“Biz özümüzə
münasibətdə bu cür
ikili siyasəti qəbul edə bilmərik”
Ramiz Mehdiyev: “Azərbaycan
Avropa isteblişmentinin
riyakarlığına və ikiüzlülüyünə
münasibətdə ardıcıl və prinsipial
mövqe nümayiş
etdirib. Əgər Aİ öz
mənafelərini müdafiə edə bilərsə, onda Azərbaycan niyə bunu
etməsin?”
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev “Avropa
strukturlarının deqradasiyasının mənbələri
haqqında və ya Azərbaycana
münasibətdə ikili standartlar
siyasəti” adlı məqaləsində bir
sıra vacib məqamlara toxunub.
Məqalənin əsas məqamlarını hissə-hissə
təqdim edəcəyik. Akademik Ramiz Mehdiyev yazır ki, bugünkü
reallıqlar göstərir ki, Avropa İttifaqı bu qurumun təməlini qoyanların ilkin ideya və hədəflərindən
çox uzaqlaşıb. Bu
isə Aİ üzvü olmayan
ölkələrlə əməkdaşlıq proqramlarına
mənfi təsir göstərir və bundan
əlavə, tərəfdaşlarla əməkdaşlığı
səmərəli inkişaf etdirməyə
imkan vermir.
Aİ-nin “Şərq tərəfdaşlığı” layihəsinin kədərli aqibəti, Avropa Parlamentinin anti-azərbaycan siyasəti, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları məsələsində ikili standartlar buna sübutdur. Müəllif yazır ki, artıq bir neçə ildir ki, Aİ postsovet məkanındakı altı ölkə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) ilə xarici siyasəti “Şərq tərəfdaşlığı” layihəsi vasitəsilə həyata keçirir: “Bu təşəbbüslə yanaşı Rusiya Federasiyası postsovet məkanında özünün inteqrasiya layihələrini fəallaşdırıb və Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı kimi platformalar yaranıb. Nəticədə 2013-cü ilin sonunda “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti ərəfəsində iki inteqrasiya qütbünün - Qərbin və Şərqin sərt rəqabəti, opponentin mövqeyinin nəzərə alınmaması Ukrayna böhranına gətirib çıxardı. Aİ “Şərq tərəfdaşlığı”nın üzvü olan dövlətləri hər vasitə ilə prinsipial seçimə sövq etməyə çalışır, lakin bu seçimi etmiş ölkələrə münasibətdə əməli dəstək addımları atmayıb. Bu kontekstdə “Şərq tərəfdaşlığı”nın sonuncu, 2015-ci ildə keçirilmiş Riqa sammitinin yekunlarına, daha dəqiq desək, orada qəbul edilmiş bəyannamənin xarakterinə diqqət yetirməyə dəyər”. R.Mehdiyev yazır ki, bu bəyannamə “Şərq tərəfdaşlığı”nın iştirakçıları olan ölkələrin əksəriyyətini məyus edib. Lakin, hətta bu cür uğursuz və “dişsiz” sammitdə də Aİ rəsmiləri Azərbaycanı guya birgə bəyannamənin mətnini imzalamaqdan imtina etmiş qeyri-konstruktiv iştirakçı kimi təqdim etməyə çalışdılar: “Bəyannamədə Krımın işğal edilməsi kəskin pislənilir, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin birmənalı şəkildə dəstəklənməsi bildirilir. Bu fonda həmin sənədi tərtib edənlər ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəlmiş fəaliyyətinin Avropa İttifaqı tərəfindən dəstəklənməsini yalnız bəyan edirlər. Burada belə bir məntiqi sual yaranır: Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı barədə nə üçün susurlar? Hansı əsasa görə Krım problemi həmin sənəddə “qanunsuz ilhaq” şəklində əks olunur, amma Dağlıq Qarabağ məsələsində təcavüzkara prinsipial qiymət verilmədən, onu ünvanlı şəkildə pisləmədən formal və qarşıya heç bir vəzifə qoymayan diplomatik kazuistikadan istifadə edilir. Bu, kəskin etnik-ərazi problemi qarşısında məsuliyyətdən yaxasını kənara çəkmək üçün ikili standartları alətə çevirmiş Avropa İttifaqının riyakar siyasətini çılpaqlığı ilə göstərən birinci əyani məqamdır”. Akademik sual edir: “Krım problemi ilə əlaqədar Rusiyaya münasibətdə bu qədər fəallıqla sanksiyalar tətbiq edən Aİ nəyə görə indiyədək Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermənistan barəsində heç bir adekvat bəyannamə qəbul etməyib? Axı, əgər Qərb ölkələri Dağlıq Qarabağın işğalı ilə əlaqədar Ermənistana münasibətdə sağlam və barışmaz mövqe tutsaydılar, bəlkə də 2014-cü il Ukrayna böhranından qaçmaq mümkün idi.
