“Müəllim maddi
rifahının yaxşılaşmasını istəyirsə,
daim təkmilləşməlidir”
Südabə Səfixanova:
“Diaqnostik qiymətləndirmə müəllimlərin
iş metodunu,
savadını, səviyyəsini müəyyən etmək üçün çox
gözəl metoddur”
Bugünlərdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə əmr imzalayıb. Burada göstərilir ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
Bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılmasını, müəllimlər arasında sağlam rəqabətin formalaşdırılmasını, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin ehtiyacları müəyyənləşdirilərək xüsusi təlim proqramları hazırlanıb və onların ixtisasının artırılması üzrə təlimlər təşkil edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən irəli gələrək təhsil nazirinin imzaladığı yeni əmrdə Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlərin dərs yükü norması və əməkhaqqının artırılması üzrə başlanmış prosesin ölkənin digər şəhər və rayonlarının ümumi təhsil müəssisələrində davam etdirilməsi məqsədilə “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiq edilib.
Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunları ilə bağlı ölkə başçısı qarşısında çıxışı zamanı təhsil naziri M. Cabbarov bildirmişdi ki, diaqnostik qiymətləndirmə, həmçinin hər bir müəllimin zəif və güclü tərəflərini müəyyənləşdirməyə, ixtisasartırma təlimlərinin ehtiyaclarını dəqiqləşdirməyə imkan yaradıb. Ünvanlı prinsiplə təşkil olunmuş təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa müvəffəq olub. O da vurğulanıb ki, cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır. Bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərinin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq.
Diaqnostik qiymətləndirilmədən
keçəcək müəllimlərin əməkhaqları
gələn ildən artacaq
Təhsil Nazirliyinin dünən yaydığı məlumatda isə diaqnostik qiymətləndirmənin keçiriləcəyi bölgələrin adı açıqlanıb. Belə ki, bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 2016-cı ilin yanvarından isə həmin müəllimlərin əməkhaqlarının artırılması planlaşdırılır ki, bununla da 1 il ərzində ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq. Qeyd olunub ki, Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib: “Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb ki, nəticədə orta hesabla əməkhaqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.
Bakıda iş yerini dəyişən
və yeni işə qəbul olunan müəllimlərin diaqnostik
qiymətləndirilməsinin keçiriləcəyi tarix açıqlanıb
Həmçinin Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 29, 30 və 31 oktyabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçiriləcək. Qeyd olunub ki, Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar. Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır.
“Özünüqiymətləndirmə
hər insan xüsusilə müəllimlər
üçün çox
vacib amildir”
Müəllimlərimiz də diaqnostik qiymətləndirmənin təhsilimizin daha da inkişafı üçün vacib olduğunu deyirlər. Belə müəllimlərimizdən biri, 132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanova bildirdi ki, ötən müddət ərzində təhsil sistemində bir sıra yeniliklər baş verib, ölkə başçısının təhsilə olan diqqəti sayəsində təhsilimizin gələcəyinə nikbin baxmağa yeni imkanlar və əlverişli şərait yaranıb: “Təhsil naziri Mikayıl Cabbarovun sözləri ilə desək XXI əsr “bilik iqtisadiyyatı” əsri adlandırılır. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir. Bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir. Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Bu baxımdan, ölkə başçısı tərəfindən mürəkkəb iqtisadi şəraitdə “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzalanan sərəncam ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş uzaqgörən addım olub. Bu gün bir faktdır ki, sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
S.Səfixanovanın sözlərinə görə,
özünüqiymətləndirmə hər insan
xüsusilə müəllimlər üçün
çox vacib amildir: “Dövlət tərəfindən
müəllimlərə göstərilən diqqət müəllimlərin
üzərinə böyük məsuliyyət
qoyur. Müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq
dövlətimizin qarşıya qoyduğu
prioritet vəzifələrdən, deyərdim
ki, ən vacibidir. Diaqnostik qiymətləndirmə müəllimlərin
iş metodunu,
savadını, səviyyəsini müəyyən etmək üçün çox
gözəl metoddur. Artıq hər bir müəllim qarşısına məqsəd
qoyur, əgər maddi
rifahının yaxşılaşmasını istəyirsənsə,
daim təkmilləşməli, öz üzərində daim
çalışmalısan. Bütün
müəllimlərimizə uğurlar
arzulayıram. Müəllimlərimiz dövlətçiliyimizin
inkişafı üçün kadrlar hazırlayan şəxslərdir”.
Nigar Abdullayeva
Palitra.-2015.-27 oktyabr.-S.11.