Sizə uğurlar, Almaz müəllimə

 

Bakının Nizami rayonundakı 250 saylı tam orta məktəbin adı son vaxtlar ən yüksək nailiyyət göstərən məktəblər sırasında çəkilir. Təbiidir ki, bu da səbəbsiz deyil. Belə ki, bu məktəbin yetirmələri bir qayda olaraq ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr göstərirlər.

Şagirdlərin belə yüksək nailiyyətlərində şübhəsizdir ki, məktəbin qabaqcıl müəllimlərinin müstəsna dərəcədə böyük xidmətləri vardır. Məktəbin direktoru Nazim müəllimlə bu barədə söhbət edəndə gülümsüyərək dedi: “Yaxşı olar ki, bu barədə məktəbimizin ən qabqcıl müəlliməsi Almaz müəllimə haqqında yazın. Belə ki, o, sözün həqiqi mənasında məktəbimizin fəxridir. Bütün məktəb üzrə ali məktəbə daxil olmuş abituriyentlərin böyük əksəriyyəti, az qala, hamısı onun yetirmələridir, ingilis dili fənnindən onunla hazırlaşıblar. Almaz müəllimə sözün həqiqi mənasında məktəbdə həm müəllimlərin, həm də şagirdlərin sevimlisinə çevrilib.”

Almaz müəllimə ilə söhbətləşəndə məlum oldu ki, o, 1964-cü ildə Ağstafa rayonu Kalinin kənd orta məktəbində I sinfə getmiş, 1976-cı ildə isə Azərbaycan Dövlət Xarici Dillər Universitetini bitirmişdir. 1982-ci ildən 250 saylı orta məktəbdə müəllimə işləyir. İşlədiyi gündən təhsildə ən yeni texnologiyalardan, metodüsullardan istifadə edən, novator müəllim kimi tanınıb. Elə təhsildə ən yeni metodlardan istifadə etmək həvəsi ona respublikada birincilər sırasında hələ 2008-ci ildə Windows Mikrosoft Office: Word proqram üzrə kursu bitirməsinə səbəb olmuşdur. Belə ki, Almaz müəllimə dərslərində fəal tədris metodlarından istifdə etmək üçün kompüter və avadanlıqlarından, kinoskopdan, diafilmlərdən də tez - tez faydalanmışdır. Bu barədə danışarkən - belə əyani vasitələr şagirdlərdə həm elmə həvəsi artırır, həm də keçilən materialın onlar tərəfindən yaxşı qavranmasına səbəb olur - deyir Almaz müəllimə. Belə qabaqcıl metodlardan istifadə etməsi tezliklə onun haqqında TQDK-da, eləcə də digər qurumlarda ona qarşı maraq yaratdı. Belə ki, TQDK-da müxtəlif layihələrin hazırlanması üçün müvafiq işlərə cəlb edilən Almaz müəllimə tezliklə öz fəallığı, işə ciddi münasibəti, işgüzarlığı, yaradıcılığı, ən əsası isə müxtəlif çətin, mürəkkəb problemlərin həllində çox orijinal, özünəməxsus ağıllı təkliflərilə diqqəti cəlb etdi. Ona görə də kurikulumun lap erkən vaxtlardan tətbiq edilməyə başlandığı vaxtlarda TQDK-nın V-VI siniflər üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün çap etdirdiyi vəsaitin müəliflərindən birininAlmaz müəllimənin olması heç kimdə təəccüb doğurmadı.

2012-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma kursunda təhsilini müvəffəqiyyətlə başa vuran Almaz müəllimə 2013-cü ildə Kurikulum kursunu da keçdi. Təbiidir ki, bu kurslardan müvəffəqiyyətlə keçməsi ona pedaqogika sahəsində biliyini daha da artırmağa, dərslərini zamanın tələbləri səviyyəsində qurmağa, nəticədə təhsildə daha yüksək nəticələr əldə etməyə imkan verdi.

Öz üzərində işləməyi bir an da olsun dayandırmayan Almaz müəlimə 2013 - ilin noyabrında İnnovative Teachers Network - kursunun rəhbərliyi altında “Davamedicilər üçünflashdistansion master - klas kursundan da keçir. Hazırda bütün dünyada getdikcə daha çox adamın danışdığı və mühüm əhəmiyyət kəsb edən distansion təhsil haqqında Almaz müəllimə xüsusi həvəslə danışır və gələcəkdə onun mühüm rol oynayacağını deyir. Dünya ölkələrinin getdikcə inteqrasiya olunduğu hazırkı məqamda belə təhsilin rol və əhəmiyyəti xüsusilə özünü göstərir.

2015-ci ildə isə kurikulumun ən vacib tərkib hissələrindən hesab edilən diaqnostik qiymətləndirmə kursunu keçən Almaz müəllimə təcrübəli müəllimə kimi bu kursu xüsusilə yüksək qiymətləndirir və onun hazırkı dövrdə bütün müəllimlər üçün faydalı olduğunu deyir. Həmkarları ilə söhbətdə kurikulumun geniş miqyasda tətbiq edildiyi hazırkı dövrdə bu kursun zamanın tələblərinə uyğun olduğunu onlara yoldaş kimi bildirməklə onların da bu kursdan keçmələrini tövsiyə edir. Öz üzərində daima, yorulmadan çalışan Almaz müəllimə ən müxtəlif - pedaqoji, elmis. mövzularda keçirilən yerli və beynəlxalq konfranslarda da fəal şəkildə iştirak edir.

Bu baxımdan təsadüfi deyildir ki, yaxınlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitunun, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitunun “Azərbaycanda Təhsil quruculuğunun prioritetləri: Müasir yanaşmalar” adlı birgə keçirmiş olduqları konfransda fəal şəkildə iştirak etmiş, özünün maraqlı, qeyri - adi təklifləri ilə digər iştirakçıların diqqətini cəlb etmişdir.

Bəli, bütün dünya miqyasında geniş miqyasda inteqrasiya prosesinin getdiyidoğma Azərbaycanımızın da bu işlərdə fəal rol oynadığı hazırkı dövrdə ingilis dilinin tədrisinin çox böyük əhəmiyyət daşıdığını təkidlə qeyd edən Almaz müəllimə işlərinə son dərəcədə məsuliyyətlə yanaşmaqla bərabər digər, daha gənc həmkarlarına da yeri gəldikcə faydalı məsləhətlərini əsirgəmir. Bu barədə onunla danışanda Almaz müəllimə gənc müəllimlər arasında da işinə çox məsuliyyətlə yanaşan, savadlı müəlimlərlə bərabər, işinə barmaqarsı baxan, bəzi məsuliyyətsiz, özünə qarşı qətiyyən tələbkarlıq göstərməyən müəllimlərin də olmasını təəssüf hissi ilə qeyd etdi. Almaz müəllimə onlara ən yüksək səviyyədə kömək etməyə də həmişə hazır olduğunu dəfələrlə qeyd edir.

Etiraf edək ki, hazırkı dövrdə belə hazırlıqlı, fəal, həmişə özünə qarşı tələbkar müəllimlərə o qədər də çox rast gəlinmir. Ona görə də belə müəllimləri qorumaq, onları yeri gəldikcə həvəsləndirmək yerinə düşərdi.

Bu baxımdan bir daha demək istərdim - gördüyünüz işlərdə SİZƏ uğurlar arzu edirik, Almaz müəllimə.

 

İlqar Abdullayev

Palitra.-2015.-23 oktyabr.-S.13.