“Müəllim, eyni zamanda tələbənin dostu olmalıdır”

 

Ceyhunə Hüseynova: “Aparılan islahatlar tələbələrdə elm və təhsilə marağı artırıb”

 

Şagird və tələbələrin elmə, təhsilə marağının yaranmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Amma bunun üçün, hər şeydən əvvəl, müəllim-şagird və ya tələbə münasibətlərində inamın, hörmətin olmasıdır. Elə bu və digər mövzularla bağlı Sumqayıt Dövlət Universitetinin Azərbaycan diliümumi dilçilik kafedrasının baş müəllimi Ceyhunə Hüseynova ilə həmsöhbət olduq. Qeyd edək ki, Ceyhunə Hüseynova 2001-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə SDU-nun Filologiya fakültəsinin magistr pilləsini bitirib. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda əmək fəaliyyətinə başlayıb. 2007-ci ildən isə SDU-da çalışır. Hazırda həmin universitetin dissertantıdır. Müxtəlif respublika və beynəlxalq konfranslarında çıxış edib, ölkə və ölkə hüdudlarından kənarda dərc olunan məcmuələrdə 21 məqaləsi işıq üzü görüb.

-Dövlət tərəfindən təhsil sahəsində görülən islahatlar öz effektini verirmi?

-Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovet təhsil sistemindən dünya standartlarına uyğun təhsil sisteminə keçmək üçün bu sahədə köklü islahatların aparılması zərurəti meydana çıxdı. 1993-cü ildən ikipilləli təhsilin tətbiqinə başlanılması bu istiqamətdə atılan ilk addım kimi böyük önəm kəsb edirdi. Daha sonra dünya təhsil standartlarının tələbindən irəli gələn kredit sisteminin tətbiqinə başlanılması bu addımın davamlılığından xəbər verirdi. 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın təsdiqindən sonra bu islahatlar sistemli xarakter alaraq günümüzdə də aparılmaqdadır və deyərdim ki, öz əhəmiyyətini göstərməkdədir. Məhz bu proqramdan sonra ali təhsil müəssisələrinə müstəqilliyin verilməsi, təhsildə struktur dəyişikliklərinin aparılması kimi islahatlar istər müəllim, istərsə də tələbə kontingentinin yüksəkixtisaslı kadr kimi yetişməsinə, bilavasitə cəmiyyətin inkişafına yönəlmiş təhsil siyasətidir. Fəaliyyət göstərdiyim Sumqayıt Dövlət Universitetində bu gün də belə islahatlar aparılmaqdadır. Rektor Elxan Hüseynovun təhsilin keyfiyyətini yüksəltmək üçün universitetdə apardığı islahatlar biz gənc müəllimləri daha çox çalışmağa sövq edir, eyni zamanda tələbələrimizdə elmə marağı daha da artırır. Elmi-texniki tərəqqinin nailiyyətlərinin-elektron lövhələrin təhsildə tətbiqi tələbələri daha səylə çalışmağa cəlb edir. Hətta il ərzində göstərdiyi fəaliyyətinin nəticəsinə əsasən əmək haqqının artırılması kimi tədbirlər müəllimlər arasında rəqabəti gücləndirir. 2005-ci ildən Bolonya prosesinin tətbiqi, 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planının təsdiqi, 2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycanda Avropa standartlarına cavab verən ali təhsilə nail olmaq, bilavasitə intellektual cəmiyyət, bu cəmiyyəti idarə edə biləcək peşəkar kadrlar yetişdirmək məqsədini daşıyır. Təhsilin inkişafına ayrılan vəsaiti cəmiyyətin xoşbəxt gələcəyinə qoyulan ən yaxşı sərmayə kimi dəyərləndirən təhsil naziri Mikayıl Cabbarovun aparmaqda olduğu islahatlar da məhz bu proqramın həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, gələcəyimiz olan gənclərimizin, o cümlədən cəmiyyətimizin inkişafında təhsilin rolu əvəzolunmazdır və bu islahatların həyata keçirilməsində nəinki pedaqojielmi ictimaiyyət, cəmiyyətin bütün üzvləri birgə çalışmalıdır.

-Bugünkü tələbənin əsas istəyi nədir?

-Əslində, bu sualı mən vaxtaşırı tələbələrə ünvanlayıram. Təbii ki, aldığım cavablar müxtəlif olur. Aparılan islahatlarla yanaşı, gəncliyi qane etməyən tərəflər də var. Bəzən Avropa təhsil sistemində tələbələrin daha sərbəst şəraitdə dərs keçmələri kimi dəlillər gətirərək onlara da çox sərbəstlik verilməsini, müasir standartlara cavab verən kitabxanaların olmasını, mühazirələrin fasiləli olmasını, dərsdən sonra vaxtlarını səmərəli, həm də əyləncəli keçirmək üçün müəyyən guşələrin, mərkəzlərin olmasını, nəzəri biliklərə nisbətən təcrübi biliklərə daha çox yiyələnmək istədiklərini bildirirlər. Doğrudur, onlara təcrübə keçirilir, amma bu cür təcrübələrin daha səmərəli və çox olmasını istəyirlər. Əlbəttə ki, tələbələr təcrübəli müəllimlərdən dərs almaqla yanaşı, müəllimlə tələbə arasında dostluq münasibətlərinin qurulmasını, müəllimin onlara şəxsiyyət kimi yanaşmasını istəyirlər. Bəzən müxtəlif ölkədaxili və ölkədən kənar universitetlərdə olub, onlarla bilik mübadiləsi aparmaq, təlim və seminarlarda, konfranslarda iştirak etmək kimi istəklər də olur.

