“Xaricdə təhsil alan
gənclərimiz Azərbaycanımızı irəliyə aparacaqlar”
Tural Şahbazlı: “Azərbaycanda dövlət gənclər siyasəti sağlam və intellektual nəslin formalaşmasına xidmət edir”
Müsahibimiz Tural Şahbazlı istər təhsili, istərsə də çoxşaxəli ictimai fəaliyyəti ilə fərqlənən gənclərimizdəndir. O, hazırda Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə 4-cü kurs tələbəsidir. Bununla yanaşı, Azərbaycanın Ankaradakı Səfirliyinin Təhsil Müşavirliyinin tələbə təmsilçisi olaraq da fəaliyyət göstərir. Tural Şahbazlı, eyni zamanda Kahramanmaraş-Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədridir. Həmçinin Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyi (ZAUM) və Azərbaycan İnsan Kapitalı İnkişaf Mərkəzinin (İNDEX) Kahramanmaraş üzrə təmsilçisidir. Qeyd edək ki, Tural Şahbazlı 1993-cü ildə Masallı şəhərində anadan olub. 2011-ci ildə Bakı şəhər Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 saylı tam orta məktəbi bitirib.
-Azərbaycanın
Ankaradakı səfirliyinin Təhsil müşavirliyinin
tələbə təmsilçisi olaraq tələbələrin
qayğısına necə qalırsız?
-Bəli, 1-ci kursdan Ankara səfirliyimiz ilə sıx əlaqə qurmağa çalışdıq. Və sağ olsun, təhsil müşavirimiz dos.dr. Nəcibə Nəsibova bizi 2013-cü ildən etibarən Ankaradakı səfirliyimizin Təhsil Müşavirliyinin tələbə təmsilçisi olaraq vəzifələndirdi. Tələbə təmsilçisi olaraq tələbələrimizlə səfirliyimiz arasında bir əlaqəçi olmağa çalışırıq, tələbələrimizə ilkin qeydiyyat zamanı və daha yarana biləcək problemlər haqqında məlumat veririk. O problemlərin həlli istiqamətində işlər aparırıq.
- Kahramanmaraş Sütçü İmam Universitetindəki tələbələrimizin həmrəyliyi hansı səviyyədədir?
-Ailəmiz geniş bir ailədir. Bəzən müəyyən problemlər yaşasaq da, bacardığımız qədər həmrəy olmağa və birlikdə hərəkət etməyə çalışırıq.
-
Kahramanmaraş-Azərbaycan Mədəniyyət və Həmrəylik
Birliyi nə vaxt
yaradılıb və fəaliyyət istiqamətləri nədən
ibarətdir?
-Kahramanmaraş-Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi 2012-ci ilin 31 dekabrından etibarən qurulan bir təşkilatdır. Və quruluş tariximizin 31 dekabr olması isə təbii ki, təsadüfi deyil. Təşkilatımız Kahramanmaraşda yaşayan Azərbaycan türkləri arasında maddi və mənəvi köməkləşməyi təmin etmək, Azərbaycan türklərinin mədəniyyətini, folklorunu, ənənəvi və tarixi xarakteri ilə tanıtmaq və yaymaq məqsədi ilə qurulub. 2012-ci ildən etibarən Kahramanmaraşda Azərbaycanımızı, Azərbaycanda Kahramanmaraşımızı təmsil etməyə çalışırıq.
- Kahramanmaraşda
KİV-lə əlaqələriniz hansı formadadır?
-Kahramanmaraşda mətbuat nümayəndələri ilə çox geniş miqyasda və sıx əlaqələrimiz var. Sağ olsunlar, hər bir tədbirimizdə iştirak edirlər və lazım gəldikdə yazılı və ya görüntülü olaraq bizlərə media dəstəyi verirlər. Buradan fürsətdən istifadə edərək hamısına təşəkkürümü bildirirəm.
- Siz,
eyni zamanda ZAUM-un və İNDEX-in Kahramanmaraş təmsilçisisiz. Kahramanmaraşda bu təşkilatların
layihələrini keçiribsiz?
-Bəli, 2014-cü ildən etibarən İNDEX-in Kahramanmaraş təmsilçisi, 2015-ci ildən etibarən isə ilk olaraq ZAUM-un Kahramanmaraş təmsilçisi, daha sonra isə Türkiyə Respublikasında səlahiyyətli koordinatoru vəzifələrinə layiq görülmüşəm. İstər İNDEX, istərsə də ZAUM azərbaycançılıq və iki ölkə arasında qardaşlıq ideologiyasının gücləndirilməsi istiqamətində tədbirlər keçirilməsində hər zaman bizlərə dəstək olur. Fürsətdən istifadə edərək Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyi sədri, gənclərin mənəvi anası dos.dr. İradə xanım Əliyeva və Azərbaycan İnsan Kapitalı İnkişaf Mərkəzinin sədri Rəşad Abdullayevə təşəkkür edirəm.
- Xaricdə təhsil
alan gənclərin ölkəmizin
inkişafında nə kimi rolu olacaq?
-Xaricdə təhsil alan gənclərimiz günü-gündən inkişaf edən respublikamızı yaxın gələcəkdə daha da irəliyə aparacaqlar. Bizlər oxuduğumuz şəhərlərdə təhsillə yanaşı, Azərbaycan həqiqətlərini və Azərbaycan mədəniyyətini şəhər əhalisinə, eləcə də o şəhərdəki qonaqlara çatdırırıq.
- Bu
gün dövlətin apardığı gənclər
siyasətini necə qiymətləndirirsiniz?
-Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
- Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması prosesi necə gedir?
-Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması prosesi uğurla gedir. Bu gün gənclərimiz dünyanın qırxdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. “Rusiyanın azərbaycanlı gənclər təşkılatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Çox sevindirici haldır ki, rəhbərlik etdiyim Kahramanmaraş-Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi də bu istiqamətdə fəaldır. Biz inanırıq ki, dövlətimizin inkişafı və tərəqqisi yolunda apardığımız mücadilə uğurlu olacaq.
- Perspektivdə
hansı layihələr gözlənilir?
- Mütəmadi olaraq Kahramanmaraşda 20 Yanvar,
Xocalı, 31 Mart faciələrinin
ildönümlərini, eləcə də Novruz
bayramı, ümummilli liderimiz
Heydər Əliyevin doğum günü, 2 Fevral Gənclər
Gününü qeyd edirik. Və yenə biz tələbələrin səyi nəticəsində
Kahramanmaraş şəhərində
hazırda “Qarabağ Parkı”
salınması və parkda Qarabağ abidəsinin qoyulması, həmçinin
2 ölkə bayraqlarımızın yanaşı
dalğalanması təklifimiz şəhər bələdiyyəsi
tərəfindən təqdirlə qarşılanıb və
işlərə başlanılıb. Həmçinin
Kahramanmaraşda ən böyük
prospektlərdən birinə “Azərbaycan bulvarı” və mərkəz
küçələrdən birinə “Heydər Əliyev
küçəsi” adının verilməsi Kahramanmaraşda
Azərbaycanımıza olan sevginin təcəssümüdür. Şəhərimizdə
Xocalı Muzeyinin açılması üçün isə danışıqlara
başlamışıq.
Fuad Hüseynzadə
Palitra.-2015.08 sentyabr.-S.11.