Elmlər Akademiyasının yaradılması prosesiilk tərkibi

 

Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq.

Heydər Əliyev

Azərbaycan xalqının

ümummilli lideri

 

Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili ilə başlanmışdır. Bu təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat işlərini istiqamətləndirmək, ekspedisiyaları təşkil etmək, müzakirələr keçirmək baxımından ilk böyük addımlar olsa da, sistemlifundamental tədqiqatların aparılmasına və tətbiqinə geniş imkan verə bilməmişdir.

Bunun ardınca 1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində yaradılmış Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö Cəmiyyətinin funksiyalarından bir qədər irəli getmiş, lakin institutun əsas istiqaməti siyasiiqtisadi vəzifələrin, tədris-metodiki işlərin həllinə yönəldildiyi üçün ölkə üzrə elm sahəsində xüsusi bir canlanma yaratmaq mümkün olmamışdır. Bununla belə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, habelə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu respublikada elmi fəaliyyətlə məşğul olan yaradıcı qüvvələri bir yerdə cəmləşdirmək, onların elmi fəaliyyətlərini müəyyən olunmuş istiqamətlər üzrə əlaqələndirmək baxımından bir çox faydalı addımlar atmaqla gələcək Akademiya üçün müəyyən zəmin hazırlamışdır. Bu mənada 29 dekabr 1932-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi respublikada o vaxta qədər mövcud olmuş elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlamışdır. İttifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində yaradılmış Sektorlar konkret olaraq ayrı-ayrı ixtisaslar üzrə elmi araşdırmaların aparılması işlərini təşkil etmiş, buna görə də az sonra Akademiyanın tərkibində müstəqil elmi-tədqiqat institutlarına çevrilə bilmişdilər. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində rəhbərlik etmiş tanınmış alimlər Frans Yulyeviç Levinson - Lessinq (1861-1939), Ruhulla Axundov (1897-1938), Əhəd Yaqubov (1908-1979), Cəfər Kazımov (1897-1968), Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938), Heydər Hüseynov (1908-1950), Aleksey Alekseyeviç Klimov (1894 -?), Vəli Xuluflu (1894-1939), Yakov Dmitriyeviç Kozin (1896-1973) və başqaları ilk növbədə konkret elm sahələri üzrə Sektorların yaradılması vəzifələrini həyata keçirmiş, ölkə miqyasında elmi fəaliyyətə maraq göstərən yaradıcı qüvvələri işə cəlb etmişdilər. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər yaratdığından az sonra mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması zərurətini meydana çıxarmışdır.

Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik Frans Yulyeviç Levinson - Lessinqin (1861-1939) rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla çalışan Azərbaycan Filialı yaradılmışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi ilə Azərbaycanın artıq Akademiyada şöbə qismində deyil, filial statusunda fəaliyyət göstərməsinə meydan açılmışdır. Azərbaycan Filialı respublikada elmi qüvvələrin təşkilatlanması üçün xeyli dərəcədə irəli getmişdir. Qısa müddət ərzində Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, EtnoqrafiyaArxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq Sektorları təşkil olunmuşdur. Statusun artması Azərbaycan Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, NeftKimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir. Xüsusən, kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr, meydana çıxmış böyük təşəbbüslər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına böyük nüfuz qazandırmışdır. Bundan başqa, eyni zamanda, Humanitarictimai elmlər sahəsində çalışan yaradıcı qüvvələrin böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq sahəsində gördükləri geniş miqyaslı tədqiqat, tərcümə və çap işləri keçmiş Sovetlər İttifaqı miqyasında diqqəti cəlb edən mühüm hadisəyə çevrilmişdir. Bu dövrdə tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə də sistemli elmi tədqiqatların möhkəm bünövrəsi yaradılmışdır. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin hazırlanması, vilkanologiya tədqiqatlarına başlanılması, mezozoy dövrünün öyrənilməsi üzrə birinci addımların atılması, müalicəvi əhəmiyyətə malik olan Naftalan neftinin aşkara çıxarılması, Mingəçevir su-elektrik stansiyasının, Samur-Dəvəçi kanalının yaradılması planlarının meydana çıxması, Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar toplusunun, coğrafiya atlasının nəşr edilməsi SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer tuturdu.

Böyük Vətən müharibəsi dövründə elmin, ziyalıların böyük rolunu və əhəmiyyətini dərindən hiss edən Sovet rəhbərliyi SSRİ Elmlər Akademiyasının imkanlarının və səlahiyyətlərinin daha da genişləndirilməsi zərurətini nəzərə almalı olmuşdu. Hələ müharibə bitməmiş SSRİ-yə daxil olan müttəfiq respublikalarda İttifaq Akademiyasının filiallarının bazasında mərkəzləşdirilmiş qaydada idarə olunan müstəqil akademiyaların yaradılması işinin davam etdirilməsinə diqqət yetirilmişdir. Bu, 1937-ci illər repressiyasından sonra dövlət səviyyəsində ziyalılara yeni dönüş idi. Beləliklə, 1941-ci ildə Gürcüstanda, 1943-cü ildə Ermənistanda, 1944-cü ildə Özbəkistanda SSRİ Elmlər Akademiyasının həmin respublikalardakı filialları əsasında Elmlər Akademiyaları yaradılmasının ardınca Azərbaycanda da filialdan müstəqil elmi qurumun təşkil edilməsinə keçmək qərara alınmışdır. Bu məqsədlə Sovet dövlətinin rəhbərlərinin tapşırığı ilə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarov 1944-cü ilin oktyabr ayında Bakıya gələrək Azərbaycan filialının fəaliyyəti ilə şəxsən tanış olmuş, mövcud imkanları öyrənmişdir. Bütün bunlardan sonra o, 24 oktyabr 1944-cü il tarixdə SSRİ Xalq Komissarları Sovetinin sədr müavini Vyaçeslav Mixayloviç Molotova Azərbaycanda Elmlər Akademiyasının yaradılmasının mümkünlüyü barədə təqdimat yazmışdır. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarovun təqdimatında deyilirdi: “Bakıda olduğum müddətdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının və onun elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış oldum. Qeyd etməliyəm ki, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı inkişaf etmiş, möhkəmlənmiş, özündə onlarla görkəmli alimləri birləşdirən və Azərbaycan SSR-dəki sahə elmi-tədqiqat institutlarının işini koordinasiya edən həqiqi elmi mərkəzə çevrilmişdir.

