“Hər dəfə düzgün seçim etdiyimə bir daha əmin oluram

 

Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.

 

Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. Cari ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veribmaksimum nəticə göstərərək 700 bal toplayıb.

2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə - 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. BANM-ə 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Xatırladaq ki, ötən tədris ilində də BANM-nə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Layihə çərçivəsində müsahibimiz BANM-in tələbəsi, Prezident təqaüdçüsü Səidə Sədiyevadır:

Səidə Sədiyeva 1998-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. 2004-2015-ci illərdə Baş Şabalıd kənd tam orta məktəbində təhsil alıb. Şəki rayonu Təhsil şöbəsinin keçirdiyi bilik yarışlarında davamlı olaraq üç il I yeri tutub. Səidə Sədiyeva 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) I qrup üzrə keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.

- Səidə, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaqimtahandan sonra sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı mənim üçün yaxşı keçdi, sadəcə bir az həyəcan var idi. Amma bunu normal qəbul edirəm, çünki üç saat sonra illərin əziyyətinin nəticəsini görəcəkdim. İmtahandan qabaqkı iki gün ərzində heç nə oxumadım. Atam və qardaşım qəbul imtahanı ilə bağlı mənə motivasiya verirdilər. İmtahandan sonra müəllimlərim cavab testimi yoxlayarkən “Azərbaycan dili”ndən səhvim çıxdı və mən çox həyəcanlandım. Əslində 700 bala hazırlaşırdım, amma 695 bal topladım, buna baxmayaraq nəticəm məni çox xoşbəxt elədi.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- Həm oxuduğum hazırlıq kursunun, həm də TQDK-nın imtahanlarından yüksək bal toplayırdım. Yüksək nəticə göstərəcəyimə inanırdım, ailəm və müəllimlərim də məndən 700 bal gözləyirdilər.

- Səncə, imtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- Mənim fikrimcə, əvvəlcə sistemli şəkildə çalışmaq çox vacibdir, yəni abituriyent səhər oyanarkən hansı dərsləri oxuyacağını və onlara nə qədər vaxt ayıracağını bilməlidir. Vaxta nəzarət etmək və özünə hədəf seçmək yüksək bal toplamağın vacib şərtlərindəndir. İxtisas seçimi edərkən ciddi bir araşdırma aparmaq lazımdır. Çünki yüksək bal toplamaq sadəcə girişdir. Amma ixtisas bizim həyatımızdır. Mən də bu səbəbləri nəzərə alaraq məhz Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi”ni seçdim.

- Niyə məhz BANM-i seçdinbu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Nə ali təhsil müəssisəsinin seçimində, nə də ixtisas seçimində mənə heç kəsin təsiri olmayıb. Çünki nə istədiyimi üç il əvvəlcədən qərarlaşdırmışdım. Bakı Ali Neft Məktəbi mənim xəyallarımın, arzularımın mərkəzində olan tək şey idi. Heç vaxt başqa bir alternativi belə ağlıma gətirmirdim. Çünki burada təhsilin yüksək səviyyədə olduğunu və mənim istədiyim kimi bir ali təhsil ocağı olduğunu bilirdim. Hər dəfə Ali Məktəbə daxil olanda düzgün seçim etdiyimə bir daha əmin oluram.

- Adətən deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən və sənin Kimya fənninə marağın haradan yaranıb?

- Düzdür, mühəndislik peşəsində kişilər üstünlük təşkil edir. Amma bu bir faktdır ki, bu sahədə qadınlar da çox böyük nailiyyətlərə sahib olublar. Kimya fənninə həmişə marağım olub və “Kimya mühəndisliyi”nə hal-hazırda böyük bir tələbatın olduğunu da nəzərə alsaq, seçimimdə yanılmadığımdan əminəm.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?

- BANM-i arzulayan abituriyentlərə demək istərdim ki, dərslərdən əlavə kompüter biliklərinə və ingilis dilində danışığa yiyələnsinlər. Çünki burada yüksək bal toplamaqla bərabər, bu biliklər də çox mühüm rol oynayır. Mən əminliklə deyə bilərəm ki, BANM-dəki təhsil digər yerli universitetlərdəki təhsildən qat-qat üstündür. Məhz buna görə də BANM-də Azərbaycanın ən yüksək ballı tələbələri təhsil alırlar.

 

Nigar Abdullayeva

Palitra.-2015.- 23 oktyabr.-S.11.