“Azərbaycan gəncliyi bir
çox məqamlara görə qonşu ölkələrdə formalaşan gənclərdən öndədir”
İlqar Talıbov: “Hər zaman
yeni layihələrlə tələbə-gəncləri bir
araya yığırıq, xarici dövlətlərdə
ölkəmizi layiqincə təmsil edirik”
Müsahibimiz Cənubi Qafqazın ən böyük tələbə təşkilatı
sayılan Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) mətbuat katibi
İlqar Talıbovdur.
-Özünüz barədə oxuculara məlumat verərdiniz.
-Mən, Talıbov İlqar
1992-ci il təvəllüdlüyəm. Səbail rayonunun 49 nömrəli liseyinin humanitar bölməsini bitirmişəm. Ali təhsilimi isə
2009-2013-cü illərdə Bakı Slavyan Universitetinin Rus filologiyası fakültəsində
almışam. Təhsil aldığım
illərdə ictimai aktivliyim olub və həmin universitetin Tələbə
Gənclər Təşkilatında
aktiv fəaliyyət göstərmişəm. Hazırda Cənubi
Qafqazın ən böyük tələbə
təşkilatının – Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) mətbuat katibi vəzifəsində çalışıram.
- Universitetdə oxuyarkən
aktiv ictimai fəaliyyətə başladığınızı
qeyd etdiniz. Gənclərimiz üçün ictimai fəallığın
önəmi haqda söz açardınız.
- Bəli. Yuxarıda da qeyd etdiyim
kimi sözügedən
ali təhsil
müəssisəsinə daxil
olandan ictimai fəaliyyətə qoşulmuşam.
Təhsilimi başa vurduqdan
sonra müxtəlif yerli və beynəlxalq
layihələrin təşkilatçısı
oldum. Dövlət layihələrinin və proqramlarının koordinatoru kimi fəaliyyət göstərmişəm.
Gənclərimizə gəldikdə isə
onu deyə bilərəm k, əlbəttə,
gənclərimiz üçün
ictimai fəallıq çox önəmlidir.
Erkən
dövrdən ictimai fəaliyyətə qoşulmaq
gənclərimizin ilk növbədə
doğma ölkələrimizə
faydalı olması, ikinci növbədə isə dünyagörüşlərini
artırmaq baxımından
vacibdir. Mən ümumiyyətlə,
bir məsələni
qeyd etmək və tövsiyə kimi önə çəkmək istərdim
ki, gənclərimiz aktiv ictimai fəaliyyətə
orta məktəb oxuyandan başlasalar, daha yaxşı olar. Düzdür, bu, bir qədər çətin
olur. Amma bunun effektini tələbəlik illərində
hiss edəcəklər.
-Tələbələrimiz
artıq əvvəlki
illərlə müqayisədə
ictimai işlərə
daha çox cəlb olunurlar. Bu barədə nələri
deyə bilərsiniz?
-Gənc nəsli bacarıqlı və savadlı olan dövlətin gələcəyi
də parlaq olacaq. Burada ancaq ictimai fəallıqdan söhbət
getmir. Dediyim kimi, ümumiyyətlə,
müxtəlif sahələrdə
gənclərin fəallığı
mütləqdir, həm
gəncin şəxsiyyət
kimi formalaşması,
həm öz ölkəsinə faydalı
olmaq üçün.
Doğru
vurğuladınız ki,
ilbəil aktiv tələbələrimizin sayı
artır. Təhsil almaqla
bərabər ictimai fəallıq da önəmlidir. Gələcəkdə də aktiv tələbələrimizin
sayının artmasının
şahidi olacağıq.
Bununla bağlı təşkilatımız
da müvafiq tədbirlər görür.
- Təşkilatınız
- ATGTİ barədə söz
açdınız. Təşkilatın
effektiv fəaliyyəti
göz önündədir
və qarşıda hansı məqsədlər,
işlər gözlənilir?
-ATGTİ-nin dövlət
əhəmiyyətli, irimiqyaslı
tədbirləri hər
kəsin yaddaşındadır.
Misal üçün:
“Yaşayan tarix”, yay və qış
liderlik məktəbləri,
yerli və beynəlxalq “Univiziya” layihəsi, Dövlət Bayraq Gününə həsr edilmiş fləşmoblar və s. Hər zaman yeni layihələr ilə tələbə-gəncləri
bir araya yığırıq, xarici
dövlətlərdə ölkəmizi
layiqincə təmsil edirik. Yaranandan bu günə
kimi ittifaq daim tələbələrin
yanındadır, onların
vətənpərvər ruhda
yetişməsinə dəstək
göstərir, hər
hansı problemləri
olduqda onlara köməklik göstərməyə
çalışır. Uğurlu fəaliyyətin nəticəsidir
ki, ATGTİ bir çox mükafatların
sahibidir, beynəlxalq səviyyədə tanınan
bir təşkilatdır.
