BANM-in tələbəsi 6-cı qrant müsabiqəsində qalib
gəlib
E.Qasımov:“Bu nitq mədəniyyətinin inkişaf
etdirilməsi üçün çox vacib bir layihədir. BANM-in
yuxarı kursları üçün nitq mədəniyyəti üzrə dərslərin
keçirilməsi planlaşdırılır. Nəinki beynəlxalq
əlaqələr üzrə mütəxəssislər,
tarixçilər, filoloqlar, o cümlədən mühəndislər də
özlərini yüksək səviyyədə ifadə etməyi
bacarmalıdır”.
Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdəki gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan yararlansın.
Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrində təmsil olunmasına şərait yaradıb. Bu gün gənclərimiz təhsilə böyük önəm verir. Hazırda gənclərimiz ölkə daxilində təhsil almaqla kifayətlənməyib, eyni zamanda təhsillərini xarici ölkələrdə davam etdirirlər. Təhsilimiz milli-mənəvi dəyərləri qorumaqla Avropa təhsil məkanına inteqrasiya edir. Təhsilin məzmunu yeniləşir, mütərəqqi texnologiyaların tətbiqi genişlənir, əgər belə demək mümkünsə, ölkəmizdə inkişaf etmiş yeni təhsil modeli formalaşır. Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində 3183 azərbaycanlı gənc təhsil alır. Beləliklə, dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün xaricdə təhsil alan bir çox azərbaycanlı gənclər var ki, onların yüksəkixtisaslı gənc kadr kimi Vətənə dönməsi və burada müvafiq qurumlarda çalışması ölkəmizin həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Eləcə də ölkədə bir sıra gənclər təşkilatları fəaliyyət göstərir ki, onlar da gənclərin öz bilik və bacarıqlarını tətbiq etməyə imkan yaradır. Onlara müxtəlif layihələrdə iştirak etmək imkanı yaradılır. Bunlardan biri kimi gənclərin layihələrinə dəstək verilməsi məsələsi Prezident yanında Gənclər Fondunun daha da çox və sürətlə gənclər arasında fonda müraciət olunmasına səbəb oldu. Fondu digər qurumlardan daha da fərqli edən də məhz bu formada dəstəyidir ki, bu da həm asan formada layihə qalibi olmaq və özünü göstərmək, fərdi şəkildə özünə inamı artırmaq şansı verir. Bu imkanlar gənclərimizin daha çox gələcək həyatlarına sirayət edəcək ki, bu da karyeralarının qurulmasına birbaşa fondun dəstəyi kimi qiymətləndirilməlidir. Gənclərimiz hazırda yerli və beynəlxalq səviyyədə ölkəmizi uğurlu səviyyədə təmsil etməklə yanaşı, öz potensialını artırmaqla, günü-gündən daha da kreativləşir, daha çox milli mənafe uğrunda çalışmağa səy göstərirlər. Bu sahədə dövlət qurumları gənclərə kifayət qədər dəstək verir ki, bu da onların potensialının üzə çıxmasına və yeni-yeni potensiallı gənclərimizin özünü inkişaf etdirməsinə gətirib çıxarır. Ölkə başçısının gənclərə olan diqqət və qayğısının bariz nümunəsi Gənclər Fondunun yaradılması oldu. Fond bu günə qədər 6 qrant müsabiqəsi üzrə gənclərdən və gənclər təşkilatları tərəfindən daxil olan layihə müraciətlərindən 1865-ni maliyyələşdirib.
Belə layihələrdən biri də Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın layihəsidir. Emilya Məmmədova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında “Public Speech” (İctimai danışıq) adlı iki günlük təlim keçirilib. Layihənin təlimçisi BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Zərifə Orucova olub.
Bununla bağlı keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə Prezident yanında Gənclər Fondunun yaradılmasının yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verdiyini deyib. Rektor Elmar Qasımov bildirib ki, BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün öz ideyalarını və təşəbbüslərini irəli sürür, müstəqil şəkildə icra edirlər. Rektor Elmar Qasımov “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın layihəsinin nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün çox vacib bir layihə olduğunu vurğulayıb. Elmar Qasımov BANM-in yuxarı kursları üçün nitq mədəniyyəti üzrə dərslərin keçirilməsinin planlaşdırıldığını bildirdi. Elmar Qasımov nəinki beynəlxalq əlaqələr üzrə mütəxəssislər, tarixçilər, filoloqlar, o cümlədən mühəndislərin də özlərini yüksək səviyyədə ifadə etməyi bacarmalı olduqlarını bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Gənclər Fondunun məqsədi, yaranması və Fonda təqdim olunan layihələrin istiqamətlərindən danışıb. Fərhad Hacıyev bu Fondun gənclərin yaradıcı ideyalarının həyata keçirilməsinə dəstək vermək üçün yaradıldığını bildirib. O, bu prosesin tamamilə şəffaf şəkildə internet vasitəsilə müraciətlərin qəbul olunması ilə həyata keçirildiyini deyib.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Bakı Ali Neft Məktəbinin uzunömürlü olan bir çox universitetləri geridə qoyduğunu bildirib. O, deyib ki, BANM-in yaranması ilə ali təhsil məkanına yeni sağlam rəqabət gəlib və sağlam rəqabət olan yerdə həmişə inkişaf olacaq. Seymur Orucov Bakı Ali Neft Məktəbində tələbələr üçün müxtəlif ictimai və bu cür nitq mədəniyyətinin inkişafı üçün tədbirlərin keçirilməsinin bu Ali Məktəbin üstün cəhəti olduğunu vurğulayıb.
Xatırladaq ki, “Public Speech” (İctimai danışıq) adlı layihənin əsas məqsədi gənclərin ingilis dilində ictimai danışıq bacarıqlarını inkişaf etdirmək, liderlik xüsusiyyətlərini aşılamaq, müxtəlif mövzularda müasir təqdimat üsullarını öyrətmək, ali məktəblərin tələbələrini bir araya gətirərək, onların fəal ictimai fəaliyyətləri ətrafında müzakirələr aparmaqdır. Layihənin 1-ci günündə layihə rəhbəri Emilya Məmmədova və layihə təlimçisı Zərifə Orucova tərəfindən “How to make effective presentations” (Təsirli prezentasiyalar necə edilməlidir) və “Public speech” (İctimai danışıq) mövzularında təqdimatlar keçirilib. Layihənin 2-ci günündə isə iştirakçılar müxtəlif mövzularda öz ilk təqdimatları ilə çıxış ediblər.
Qeyd edək ki, layihə 66 nəfər gəncin iştirakı ilə həyata keçirilib. Sonda iştirakçılara BANM-in rektoru Elmar Qasımovun və layihə rəhbəri Emilya Məmmədovanın imzası ilə sertifikatlar təqdim olunub.
Nigar Abdullayeva
Palitra.-2015.-10 sentyabr.-S.11.