SSRİ-nin dağılması ərəfəsində Yerevandan qaynaqlanan təhlükə və təhdidlərə məhəl qoyulmaması hiddət doğurur. Axı, 1980-ci illərin axırlarında Dağlıq Qarabağ münaqişəsi qırmızı imperiya ərazisində sonrakı bütün analoji böhranlara yol açmış ilk konflikt oldu. Dağlıq Qarabağ ətrafında münaqişəyə Qərbin münasibəti bir növ məhək daşı oldu. Nəticədə başqa ölkələrdəki separatçılar yalnız cinayətkar impuls aldılar”.
“Avropa
strukturlarının bəzi addımları
danışıqlar prosesinə
ziyan vurur”
Ramiz Mehdiyev yazır ki, Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, Avropa strukturlarının bəzi addımları isə danışıqlar prosesinə hətta ziyan vurur: “Brüssel Türkiyənin və Ermənistanın qeyri-hökumət təşkilatlarının çoxsaylı layihələrini əl altından stimullaşdırmaqla və Türkiyənin Aİ-yə daxil olması üçün Ermənistanla sərhədlərin açılması şərtini irəli sürməklə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini açıq-aşkar dəstəkləyir. Bu, sağlam düşüncəyə ziddir, çünki birləşmiş Avropanın siyasi dairələri Ermənistan-Türkiyə sərhədinin bağlanması səbəblərini çox gözəl bilirlər. Ankara birmənalı olaraq bəyan edib ki, Ermənistanla barışıq yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi uğurlu olduqda mümkündür. Türkiyə bu qərarı 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonra qəbul edib. Nəticədə Aİ öz hərəkətləri ilə həm Qarabağ münaqişəsinin siyasi yolla həlli prosesinə ziyan vurur, həm də Ermənistanın timsalında təcavüzkar dövlətin təcrid olunması rejimini dolayısı ilə zəiflətməyə çalışır.
Bu fonda Aİ Dağlıq Qarabağ münaqişəsinə dair ictimai diplomatiyanın müxtəlif layihələrini fəal maliyyələşdirir və cəsarətlə demək olar ki, bu aksiyalar Azərbaycanın milli mənafelərinin zərərinə siyasi separatizmdir. Məsələ Ermənistanın işğalçı fəaliyyətinin və Yerevanın təcavüzkar siyasətinin pislənməsi dərəcəsinə çatanda Avropa İttifaqının rəsmi şəxsləri bir səslə istinad edirlər ki, bəs, Aİ bu böhranın tənzimlənməsində vasitəçi deyil və yumşaq desək, bu işin onlara dəxli yoxdur. Lakin, əgər suveren Azərbaycanı özünün təsir dairəsinə cəlb etmək üçün fəal çalışan Brüssel tərəfdaş ölkənin ağrılı problemindən özünü kənara çəkirsə, onda o, nə münasibətlə təcavüzkar ölkənin və heç kəs tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası”nın qeyri-hökumət strukturlarını stimullaşdırır, onlara qrantlar paylayır? Biz özümüzə münasibətdə bu cür ikili siyasəti qəbul edə bilmərik. Çünki bu siyasət bir milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarını tapdalayır, bu insanlar erməni təcavüzünün birbaşa qurbanlarıdır və dolayısı ilə həmin siyasət erməni ekspansionizminə xidmət edən qüvvələri dəstəkləyir.
Üç erməni partiyasının (hakim Respublikaçılar partiyası, “Çiçəklənən Ermənistan” və Orinats Yerkir partiyaları) Avropa Xalq Partiyasının (AXP) sıralarında üzv olması xristian Ermənistana münasibətdə siyasi korrupsiyanın və “ilk növbədə Ermənistan” ideyasının sübutudur. Avropa təsisatları Ermənistanla assosiativ saziş imzalanmasına hazırlıq prosesində “Avropa siyasi məkanına inteqrasiyanın dərinləşməsi” adı ilə Ermənistanın siyasi partiyalarını, necə deyərlər, “növbədənkənar” AXP sıralarına qəbul etdilər. Lakin taleyin qismətindən məhz bu üç partiya Ermənistan Prezidentinin Moskvanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına daxil olmaq barədə bəyanatını qeyd-şərtsiz dəstəklədi. AXP pis vəziyyətə düşdü, çünki onun sıralarında Rusiyanın inteqrasiya layihələrini dəstəkləyən və Aİ ilə saziş imzalamaqdan imtina etmiş siyasi təşkilatlar var. Ermənilər isə sanballı siyasi rüşvət müqabilində nəinki öz öhdəliklərini yerinə yetirmədilər, hətta Avropada antiazərbaycan təbliğatını fəallaşdırmaq məqsədilə AXP-nin tribunasından istifadə etdilər”.