Bildiyiniz kimi,
ATGTİ-nin sədri Şahin İsmayılov bu il parlament seçkilərində
Beyləqan rayonundan namizəddir. Əlbəttə ki, bu da ittifaqın uğurudur.
-Azərbaycanda könüllülər ordusu
formalaşıb. Bu, özünü Avropa Oyunlarında da effektiv şəkildə göstərdi. Ölkəmizdə qarşıdakı keçiriləcək
beynəlxalq tədbirlərdə
könüllülər ordusu
hansı töhfələri
verə bilərlər?
- Doğrudur. Bu gün
bizdə könüllülərlə
bağlı bir sıra müsbət məqamlar var və artıq gənclərimiz müxtəlif
tədbirlərdə könüllü
kimi çalışıb
təcrübələr toplamağa
xeyli meyilli olublar. Bildiyimiz kimi, ATGTİ ölkəmizdə
baş tutan beynəlxalq tədbirlərin
həyata keçirilməsində
də müxtəlif formalarda dəstək verir. Könüllülərin tədbirlərə cəlb olunması görülən əsas işlərdən biridir.
Şübhəsiz ki, Birinci Avropa Oyunlarında könüllü gənclər
özünü doğrulda
bildi. Könüllülərə göstərilən diqqət oyunlardan sonra da davam
etdi. Bu da
ölkəmizdə keçirilən
növbəti beynəlxalq
layihələrin bir parçası olmaq üçün stimulverici
amildir. Düşünürəm ki, könüllülərin
töhfəsi bütün
beynəlxalq tədbirlərdə
davam edəcək.
Bir məqamı da qeyd edim ki,
ünsiyyətdə olduğumuz
könüllü gənclərin
əksəri də bu fəaliyyətlərinin
müəyyən mənada
onların gələcək
aktiv ictimai fəaliyyəti üçün
önəmli addım
olduğunu qeyd edirlər.
- Bəs xaricdə təhsillə bağlı
olan dövlət proqramları ilə bağlı nələri deyərdiniz?
- Əlbəttə, bunu
çox müsbət
amil kimi qiymətləndirirəm və
düşünürəm ki, çox nadir ölkələr var ki, dövlət gənclər üçün
belə şərait yaradır. Bu mənada
Azərbaycanda gənclərin
xaricdə təhsil almaları üçün
yaradılan münbit şəraitdən gənclərimizin
yararlanmasını istəyirəm.
Xaricdə təhsil alan gənclərimizin
təhsil almaqla yanaşı, beynəlxalq
təcrübəni mənimsəməsi
gələcəkdə onların
ölkəmizdə hər
hansı sahədə
uğurlu fəaliyyətinə
geniş imkanlar yaradır. Bu səbəbdən
də xaricdə təhsilin tərəfdarıyam.
-Bəs ümumiyyətlə,
ilbəil xaricdə oxuyan tələbələrimizin
sayının artmasına
münasibətiniz.
-Əlbəttə ki,
münasibətim müsbətdir. Ölkədə
aktiv gənclər ordusu olduğu kimi xaricdə də təhsil alan gənclər-tələbə
ordumuz var. Əvvəlki
illərlə müqayisədə
bu ordunun sayı artır. Bu həm də
bizə bir sıra üstünlüklər
də verir. Gələcəkdə perspektivli kadrlar
yetişməklə yanaşı,
başqa ölkələrdə
oxuyan bu tələbələr təbliğat
işlərində də
aktiv olurlar. Ümumiyyətlə xaricdə təhsilin
üstünlüklərini sadalamaqla bitməz.
-Gənclərimizə,
tələbələrə hansı məsləhət
və təklifləriniz
olardı?
- Məsləhətlər
çoxdur. Əsas onu deyim ki, təhsilləri ilə yanaşı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etsinlər, hər zaman öz üzərilərində
çalışsınlar, dövlətçilik ənənələrinə
sadiq, xalqımıza faydalı vətəndaş
kimi yetişsinlər.
Bu gün Azərbaycan
gəncliyi bir çox məqamlara görə qonşu ölkələrdə formalaşan
gənclərdən öndədir.
Bu mənada bizim
üçün gələcəkdə
hər sahədə güclü kadrların olacağını deyə
bilərəm. Bir daha gənclərimizə uğurlar
arzu edir və aktiv olmalarını
diləyirəm.
Tural TAĞIYEV
Palitra.-2015.-20 oktyabr.-S.6.