Krasnoyarskda birləşə bilmişik

 

Səadət Qarayeva: “Krasnoyarskda bizim bütün fəaliyyətimiz yerli əhalinin marağı üzərində inkişaf edir

 

Azərbaycan diasporunun xanım üzvlərinin fəaliyyəti təqdirəlayiqdir. Onlar da hansı ölkədə yaşamalarından asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyə çalışırlar. Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva ilə müsahibəmizdə bunun bir daha şahidi olduq. Qeyd edək ki, Səadət Qarayeva 2006-cı ildən ailəsi ilə Krasnoyarsk şəhərində yaşayır. O, ixtisasca hüquqşünas olsa da, diaspor işində daha fəaldır.

 

-Diaspor fəalı olmaq üçün insana əsas nə lazımdır?

- Diasporun əsas vəzifəsi Vətəni təmənnasız sevmək və bu Vətənin milli-mənəvi dəyərlərini qoruyub saxlamaq üçün fəaliyyət göstərməkdir. Əlbəttə ki, qabiliyyət bu hisləri tamamlayır. Elə insan var ki, bütün tədbirlərə gəlir, daxilində Vətənə çox bağlıdır, lakin bu, yalnız hislərində də qalır. Məsələn, bu il 24 aprel uydurma erməni soyqırımı günü, yerli erməni diasporu bir neçə tədbir hazırlamışdı. Bu tədbirlərdən biriöz kilsələri önündə mitinq keçirmək idi. Bu mitinq keçirilən zaman yoldan ötən azərbaycanlılar bizə zəng edirdilər, tədbiri telefonlarına çəkib göndərirdilər. Bilinirdi ki, bizimkilər mənən əzab çəkirlər, bu haqsızlığa baxa bilmirlər. Lakin onlardan heç biri hər hansı rəsmi quruma müraciət etmədi. Əlbəttə ki, bizim yerli cəmiyyət tərəfindən diyar, şəhər İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər olunmuşdu. Həmçinin biz ermənilərin bir neçə genişmiqyaslı tədbirlərinin qarşısını almışdıq.

-Yəqin ki, diaspor fəaliyyətini ermənilərlə rəqabət halında aparırsız...

- Əvvəl bəli, indi çoxdandır onları geridə qoymuşuq. Rəqabət həmişə inkişafa, hərəkətə adamı sövq edir. Elə məhz mənim Krasnoyarskda yeni yaşamağa başladığım anlarda bu rəqabət hissi olub ki, yoldaşımın yanında diasporumuzun mədəni işləri ilə məşğul olmağa başlamışam. Amma indi artıq başa düşürəm ki, bizim mədəniyyətimizi qorumaq üçün rəqabət aparacağımız millətlər çoxdur. Sadəcə, bizim azərbaycanlılığımıza xas olan aşırı tolerantlıq hissi bizim gözümüzü çox şeyə yumur.

Hal-hazırda bizim Azərbaycan diasporu elə bir yüksək mərhələdədir ki, artıq bu səviyyəni qoruyub saxlamaq bizim üçün çox asan deyil. Çünki, artıq hamı bizim iştirak etdiyimiz hər hansı bir sahədə- elmi, mədəni, idman, bilirlər ki, biz yalnız qalibiyyət uğrunda çalışırıq və çox zaman da nail oluruq.

-Yaşadığınız ərazidə diaspor həmrəyliyi hansı səviyyədədir?

-Bir az müqayisəli götürsək, dünyada fəaliyyət göstərən bir çox Azərbaycan diasporundan daha həmrəyik. Qonşu bölgələrdən eşidəndə ki, bir şəhərdə 5-6 ayrı-ayrı cəmiyyət formalaşıb, çox məyus oluram. Çünki tək əldən səs çıxmaz. Məhz bizim Krasnoyarsk diyarında fəaliyyət göstərən Azərbaycan diasporunun uğurlu fəaliyyətinin səbəbi burada yaşayan soydaşlarımızın marağı, istəyinin bir olmasıdır. Məsələn, həmvətənlərimiz arasında baş vermiş hər hansı bir məsələni, istər toy məclisi, yaxud rəhmətə gədən olsun, təcili hami yığışır və yardım üçün tədbirlər görür.

-Öz fəaliyyətinizlə soydaşlarımızı bir araya toplaya bilirsinizmi?

