostdur, yaşca böyük, ya kiçik ol fərqi yoxdur. Allah ona nə qədər ömür verib bilmirəm, amma mən ona sağlam qocalıq arzu edirəm.
“Burda milli ruh yaşayır”
Daha sonra Xalq şairi şagirdlərə tövsiyələrini çatdırıb: “Müəllimlərinizin dediklərinə diqqətlə qulaq asın, dərslərinizi yaxşı oxuyun. Çünki siz kaspiçilərsiniz. Burda milli ruh yaşayır. Mən görürəm ki, burda millətə sahib çıxan var. Hacı Zeynalabdin Tağıyev, Əli bəy Hüseynzadə kimi siz də böyük bir hərəkatın başında durursunuz. Burda mühit başqadır. Bu uşaqlar üçün çox şadam, Azərbaycanın sabahı ilə görüşürəm burda. Çox görüşlərdə olmuşam, amma bu balaca uşaqlar məni təsirləndirdi. İlahi, onlar necə diqqətlidirlər. Mənim minnətdarlığımı qəbul edin. Əslində müstəqillik nə deməkmiş, mən onu burda əyani görürəm. Suallarınız çox maraqlıydı. Sağ olun. Mənim əsərlərimi siz oxuyacaqsınız”.
Tədbir “Kaspi” Liseyi rəhbərliyinin Xalq şairinə liseyin mükafatının təqdimatı ilə başa çatdırılıb.
İlkin AĞAYEV
Palitra.-2015.-20 oktyabr.-S.10.