Bütün bunlar Azərbaycan xalqının qarşıdan gələn Azərbaycan SSR-də sovet hakimiyyətinin qurulmasının 25 illiyinə töhfə olaraq Azərbaycan SSR Elmlər Akademiyasını yaratmasına haqqı çatdığı barədə fikir söyləməyə əsas verir.

Ona görə də Sizin icazənizlə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının və respublikadakı digər elmi-tədqiqat institutlarının bazasında Azərbaycan SSR Elmlər Akademiyasının təşkil edilməsi haqqında təklifi baxılmaq üçün SSRİ Xalq Komissarları Sovetinə təqdim edim.

SSRİ Elmlər Akademiyasının prezidenti, Elmlər Akademiyasında BazalarFiliallar Şurasının sədri, akademik V.İ.Komarov

Bu uğurlu təqdimatdan az sonra, 23 yanvar 1945-ci ildə SSRİ Xalq Komissarları Soveti Azərbaycanda Elmlər Akademiyasının yaradılması haqqında 131 saylı qərar qəbul etmişdir.

SSRİ hökumətinin qərarının icrası ilə əlaqədar Azərbaycanın rəsmi dövlət qurumlarında və Azərbaycan filialında zəruri hazırlıq işlərinə başlanılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı əsasında respublikanın ali məktəblərindən və elmi-tədqiqat institutlarından Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərini və həqiqi üzvlərini seçmək üçün təkliflər alınmışdır. Bu məqsədlə 1945-ci ilin fevral-mart aylarında respublikada çalışan 41 nəfər tanınmış alimin namizədliyi haqqında təkliflər hazırlanmışdır. Biz hələlik həmin 41 nəfərdən 33 nəfərinin adlarını müəyyən edə bilmişik. Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri və ilk akademikləri olmağa namizəd göstərilənlər aşağıdakı şəxslər idilər.

1. Abramoviç Mixail Vladimiroviç - Əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor

2. Əzizbəyov Şamil Əbdülrəhim oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor

3. Əmirxanov Həbibulla İbrahim oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor

4. Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu - Stalin mükafatı laureatı, geologiya-minerologiya elmləri doktoru

5. Balakişiyev Abdul Hüseyn oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

6. Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu -SSRİ xalq artisti, prosessor

7. Qrossheym Aleksandr Alfonsoviç - SSRİ Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor

8. Hüseynov Heydər Nəcəf oğlu - fəlsəfə elmləri doktoru, professor

9. Dadaşov Sadıq Ələkbər oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor

10. Yeqorov Konstantin Aleksandroviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor

11. Yeşman İosif Qavriloviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor

12. Qarayev Abdulla İsmayıl oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

13. Qaşqay Mirəli Seyidəli oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor

14. Makovelski Aleksandr Osipoviç - Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor

15. Məmmədəliyev Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor

16. Məmmədov Şamxal Əliməmməd oğlu - kimya elmləri doktoru, professor

17. Məlikov Malik Məmmədhüseyn oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

18. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

19. Vəkilov Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair

20. Topçubaşov Mustafa Ağabəy oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

21. Useynov Mikayıl Ələsgər oğlu - Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, tibb elmləri doktoru, professor

22. Şirəliyev Məmmədağa Şirəli oğlu - filologiya elmləri doktoru, professor

23. Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb emləri doktoru, professor

24. Yaqubov Əhəd Ələkbər oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor

25. Qutırya Viktor Serafimoviç - kimya elmləri doktoru, professor

26. Rusanova Valentina Nikolayevna - biologiya elmləri doktoru, professor

27. Derjavin Aleksandr Nikolayeviç - biologiya elmləri doktoru, professor

28. Solovkin Andrey Nikolayeviç - geologiya-mineralogiya elmləri doktoru

29. Sultanov Əzəl Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru

30. Yaqubov Mirxaliq Mirqasım oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru

31. Klimov Aleksey Alekseyeviç - etnoqraf, professor

32. Məmmədov Zülfüqar Mehdi oğlu - tibb elmləri doktoru, professor

33. Əliyev Şıxbala Əbülfəz oğlu - kimya elmləri doktoru, professor.

Adları qeyd edilən alimlərdən sıra ilə ilk 24 nəfəri müzakirə üçün hazırlanmış siyahıda öz əksini tapmışdır. Qalan 9 nəfərin isə Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilmək haqqında ayrı-ayrı elmi-tədqiqat institutları ali məktəblər tərəfindən verilmiş təqdimatlar arxiv materialları içərisindən əldə edilmişdir. Hələlik adlarını müəyyən edə bilmədiyimiz daha 8 nəfər haqqında məlumatları tapıb üzə çıxarmaq, ehtimal olunan siyahını tamamlamaq elm xəzinəmizi araşdıranların qarşısında duran vəzifədir.

 

(ardı var)

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Palitra.-2015.-28 oktyabr.-S.7.