- Şəxsən mən 2006-cı ildən Krasnoyarskda yaşadığım müddətdə gənclərlə bağlı mədəni mövzularla məşğul olmağa başladım. Bu dövrdə əminliklə deyə bilərəm ki, Rusiyanın bir çox şəhərlərində, Krasnoyarsk diyarının bütün şəhərlərində, Krasnoyarsk şəhərinin özündə keçirilən bütün millətlərarası tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edirik. Bu fəaliyyətimizlə bağlı çoxlu uğurlarımız da var. 2013-cü ildə Çita şəhərində MDB ölkələri arasında konfrans təşkil olunmuşdu. Burada iştirak etmək üçün hər bölgənin mədəniyyət nazirliklərindən nümayəndələr dəvət olunmuşdu. Bu konfransda onlar öz bölgələrində rəsmi hakimiyyətin millətlərarası siyasi-mədəni sahədə əldə etdikləri uğurlardan danışmalı idilər. Krasnoyarsk Mədəniyyət Nazirliyindən mənə zəng edib bu konfransda bizim diasporun tərkibində fəaliyyət göstərən Azərbaycan xalq mahnı və rəqs ansamblı "Odlar yurdu"nu dəvət etdilər.

-Yerli əhalinin sizə və fəaliyyətinizə münasibəti necədir?

- Elə bizim bütün fəaliyyətimiz yerli əhalinin marağı üzərində inkişaf edir. Hər il 28 mayda biz Respublika Gününü geniş qeyd edirik. Və bizim 700 nəfərlik konsert zalında yerli və digər millətlər olur. Hər ilçox yüksək rütbəli fəxri qonaqlar da bizi təbrik etməyə gəlirlər. Ansamblımız 2012-ci ildə “Godenko” rəqs yarışmasında çıxış etdikdən sonra, səhnə arxasına bizdən böyük nəslin nümayəndələri gəldilər və haradan gəldiyimizi soruşdular. İnanmazsınız, gözləri yaşlı bir qadın söylədi ki, sanki rəqslərimizlə biz onu SSSR dövründəki cavanlığına apardıq. Bizim ünvanımıza çox xoş sözlər dedi. Belə anlar çox rastımıza gəlib. Bir maraqlı və duyğulu hadisə də yadıma düşdü. Bir tədbir zamanı milli geyimli nümayəndələrimiz mənə yaxınlaşıb bir yaşlı qadının bizi axtardığını dedilər. O qadına yaxınlaşanda, əlində Müslüm Maqomayevin şəklini gördüm. Şəkilin üzərində Müslüm Maqomayevin doğum və vəfat etdiyi tarixlər yazılmışdı. Qadın dahi sənətkarın pərəstişkarı olduğunu söylədi. Və xəstə olduğunu, ona ən əziz olan bu şəkili dəyərini bilən birinə vermək istədiyini söyləyib, mənə verdi. Hamımız çox təsirlənmişdik.

-Azərbaycanın təbliği işini lazımi səviyyədə qura bilirsizmi?

-Məncə, maddi, mənəvi gücümüz yetdiyi qədər edirik. Məsələn, biz diaspor nümayəndələri, nəinki Rusiyada, artıq dəfələrlə xarici ölkələrə dəvət alaraq dövlət səviyyəli tədbirlərdə Azərbaycanı təmsil etmişik. Son səfərimiz 2015-ci ilin yanvar ayında Tailand Krallığına olmuşdu. Tailandın üç bölgəsində 5 böyük universitetdə Azərbaycan mədəniyyət günləri keçirmişik. Milli musiqi alətlərimizdən olan balaban, zurna, nağarada ifalar nümayiş etmişik. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından (AMOR) bizə göndərilən ingilis dilində Azərbaycan mədəniyyəti haqqında kitab və diskləri universitetlərin kitabxanalarına hədiyyə etmişik.

Əlbəttə ki, bütün bizim səfərlərimiz Krasnoyarsk Azərbaycan diasporunun maliyyəsi əsasında baş tutur. Hər uğurlu səfərimizdən sonra biz digər ölkələrdən də təkliflər alırıq. Əlbəttə ki, maddi səbəbdən bütün təklifləri qəbul edə bilmirik.

Amma hazırda bizim diasporun tərkibində fəaliyyət göstərən "Neftçi" futbol klubu var, hansı ki, şəhər cədvəlində 4-5-ci yeri tutur. Bununla yanaşı, “Şən və hazırcavablar” klubumuz fəaliyyət göstərir ki, "Strana Oqney" adında bir neçə liqanın çempionu olublar.

Bazar günü məktəbimiz fəaliyyət göstərir. Kim istəyirsə təmənnasız Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrənə bilir.

Əlbəttə ki, 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan xalq rəqs və musiqi ansamblı "Odlar yurdu" diasporumuzun vizit kartıdır. Rəsmi fəxri ada layiq görülən bu ansambl 3 yaşından 25 yaşına kimi bir çox millətlərin övladlarını özündə cəmləşdirib. Bizim ansamblda rus, tatar, Ukrayna, moldavan, inquş və digər millətlərin nümayəndələri də rəqs edirlər. Yalnız və yalnız Azərbaycan folklor rəqslərini ifa edirik.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-5 sentyabr.-S.6.