“Nüfuzlu beynəlxalq
maliyyə institutları Azərbaycanın iqtisadi
inkişafını təsdiq edir”
Professor Fikrət
Yusifov:
“Prezidentin son günlərdə imzaladığı
yeni fərmanlar və qəbul etdiyi başqa qərarlar ölkədə
sahibkarlığın inkişafına
əngəl
ola biləcək hər
bir məqama “yox” dedi”
Dünya
Bankı bügünlərdə
“Doing Business 2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin
Qiymətləndirilməsi Hesabatı”nı açıqlayıb.
Avropa və Mərkəzi Asiyada biznesin inkişafı sahəsində
mühüm addımların
atıldığının qeyd olunduğu hesabatda Azərbaycan öz göstəriciləri
ilə bir çox ölkələri
üstələyib.
Dünya
Bankının qiymətləndirmələrinə
görə, Azərbaycan
ötən il
olduğu kimi, 189 ölkə arasında
63-cü yerdə qərarlaşıb.
Hesabatda islahat standartında Azərbaycanın mövqeyinin
yaxşılaşması əsasən
biznesə başlama, tikinti üçün icazələrin alınması
və xırda investorların müdafiəsi
kimi üç sahədə apardığı
islahatlarla izah olunur. Başqa sözlə, Azərbaycan
dünyada 3 və daha artıq islahatı həyata keçirmiş 26 ölkə
arasında yer alır. Bu, dünya
ölkələrinin yalnız
14 faizi deməkdir.
Hesabatda vurğulanıb ki, biznesə başlama sahəsində islahatlarda Azərbaycan korporativ möhürlərin istifadəsi
ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb.
Nəticədə biznesə
başlama müddəti
ötən il
Norveçlə müqayisədə
daha az - 5 gündən 3 günə
qədər azalıb.
Azərbaycan layihə sənədlərinin
ilkin təsdiqlənməsini
həyata keçirmək
üçün vahid
pəncərə sistemini
formalaşdırmaqla tikintiyə
icazələrin verilməsini
daha da asanlaşdırıb.
Nəticədə, anbarların tikintisi
üzrə prosedurların
sayı 24-dən 18-ə qədər
azaldılıb. Həmçinin əmlakın qeydiyyatı
sahəsində Azərbaycanın
189 ölkə arasında
7-ci yerdə qərarlaşaraq
qabaqcıl təcrübəni
tətbiq etdiyi qeyd olunub. Ümumiyyətlə, son vaxtlar bir
sıra beynəlxalq təşkilatların hesabatlarında
Azərbaycanla bağlı
yüksək göstəricilər
öz əksini tapır. Bu göstəricilər
həqiqətən də
ölkəmizdə iqtisadi
inkişafın göstəricisi
kimi qiymətləndirilir.
Bugünlərdə Prezident İlham Əliyev öz çıxışında
bunu bir daha qeyd edib:
“Biz son illər ərzində
apardığımız iqtisadi
islahatlar, düşünülmüş
siyasət nəticəsində
iqtisadi imkanlarımızı
böyük dərəcədə
artıra bilmişik.
Bu gün Azərbaycan
iqtisadiyyatı dünya
miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə
bizim iqtisadiyyatımız
artır, bu il də
artacaqdır. Son illər ərzində iqtisadi inkişaf templərinə görə
dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə
salmaq istəyənlər
uğurlarımızı neftlə
bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk.
Bu ilin 9 ayında
Azərbaycanda qeyri-neft
sənayesi 10 faizdən
çox artıb.
Ümumi
daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb”.
Mütəxəssislərimiz də bu göstəricilərin
real olduğunu təsdiq
edirlər. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin
sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, 184 dövlətin üzv olduğu və 100-dən artıq ölkədə rəsmi nümayəndəliyi
olan Dünya Bankı kimi nüfuzlu bir beynəlxalq maliyyə institutu 189 ölkənin biznes mühitini qiymətləndirdiyi hesabatda
Azərbaycanın mövqeyini
17 pillə yaxşılaşdıraraq
80-ci yerdən 63-cü yerə
yüksəldib: “Bu o deməkdir
ki, hökumət öz iqtisadi strategiyasını o qədər
uğurla qura bilib ki, dünyanı
iqtisadi, maliyyə təlatümləri ciddi şəkildə silkələdiyi
bir dönəmdə neftdən gəlirlərinin
2 dəfəyə qədər
azalmasına baxmayaraq Azərbaycan cari ilin 9 ayı ərzində 3,7 faiz iqtisadi artıma (Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən cari ilin yekunları üzrə Azərbaycanda iqtisadi artım 4 faiz gözlənilir) nail ola bilib. Bu artım bütövlükdə
qeyri-neft sektorunun hesabına təmin edilmişdi. Çoxlarına möcüzə kimi görünsə də, bu reallıqdır və hər kəs onu olduğu
kimi qəbul etmək məcburiyyətindədir.
Nüfuzlu beynəlxalq maliyyə
institutlarının da
təsdiq etdiyi bu faktı Azərbaycanda
hökumətin bütün
pozitiv addımlarını
qara rəngdə görənlər də heç bir formada inkar edə
bilməyəcəklər. Onlara indi başqa rənglər axtarmaq lazımdır”.
Dünya
Bankı tərəfindən
hazırlanaraq 2015-ci ilin
oktyabrın 27-də açıqlanan
biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə
əks etdirən
"Doing Business 2016" hesabatında Azərbaycanda əsasən
biznesə başlama, tikinti üçün icazələrin alınması
və kiçik investorların maraqlarının
qorunması üzrə
biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan
islahatlar xüsusi yer tutduğunu deyən mütəxəssisin
sözlərinə görə,
hesabatda ölkəmiz
biznesə başlamaq yolunda biznesin qeydiyyatını sadələşdirmək
sahəsində dünyanın
ilk onluğuna daxil olaraq Almaniya və İsveç kimi ən yaxşı
təcrübəyə malik
olan ölkələrlə
bir sırada dayanıb: “Prezidentin 3 mart
2014-cü il tarixdə
qəbul etdiyi "Sahibkarlığın inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında" Fərmanı
belə uğurlu nəticənin əldə
olunmasında xüsusi
rol oynayıb. Həmin fərmanla sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının
aparılması, daşınmaz
əmlaka hüquqların
qeydiyyatı, tikintiyə
icazələrin verilməsi,
korporativ idarəetmənin
təkmilləşdirilməsi, investorların maraqlarının
qorunması və müflisləşmə üzrə
qanunvericiliyə müvafiq
dəyişikliklərin edilməsi
qərara alınmışdı.
Azərbaycan hökuməti iqtisadi
islahatlar kursunu cari 2015-ci ildə daha da intensivləsdirdi.
Prezidentin son günlərdə
imzaladığı yeni
fərmanlar və qəbul etdiyi başqa qərarlar ölkədə sahibkarlığın
inkişafına əngəl
ola biləcək
hər bir məqama “yox” dedi. Atılan bu addımlar
daxildə iqtisadiyyatın
şaxələndirilməsinə çox böyük təkan verməklə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun
yüksəlməsinə və
bundan sonra beynəlxalq təşkilatların
müvafiq hesabatlarında
onun daha yaxşı yerlər tutmasına gətirib çıxaracaq”.
Nigar Abdullayeva
Palitra.-2015.-30 oktyabr.-S.5.