“Bu
məqsədlərin ən başlıcası postsovet
ölkələrini bir-birinə qarşı
qızışdırmaq və onların potensialını Aİ-nin bazarına yönəltməkdir”
Akademik yazır ki, “qonşuluq siyasəti” çərçivəsində ikili, bəlkə də saxta siyasətin daha bir nümunəsi postsovet dövlətləri ilə Aİ-nin qarşılıqlı münasibətlərinin tənzimlənməsinə kömək edən prinsiplərin müxtəlif olmasıdır: “Beləliklə, Brüsselin bəyan etdiyi “Şərq tərəfdaşlığı”nın əsas məqsədi - Aİ-nin vahid dəyərlərinin və normalarının qonşu ölkələrə yayılması quru sözdən başqa bir şey deyil. Reallıqda Aİ-nin ikili siyasəti yığılıb qalmış ciddi problemlərin aradan qaldırılmasına deyil, kontinental strukturların yüksək dairələrində rəğbət qazanmış subyektlərin əl altından dəstəklənməsinə yönəlib. Avropalı məmurlar dövlətlərarası mübahisələrin taleyi ilə bağlı eyni vəziyyətdə beynəlxalq hüququn əsas prinsiplərini müxtəlif şəkildə interpretasiya etməklə istər-istəməz özlərinin həqiqi məqsədlərini üzə çıxarırlar. Bu məqsədlərin ən başlıcası postsovet ölkələrini bir-birinə qarşı qızışdırmaq və onların intellektual potensialını, resurs bazasını, tranzit şəbəkələrini Aİ-nin bazarına yönəltməkdir. Məşhur bir məsəldə deyildiyi kimi, hamının xoşuna gələ bilməzsən. Bu mənada Azərbaycan Avropa isteblişmentinin riyakarlığına və ikiüzlülüyünə münasibətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirib. Əgər Aİ öz mənafelərini müdafiə edə bilərsə, onda Azərbaycan niyə bunu etməsin?”.
“Azərbaycanın
işğal edilmiş
əraziləri tamamilə azad olunana qədər dünyada
heç kəs Ermənistanın təcrid
olunmasına son qoya
bilməz”
Məqalədə qeyd edilir ki, avropalıların Ermənistanla açıq flirtini və Qarabağ münaqişəsi zonasında beynəlxalq hüququn tam fəaliyyətsizliyini müşahidə edən Azərbaycan təcavüzkar ölkəyə münasibətdə birtərəfli qaydada blokada strategiyasını tətbiq edib: “Təcrübə göstərib ki, Azərbaycanın işğal edilmiş əraziləri tamamilə azad olunana qədər dünyada heç kəs Ermənistanın təcrid olunmasına son qoya bilməz. Sanksiya mexanizminin səmərəli olmamasını uzun müddət bizə sübut etməyə çalışanlar isə bu gün özləri onların xoşuna gəlməyən ölkələrə münasibətdə həmin mexanizmdən istifadə edir və məhdudlaşdırma tədbirlərinin təsir dairəsini durmadan genişləndirirlər. Maraqlıdır ki, Avropa təsisatları bizi daim bu münaqişə həll edilənə qədər xoşməramlı jest kimi təcavüzkar Ermənistanla sərhədləri açmağa çağırırlar. Onların fikrincə, Ermənistanın Şərqdən və Qərbdən blokadaya alınması siyasəti münaqişənin həllini yalnız mürəkkəbləşdirir. Onda belə bir sual yaranır: Bəs, nə üçün bu cür çağırışlar, məsələn, Krım yarımadasını blokadaya almış Kiyevə ünvanlanmır? Məgər Ukrayna məsələsində blokada siyasəti münaqişəni həll edə bilər? Məgər Dağlıq Qarabağ da Krım kimi işğal edilməyibmi və Ermənistan ekspansionist deyilmi?
Biz sərhədlərin
açılmasının əsla əleyhinə deyilik, lakin, yalnız Azərbaycan
əraziləri işğaldan azad ediləndən sonra! Bu misal Avropa
İttifaqı tərəfindən “Şərq tərəfdaşlığı”
çərçivəsində münaqişələrin həllinə
yanaşmada ikili
standartların utanmadan tətbiq edilməsinin
daha bir sübutudur”. Akademik
yazır ki, Ukraynada baş verən hadisələr postsovet
ölkələrini Aİ ilə münasibətləri dərinləşdirmək
cəhdlərində daha ehtiyatlı olmağa sövq etdi: “Başqa sözlə
desək, Ukraynanın zorla və qan bahasına Qərb qütbünə
bağlanması nəticəsində baş
vermiş Kiyev faciəsi
həmin ölkələri Avropa yolundan daha da
uzaqlaşdırdı”.
Palitra.-2015.-30 oktyabr.-S.4.