Bəxtiyar Vahabzadənin şeirləri türk dillərində

 

Azərbaycan ədəbiyyatı özünün tanınmış simaları ilə türk və dünya mədəniyyətini zaman-zaman zənginləşdirib. Onların mədəni irsi bu gün də layiqincə təbliğ olunur.

Belə simalardan biriXalq şairi Bəxtiyar Vahabzadədir. Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında TÜRKSOY-un dəstəyi ilə çap olunmuşTürk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub. İştirakçılar əvvəlcə foyedə şairin kitablarından ibarət sərgi ilə tanış olublar. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə türk xalqlarının dilində çap olunmuş kitab haqqında məlumat verib.Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva şairin yaradıcılığının ölkəmizdə və türk dünyasında yüksək dəyərləndirildiyini söyləyib. Prezident İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən mədəniyyət ocaqlarında şairə həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. TÜRKSOY-un dəstəyi ilə Ankarada nəşr edilmiş kitabın dərs vəsaiti kimi əhəmiyyətindən söz açılıb. TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Mlik Atabayev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AYB-nin katibi Rəşad Məcid və başqaları böyük şairin tək Azərbaycanda deyil, türk xalqları tərəfindən də yüksək qiymətləndirildiyini söyləyiblər. Tədbir çərçivəsində şairin 90 illik yubileyinə kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə” biblioqrafiyası kitabı və “B.Vahabzadə 90” adlı diskin elektron variantının təqdimatı keçirilib. Biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında çap edilmiş materiallar toplanıb. Azərbaycan və rus dillərində tərtib edilmiş vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb. Göstərici “Bəxtiyar Vahabzadənin əsərləri”, “Bəxtiyar Vahabzadə haqqında” və “Köməkçi göstəricilər” adlı 3 hissədən ibarətdir. Kitabda şairin yaradıcılığı, ictimai fəaliyyəti haqqında müfəssəl informasiya verilir. Görkəmli şair haqqında geniş məlumatlarla zəngin olan diskdə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında dediyi xoş sözlər də yer alıb. Mərasimdə şairə həsr edilmiş kitablar iştirakçılara təqdim olunub.

 

Sevinc

Palitra.-2015.-29 oktyabr.-S.13.