“Bəzi qurumların qarayaxma cəhdləri Azərbaycan cəmiyyətini aldada bilməz”

 

Azərbaycanda seçki prosesinin hansı səviyyədə olması, dövlətimizə qarşı bəzi dövlətlərin təzyiq xarakterli addımları barədə “Seçki-2015.az” saytının suallarını filologiya elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Buludxan Xəlilovla cavablandırıb.

 

- Azərbaycanda builki seçki prosesinin əvvəlkilərdən fərqi nədir?

- Müstəqillik bərpa edildikdən sonra ölkəmizdə dəfələrlə seçkilər keçirilib. Buna görə də cəmiyyətimiz kifayət qədər seçki haqqında maarifli, məlumatlı cəmiyyətdir. Bir müqayisə aparsaq görərik ki, hər dəfə seçkilərdə xalqın, cəmiyyətin seçki barədə məlumatları təkmilləşir, namizədlər də bu sahədə daha maariflənmiş addımlar atır. Mən Azərbaycandakı saytları, qəzetləri diqqətlə izləyirəm. Görürəm ki, seçkiyə gedən namizədlərin bir qismi kifayət qədər təbliğat-təşviqat işləri aparır. Namizədliklərini irəli sürdükləri dairələrdə insanlarla ünsiyyətə girir və seçildikləri təqdirdə görəcəkləri işlərin mahiyyətini anlatmağa çalışırlar. Sonra həmin namizədlər müxtəlif informasiya vasitələri ilə işlərini cəmiyyətə yaymağa çalışırlar.

- Bəs görünən işlərin qarşılığında Azərbaycana nə üçün təzyiqlər edilir ?

- Müxtəlif beynəlxalq təşkilatların, institutların, qurumların hər dəfə Azərbaycandakı seçkilərə cürbəcür yanaşmaları olur, hələ seçki keçirilməmiş artıq zənnə qapılır, fikir yürüdürlər. Bununla onlar Azərbaycan cəmiyyətini çaşdırmağa çalışırlar. Bu hal bir ziyalı olaraq məni narahat edir və düşünürəm ki, bunun səbəbi nədir? Biz görürük ki, bunu məqsədyönlü şəkildə həyata keçirirlər. Çünki, onlar əlbəttə, Azərbaycanda gedən iqtisadi, siyasi, mədəni inkişaf proseslərini qəbul etmək istəmirlər və maraq dairələrinə uyğun mənfi rəylər yaratmağa çalışırlar. Gah müxtəlif təzyiqlər etməyə çalışır, gah da dinləmələr keçirirlər. Bura, məsələn, ABŞ-dakı dinləmələri də daxil etmək olar. Azərbaycanı sevməyən dairələr toplaşır bizim iştirakımız olmadan qərar verirlər. Ölkəmizin ünvanına xoşagəlməz fikirlər bildirməyə çalışırlar. Guya bunlar şəffaflığın tərəfdarıdırlar. Əslində isə belə deyil. Bu qurumlar öz maraqlarını, şəxsi ambisiyalarını həyata keçirmək üçün belə rəylər yaratmağa çalışırlar. Bu işdə onların köməyinə informasiya sistemlərinin geniş inkişafı çatır. Amma onlar bir şeyi nəzərə almırlar. Azərbaycan cəmiyyəti kifayət qədər maarifli, savadlı cəmiyyətdir, kifayət qədər çaşqınlığa meyilli cəmiyyət deyildir. Cəmiyyətimiz o sınaqlardan, imtahanlardan çıxıb. Heç kəsi çaşdırmaq mümkün deyil.

- Seçki mühiti və bütövlükdə proses cəmiyyətimizi qane edirmi?

- Namizədlər gözəl anlayırlar ki, seçki prosesində təbliğat, seçiciləri inandırmaq, seçki təbliğatı aparmaq vacib şərtdir. Bir şeyə diqqət edin. Yadınızdadırsa, 10 il bundan öncə namizədlər seçki təbliğatı zamanı qaz, yol, su çəkməkdən danışırdılar. Lakin, indi gəlin görək belə nüanslar nə qədər mövcuddur? Namizədlər anlayırlar ki, belə vəziyyətdə onlar özlərini seçicilərə güldürə bilərlər. Belə addımlarla seçiciləri aldatmaq mümkün deyil. İndi namizədlər öz gələcək platformalarında xeyli mütərəqqi fikirlərlə çıxış edirlər. Seçiciləri maraqlandıran konkret problemlər üzərində işləməyə üstünlük verəcəklərini bildirirlər. Seçicilər hər namizədin arxasınca getmirlər. Onun maddi imkanlarından daha çox, intellekt imkanları nəzərə alınır. Bu, həm də cəmiyyətimizdə seçicilərin mədəni səviyyəsinin, dünyagörüşünün yüksək olmasından xəbər verir. Bunun özü cəmiyyətimizin seçkiyə münasibətini ortaya qoyur. Hesab edirəm ki, ayrı-ayrı beynəlxalq qurumların təzyiqi də Azərbaycan cəmiyyətini aldada bilməyəcək. Cəmiyyətimiz ağı-qaradan seçə bilir. Cəmiyyət sevdiyi, seçdiyi namizədinə gedib səs verməlidir. Dövlətimiz buna hər cür şərait yaratmışdır. Xalq seçkiyə getsin və sadəcə namizədini seçsin.

 

Palitra.-2015.-30 oktyabr.-S.9