Düşünürəm ki, peşəkar müəllim savadlı kadr olmaqla yanaşı, həm də psixoloq olmalıdır, hər auditoriyanın, hətta tələbənin xarakterinə uyğunlaşmaqla onu idarə etməlidir. Əslində, bugünkü gənc nəsli idarə etmək çox çətindir. Müəllimin pedaqojipsixoloji hazırlığı yüksək olmalıdır ki, bu çətinliyin öhdəsindən gələ bilsin.

-Gənc nəslin elm və təhsilini artırması üçün marağı necədir?

-Yuxarıda qeyd etdiyim kimi, aparılan islahatlar tələbələrdə elm və təhsilə marağı artırıb. Onlarda sanki daha çox öyrənmək, daha çox bilik əldə etmək istəyi var. Bugünkü gənc artıq ixtisas fənlərini oxumaqla kifayətlənmir, həmçinin bədii mütaliə etməyə maraq göstərir, fərdi inkişaf proseslərinə qoşulmağa can atır. Mən çalışıram vaxtaşırı müxtəlif mövzulu təlimlərdə olum və belə təlimlərdə tələbələrimizin iştirak etməsi, sual-cavablarda aktivliyi, artıq gələcək hədəflərini, bu hədəfə necə çatacaqlarını müəyyənləşdirmək istəyi və s. keyfiyyətlər məni sevindirir. Bu il Babək Bayramov və Fəxri Ağayev kimi təlimçilərin Sumqayıt şəhərində təşkil etdikləri seminarlarda universitetimizin, eləcə də Sumqayıt gəncliyinin fəallığı məni sevindirirçox xoş təəssürat yaradırdı. Universitetimizdə müəllimlərimizin təşkil etdiyi təlimlərdə də tələbələr fəallıq nümayiş etdirirlər. Öyrənmək istəyən tələbəyə dərs demək, əslində, müəllimi də daha çox öyrənməyə sövq edir. Belə olan halda qarşılıqlı bilik mübadiləsi yaranır, müəllim tələbəni öyrədə-öyrədə mükəmməlləşir. Yeri gəlmişkən, bu günlərdə qruplardan (973-cü qrup) biri ilə Açıq dərs verirdim və digər qrupun öz biliklərini nümayiş etdirmək istəyindən irəli gələn gileyi məni də motivə etdi, yaxın günlərdə onlarla da Açıq dərs təşkil edəcəyimə söz verdim. Bu gün tələbələr arasında elmə olan maraqdandır ki, magistratura pilləsini oxumaq istəyənlərin sayı artır. Hətta bəzən tələbələrimiz universitetdə qalıb işləmək kimi hədəfə yetişmək üçün yüksək nəticə əldə etməyə çalışırlar. Əlbəttə, rəhbərliyimiz bu cür tələbələri dəyərləndirir və işlə təmin etməyə çalışır.

-Tələbələr müəllimə nə dərəcədə inanırlar?

-Maraqlı sualdır. Tələbələrin müəllimə münasibəti birmənalı ola bilməz. Bütün tələbələrin sevgisinin bir müəllimdə cəmlənməsi mümkün deyil. Bəzən sənin kiməsə onu oxutmaq üçün verəcəyin qiymət cəzası sənə qarşı nifrət oyada bilər, bəzən isə kimsə bundan nəticə çıxarıb müəllimin rəğbətini qazanaraq onu sevə bilər. Bilirsiniz, iki il qabaq böyük bir qrupun həm mühazirəsini, həm də seminarını aparırdım. Özümbilirdim ki, tələbələri onların öz dili ilə desək, çox sıxırdım, yükləyirdim. Bəzən tələbələr onları çətinliyə salmağımla bağlı giley edirdilər. Ancaq semestrin sonunda qrup 100 % müsbət nəticə verəndə mənim sevincimin həddi-hüdudu yox idi və həmin tələbələrimin üstümə yüyürərək minnətdarlıq etmələri məni göylərə qaldırdı. Heç bilirsiniz, tələbə gəlib müəlliminə “Mənə Azərbaycan dilini siz sevdirmisiz” deyəndə insan hansı hisləri keçirir?.. Mən sadəcə tələb etmişdim (qeyd edim ki, bunun əksi olan hallar da ola bilir. Əminəm ki, o tələbə, zamanı gələndə mənim ona yaxşılıq etmək istədiyimi anlayacaq). Məncə, hər şey müəllimin özünü təqdim etməyindən asılıdır. Tələbənin müəllimə hörməti qorxudan deyil, sevgidən yaranmalıdır. Müəllim, eyni zamanda tələbənin dostu olmalıdır. Bəzən tələbə səninlə mənəvi və maddi problemlərini də bölüşə bilər, müəyyən məsləhət də ala bilər. Ancaq bu münasibətlərin tədris prosesinə təsiri olmamalıdır. Əgər tələbə problemini səninlə bölüşürsə, deməli, inanır. İnam da müəllimə sevgidən yaranır.

Fuad Hüseynzadə

Palitra.-2015.-24 oktyabr.-S.11.